Messinin sol ayağı əbədiləşib
Dünyanın ən yaxşı futbolçusu, ispan «Barselona»sının və Argentina yığmasının forvardı Lionel Messi sağlığında əbədiləşməyə layiq görüldü. Doğrudur, hələ ki, onun özü tam deyil, sadəcə işlək ayağı olan sol ayağı bu şərəfə layiq görülüb. Tokionun ən böyük zərgərlik dükanlarından birində Lionelin sol ayağının qızıl surəti satışa çıxarılıb. Natural ölçüdə olan bu ayağın çəkisi 25 kq-dı. Onu, Harajuku Quest Hallda nümayiş etdirirlər. Təqdimat mərasimində futbolçunun böyük qardaşı Rodriqo Messi iştirak edib.

İdman.com.az saytı xəbər verir ki, Messinin bədəninin bu hissəsinin surətinin transferi onun yeni sahibinə heç də ucuz başa gəlməyəcək. Onun dəyəri 5,25 milyon dollardır. Prinsipcə, bu pula Avropa səviyyəli yaxşı bir futbolçu almaq olar. Lakin Messinin sol ayağı yenə də daha dəyərlidir. Məhz bu ayaqla o, «Barselona»nı 3 dəfə qitə klub zirvəsinə qaldırıb, özü isə 4 «Qızıl top» əldə edib və bir təqvim ilinə vurulan qolların sayına görə də Gerd Müllerin rekordunu kölgədə qoyub.

Xəbər 1192 dəfə oxundu.