Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti cənab Çinq-Kuo Vunu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Prezident sarayında Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti cənab Çinq-Kuo Vunu qəbul etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev cənab Çinq-Kuo Vunu Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti seçilməsi münasibətilə təbrik etdi, gələcək fəaliyyətində ona uğurlar arzuladı. Dövlətimizin başçısı respublikamızda idmana böyük diqqət göstərildiyini qeyd edərək, digər idmançılarla yanaşı, boksçularımızın da beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etdiyini vurğuladı. O, Avropa, dünya çempionatlarının və bir sıra nüfuzlu beynəlxalq yarışların ölkəmizdə uğurla keçirildiyini bildirdi.
Cənab Çinq-Kuo Vu Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti seçilməsi münasibətilə Azərbaycan Prezidentinin təbriklərinə görə minnətdarlığını bildirdi. O, ölkəmizdə dövlət tərəfindən idmana, o cümlədən boksun inkişafına göstərilən yüksək diqqətin şahidi olduğunu söylədi və rəhbərlik etdiyi assosiasiyanın Azərbaycanla uğurlu əməkdaşlıq etdiyini vurğuladı.

31 avqust 2007-ci il

Xəbər 1046 dəfə oxundu.