Hokkeyçilərimizin rəqibləri bəllidir
İyulda Fransanın Kabrai şəhərində Avropa çempionatı-2 keçiriləcək. İdman.com.az saytı azhf.az-a istinadən xəbər verir ki, bu yarışda ölkəmizin qadın otüstü hokkeyçilərdən ibarət milli komandası da mübarizə aparacaq. Artıq rəqiblərimiz bəlli olub.

2 ildən bir keçirilən qitə çempionatının ikinci səkkizliyində çıxış edən yığmamız iyulun 21-dən 28-dək “A” qrupunda Ukrayna, Fransa və Litva hokkeyçiləri ilə yenidən yüksək dəstəyə çıxmaq uğrunda yarışacaq. Digər qrupa isə İtaliya, Rusiya, Polşa və Avstriya təmsilçiləri daxildirlər.

Xatırladırıq ki, qitənin 8 ən güclüsü sırasında yarışan milli komandamız 2011-ci ilin avqust ayında koreyalı məşqçilər korpusunun rəhbərliyi ilə Almaniyada keçirilmiş Avropa çempionatında ümumi hesabda VII yeri tutaraq güçlülər dəstəsini tərk etmək məcburiyyətində qaldı.

Hazırda koreyalı məşqçilər və oyunçulardan imtina edən millimiz baş məşqçi Adil Paşayevin rəhbərliyi ilə növbəti qitə çempionatına hazırlaşır. Komandamızın heyətinin əksəriyyətini isə yerli gənc hokkeyçilər təşkil edir. Fevralın 25-dən yığmamız Bakıda təlim-məşq toplanışına başlayıb. Paytaxtımızda martın 19-dək davam edəcək toplantıdan sonra yığmamız ikitərəfli razılığa əsasən Almaniyada yerli hokkeyçilərlə məşqlərdə və yoxlama oyunlarında iştirak etmək üçün həmin ölkəyə gedəcək.

Avropa çempionatında millimiz ilk oyununu iyulun 22-də meydan sahibləri - Fransa hokkeyçiləri ilə keçirəcək. İki gün sonra komandasız Ukrayna hokkeyçiləri ilə qarşılaşacaq. Qrup mərhələsində sonuncu oyunu isə baş məşqçi Adil Paşayevin yetirmələri iyulun 25-də Litva təmsilçilərinə qarşı keçirəcəklər. Bir günlük istirahətdən sonra qitə çempionatının iştirakçıları Pley-off oyunlarında görüşəcəklər. Əvvəlcə meydana qruplarda 4-cü yeri tutanlar, ardınca qrup üçüncüləri qarşılaşacaq. Sonra “A” qrupunun 2-cisi “B” qrupunun qalibi ilə və “A” qrupunda 1-ci nəticə göstərən komanda ilə “B” qrupunun 2-cisi qarşılaşacaqlar.

Çempionatın sonuncu günü - iyulun 28-də A4-B3, A3-B4 görüşləri, ardından bir gün əvvəl “çarpaz” üsulla qarşılaşan cütlərin oyununda məğlub olanlar 3-cü yer uğrunda, qalib gələrək Avropanın ən güclü 8 komandası sırasına vəsiqə qazananlar isə formal xarakter daşıyan baş mükafat uğrunda mübarizə aparacaqlar.

Xəbər 1281 dəfə oxundu.