Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çanqvon Çunu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Prezident sarayında Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çanqvon Çunu qəbul etmişdir.
Respublikamıza ötən səfərindən keçən dövr ərzində ölkəmizdə daha da böyük inkişafın əldə edildiyinin şahidi olduğunu söyləyən qonaq Azərbaycanın idman sahəsində də böyük uğurlar qazandığını bildirdi. Cənab Çanqvon Çu prezident İlham Əliyevin ümumiyyətlə ölkədə idmanın, o cümlədən taekvondonun inkişafına göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə etdi.
Prezident İlham Əliyev Ümumdünya Taekvondo Federasiyasının prezidentinin Azərbaycana səfərinin ölkəmizin idman sahəsində beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd etdi. Azərbaycanda idmanın, o cümlədən taekvondonun inkişafına hər cür kömək göstərildiyini bildirən prezident İlham Əliyev ölkə rəhbərliyinin bundan sonra da bu sahədə səylərini əsirgəməyəcəyini vurğuladı.

4 dekabr 2006-cı il

Xəbər 1029 dəfə oxundu.