Ağası Məmmədov: Məqsədim rinqdə əvvəlki nüfuzumu geri qaytarmaqdır
Son günlər boksçularımız arasında əsas müzakirə mövzusu ilk və hələlik yeganə dünya çempionu Ağası Məmmədovun yenidən rinqə qayıdışıdır. 2004-cü ilin axırlarında avtomobil qəzası nəticəsində boksdan ayrı düşmüş titullu dəri əlcək ustası, qısa fasilələrlə böyük idmana dönməyə cəhd etsə də, bu, hər dəfə uğursuzluqla bitmişdi. Bir müddət fəaliyyətsizlikdən sonra ötən il məşqçiliyə başlamış Ağası, bu yaxınlarda yenidən rinqə qayıtmağa qərar verib. Bu günlərdə Bakı İdman Sarayında keçirilmiş "Böyük ipək yolu" beynəlxalq turnirində olimpiya mükafatçımızla görüşüb, gələcək planları barədə söhbət etdik:
- Ağası, açığı, sənin yenidən rinqə dönüşünü heç kim gözləmirdi.
- Uzun zaman düşünüb-daşınandan sonra axırda belə qərara gəldim ki, rinqə qayıdım. Çünki gücümün tükənmədiyini hiss edirdim. Hazırlığımı əvvəlki kimi şəxsi məşqçim Vaqif Kazımovun rəhbərliyi ilə keçirəm. 3 il milli komandanın şərəfini qorumuşam. İndi də məqsədim yenidən yığmanın üzvü olmaqdır. O dövrlə müqayisədə çəkim artdığı üçün, hazırda 60 kq-da çıxış etməyi planlaşdırıram.
Məşqlər göstərir ki, düzgün qərar vermişəm. Sadəcə, öz üzərimdə daha çox işləməliyəm. Yalnız belədə optimal hazırlıq səviyyəsinə çata bilərəm.
- Yarış təcrübəsizliyini necə aradan qaldıracaqsan? Axı, uzun müddətdir ki, döyüşmürsən.
- Məşqdə ikitərəfli sparrinqlərdə özümü doğrulduram. Buna sevinməyə bilmərəm. Düzü, həmin normativlər məndə əvvəllər formada olduğum vaxtlarda qeydə alınmışdı. Demək, hələ ayaqdayam (gülümsəyür).
Mayda Bakıda seçim turniri keçiriləcək. Yarışda qüvvəmi sınamağı planlaşdırıram. Hədəfim əvvəlki nufuzumu geri qaytarmaqdır. Zənnimcə, hər şey öz əlimdədir.
- Bir müddətdir ki, həm də məşqçiliklə məşğulsan. Bu sahədə nə kimi irəliləyişlərin var?
- Ötən il bu sahədə özümü sınamağa qərar verdim. Fikrimcə, pis alınmadı. Bir müddət milli komandada çalışdım. Bu, kubalı mütəxəssislərin yığmada işlədiyi dövrə düşdü. Hazırda "Neftçi" klubundayam. Hazırladığım boksçular - Emil Əhmədovla (69 kq) Ramin Əliyev (81 kq) "Böyük ipək yolu" beynəlxalq turnirində uğurlu çıxış etdilər. Hərəsi 3 döyüş uddu. Emil dünya 2-cisi, Ramin isə Avropa və dunya çempionuna qalib gəldi. Bunlardan savayı, yarışda mənim taktikamla döyüşərək, qələbə qazananlar da oldu.
- Belə çıxır ki, məşqçiliyini də davam etdirəcəksən.
- Niyə də etməyim? Deyilənə görə, mənim döyüş üslubum çoxlarına bənzəmir. Yaradıcılıq, ağıl döyüş vaxtı çox vacibdir. Boks üslubum mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilib. Demək, taktikamı tələbələrimə öyrədib, öz töhfəmi Azərbaycan boksuna məşqçilikdə də verə bilərəm.

Söhbətləşdi: Kamran HACI

Xəbər 7767 dəfə oxundu.