Azərbaycan Prezidenti İlham Əliyev respublika güləş və cüdo federasiyalarının rəhbərliyi, Avropa çempionatlarında medal qazanmış idmançılar və onların məşqçiləri ilə görüşmüşdür
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Milli Olimpiya Komitəsinin binasında respublika güləş və cüdo federasiyalarının rəhbərliyi, Avropa çempionatlarında medal qazanmış idmançılar və onların məşqçiləri ilə görüşmüşdür.
Prezident İlham Əliyev idmançıları təbrik edərək dedi:
- İdmançılarımız həmişə bizi sevindirirlər. Güləş və cüdo federasiyalarının səmərəli fəaliyyəti nəticəsində növbəti yarışlarda böyük qələbə əldə edilibdir. Avropa çempionatlarında qızıl, gümüş və bürünc medallar qazanılmışdır. Bu, böyük nailiyyətdir. Mən bu münasibətlə sizi təbrik edirəm, sizə yeni-yeni uğurlar arzulayıram.
Güləş bizim üçün ənənəvi idman növüdür, milli idman növüdür və çox vacibdir ki, idmançılarımız bu növdə həmişə yüksək pillələrə qalxsınlar. Bu, hər bir idman növündə lazımdır, amma xüsusilə güləşdə. Çox sevinirəm ki, Namiq Abdullayev yenidən öz formasını bərpa edib və böyük nailiyyət əldə edibdir. O cümlədən başqa idmançılar da. Bu gözəl ənənədir və davam edir, yeni nəsil yetişir. Eyni zamanda, təcrübəli idmançılar da öz gücünü göstərirlər.
Cüdo idman növündə də Avropa çempionatında yaxşı nəticələr var. İndi siyahıya baxırdım, yeni adları tanımadım. Mən bütün idmançıları tanıyıram. Dedilər ki, təzə idmançıdır. Çox gözəl.
Sənin neçə yaşın var?
Elnur Məmmədli (cüdo üzrə Avropa çempionu): 17 yaşım var.
İlham Əliyev: Kifayət Qasımova da böyük nəticə əldə edibdir. O, çox təcrübəli idmançıdır. Amma, deyəsən, ilk dəfə medal əldə edibdir. Həm də medal qazanan ilk qadın idmançıdır. Bu da çox yaxşı göstəricidir ki, qızlar da yarışlarda uğurla çıxış edirlər. Mən indi taekvondoçularla görüşdüm. Onlar da bir qızıl medal qazanıblar. Çox yaxşı nəticədir.
Azərbaycanda idman inkişaf edir. İdman ölkəsi kimi Azərbaycan artıq özünü dünyaya təqdim edibdir və bu gözəl ənənələr davam edir. Mən də həmişə olduğu kimi, idmana rəhbərlik edirəm. Baxmayaraq ki, başqa vəzifəm də var, amma bu vəzifə də mənim üçün çox əzizdir. Artıq 10 ilə yaxındır ki, idmançılarla birlikdəyəm. Ona görə hər dəfə yeni uğur olanda, yaxud da yeni cavan idmançı öz gücünü göstərəndə həmişə sevinirəm. Bu, davam etməlidir. Bu gün istədim sizinlə görüşüm, qələbələr münasibətilə sizi təbrik edim və sizə yeni-yeni uğurlar arzulayım.
Azərbaycan Güləş Federasiyasının prezidenti Abbas Abbasov çıxış edərək, ölkəmizin artıq dünyanın idman mərkəzlərindən birinə çevrildiyini söylədi. O dedi:
- Möhtərəm cənab prezident, hörmətli idmançılarımız, məşqçilərimiz!
Hesab edirəm, bu gün hamımız fürsət əldə etmişik ki, cənab Prezidentlə görüşə toplaşmışıq və Azərbaycan idmançılarını belə yüksək səviyyədə təmsil edirik. Cənab Prezident, bunun üçün Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Siz çox düzgün qeyd etdiniz ki, Azərbaycanda yeni-yeni idmançılar, yeni çempionlar yetişir, böyüyür. Bunun hamısının zəmini Sizin idmana olan qayğınızdır. Həqiqətən, Azərbaycanda təkcə idmanın kütləviliyi üçün yox, peşəkar idmanın inkişafı üçün də çox gözəl şərait yaradılmışdır. Azərbaycan artıq beynəlxalq miqyaslı yarışların keçirildiyi ölkəyə çevrilmişdir.
Mən fürsətdən istifadə edərək, Sizə müraciət etmək istəyirəm. İyunun 23-də 6 ölkədə keçirilən “Qızıl qran-pri” yarışının final mərhələsi ilk dəfə Azərbaycanda olacaqdır. Artıq 28 ölkə bu mötəbər yarışda iştirak edəcəyini təsdiqləyibdir. Yarış ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan, 10 min tamaşaçı yeri olan möhtəşəm sarayda keçiriləcəkdir. Hesab edirəm ki, bütün iştirakçı ölkələrin nümayəndələri Azərbaycanda idmana göstərilən qayğının, idmanın necə inkişaf etdiyinin bir daha şahidi olacaqlar.
FİLA-nın prezidenti Rafael Martinetti Azərbaycana, Bakıya gəlir. Demək olar ki, FİLA-nın bütün idarə heyəti Azərbaycanda olacaqdır. Bu da böyük bir beynəlxalq təşkilatın Azərbaycana olan hörmət və etimadıdır. Cənab prezident, bu yarışın final mərhələsinin Azərbaycanda keçirilməsi bizim xalqımıza, ölkəmizə və şəxsən Sizə göstərilən böyük hörmətin daha bir təzahürüdür.
Sonra çıxış edən Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov gələn il Bakıda olimpiya lisenziya turnirinin keçiriləcəyini bildirdi, idmançılarımızın yaxın gələcəkdə də uğurlar qazanacağına ümidvar olduğunu söylədi. O dedi ki, cənab prezident, sonuncu Avropa çempionatında 38 ölkənin nümayəndələri iştirak edirdi. Azərbaycan komanda hesabında Fransa, Almaniya və Rusiyadan sonra 4-cü yerə çıxdı. Sizin dediyiniz kimi, həqiqətən, uzun illərdir bizdə gənc idmançılara, yeniyetmələrə böyük diqqət verilir. Sizə məlumat vermək istəyirəm ki, 1998-ci ildən indiyədək Azərbaycan yığma komandası yeniyetmələrin Avropa çempionatında 4 dəfə birinci yerə layiq görülüb, digər hallarda isə hər il mükafatçı olubdur. Bizim olimpiya ehtiyatımız məhz bu idmançıların hesabına artır.
Siz düzgün qeyd etdiniz ki, bu gün idmanda yeni adlar meydana çıxır. Onlardan 9 idmançımız olimpiya ehtiyat qüvvəsi hesab edilə bilər. Digər idmançıların adlarını Siz bilirsiniz, hamısı respublikada tanınır. Yəni, deyə bilərik ki, Pekin Olimpiya oyunlarına hazırlaşacaq 17 idmançımız var. Onların lisenziya qazanması üçün potensial imkanları vardır. Digər tərəfdən, qarşıdakı bir-iki il ərzində bir neçə idmançımız da yetişəcəkdir. Sizin tapşırığınız əsasında Azərbaycan Cüdo Federasiyası beynəlxalq əlaqələrini genişləndirir. Bu ilin avqustunda Bakıda “A” kateqoriyalı turnir, gələn il lisenziya turniri keçiriləcəkdir.
İlham Əliyev: Olimpiya oyunlarına lisenziya turniri Bakıda keçiriləcək, danışmısınız?
Füzuli Ələkbərov: Bəli, danışmışıq, 10 gün bundan əvvəl təsdiqi gəldi. Biz aprel ayında bu məsələ ilə əlaqədar beynəlxalq federasiyanın rəhbərini Bakıya dəvət etmişdik. Bu məsələ öz həllini tapdı. Bizim idmançılarımız indiyə kimi müxtəlif beynəlxalq yarışlarda himnimizin səslənməsinə, bayrağımızın ucaldılmasına nail olublar. Cənab Prezident, bilirik ki, Sizin arzunuz idmançılarımızın Olimpiya oyunlarında uğurla çıxış etməsidir. İdmançılarımız buna çox böyük məsuliyyətlə yanaşırlar. İnşallah, Pekin Olimpiya oyunlarında nəticələr əldə edəcəyik.
İlham Əliyev: Sağ olun, mən də buna inanıram. Biz həm Sidneydə, həm də Afinada medallara çox yaxın idik. Deyəsən, Sidneydə Rəsul Səlimov 5-ci yer tutmuşdur. Onun 3-cü yer tutmağa şansı var idi. Afinada Mövlud Mirəliyev mükafata çox yaxın idi. Mehman Əzizov da Rusiya idmançısı ilə son görüşdə yarışırdı. Yəni, bir az bəxt gətirmədi. Amma bu dəfə mən də uğura inanıram.
Ancaq görürəm ki, bu dəfə medal qazananlar ancaq cavanlardır. Tanınmış idmançılar iştirak etməyiblər, yoxsa necə?
Ağayar Axundzadə (cüdo üzrə baş məşqçi): Cənab prezident, Elçin İsmayılov iştirak etməmişdir. Gələn ildən yarışlara qoşulacaq, məşqlərini davam etdirir.
İlham Əliyev: O, keçən il 3-cü dəfə çempion olubdur.
Ağayar Axundzadə: Bəli. Mövlud Mirəliyev də cərrahiyyə əməliyyatı keçiribdir.
İlham Əliyev: Hələ yarışır? Yaşı da bir az çoxdur.
Ağayar Axundzadə: Bəli, bir az yaşlıdır. Mehman Əzizovun da şansı var idi. Amma nədənsə, bəxti gətirmədi.
İlham Əliyev: Rəsul Səlimov idmanda çıxışlarını bitiribdir.
Ağayar Axundzadə: İki dəfə cərrahiyyə əməliyyatı keçiribdir. Bu, ona imkan vermir.
İlham Əliyev: Heyif, çox ümidverici idmançı idi.
Görüşün sonunda dövlətimizin başçısı iştirakçılarla xatirə şəkli çəkdirdi.

21 iyun 2006-cı il

Xəbər 977 dəfə oxundu.