Ya qalib gəlməli, ya da çempiona uduzmalı
Futbol üzrə ölkə kuboku çox maraqlı məcrada davam edəcək. Həlledici mərhələlərə qalmış 4 klubdan 2-si Avrokuboklarda yer almağa real iddiaçılardır. Digər cütdə birinin imkanı sıfıra bərabər həddədir. O birinin isə yolu yalnız kuboku qazanmaqdan keçir.

İdman.com.az saytı xəbər verir ki, ötən mərhələnin oyunlarından məğlub qismində ayrılan klublardan yalnız «İnter»in Avropaya çıxmaqla bağlı probleminin olmadığı görünür. «Qəbələ» isə bundan sonra bütün diqqətini ölkə çempionatına yönəltməli olacaq. «Rəvan»ın daha heç bir şansı qalmadı. Komanda elitadakı yerini qorumaqla məşğul olacaq.

Mərhələnin qarşılaşmalarından ikisi daha gərgin keçdi. «Neftçi», üstünlüyü olsa da, 120 dəqiqə ərzində «Simurq»un qapısına yol tapa bilmədi. Doğrudur, zaqatalalılar da bu fürsətdən layiqincə istifadə edə bilmədilər. Bu isə komandanın gücünün yetərli olmadığını bir daha göstərdi. Qarşılaşmada «ağ-qaralar»ın oyun sarıdan problemlərinin həll edilmədiyi də aydındır.

Yarımfinalda çox maraqlı mübarizə «Bakı» - «Xəzər Lənkəran» görüşündə olacaq. «Xəzər Lənkəran» qarşıdakı mərhələdə kuboka ən yaxşı hazırlıq keçə bilər. Səbəb klubun aşağı altılıqda yer almış klublarla görüşlərdə lazım olan norma xallarını asanlıqla qazanmaq ehtimalıdır.

Lakin «Bakı» da, yuxarı altılıqdakı yeri ilə barışsa, bu mənada rəqibindən də yaxşı hazırlıq keçə bilər. Bunun üçün onun hər bir şansı var. «Bakı» «İnter»lə görüşdə qopardığı heç-heçəni indi zəfər yoluna çevirmək üçün ən yaxşı fürsət əldə edib. Əlbəttə, onun seçimi çox maraqlı olacaq. Çünki bu iki klub üçün tək finala çıxmaq vacib deyil. Həlledici görüşdə baş mükafatı qazanmaq, əlbəttə, çox şərəfli olardı.

Amma bu matçda sığortalı görünmək üçün artıq çempion titulu qazanmış klubla oynamaq «zolaqlılar»ın maraqlarına daha uyğundur. Belə olduqda, istənilən nəticə finalçını Avropa Liqasının iştirakçısı edəcək. «Xəzər Lənkəran»dan fərqli olaraq, «Bakı» hətta strategiyasını buna uyğun qura bilər. Təbii ki, çempionatın final mərhələsi «Bakı»nın buna əməl edib-etməyəcəyini əyani göstərəcək.

BATI YAR

Xəbər 937 dəfə oxundu.