Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinettini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Prezident sarayında Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinettini qəbul etmişdir.
Dövlətimizin başçısı sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatının ölkəmizdə keçirilməsinin əhəmiyyətinə toxunaraq, bunun Azərbaycanda idmanın inkişafına və bu sahədə beynəlxalq əlaqələrimizin daha da genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev son illər ərzində ölkəmizdə idman infrastrukturunun sürətli inkişafından, onlarca yeni, bütün müasir standartlara cavab verən idman komplekslərinin inşa edilməsindən danışdı.
Rafael Martinetti Azərbaycanda güləş üzrə keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğuladı və Prezident İlham Əliyevə bu tədbirin keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. O, ölkəmizdə idmana göstərilən böyük diqqəti yüksək qiymətləndirdi və Azərbaycanda gənclərin, onların təhsilinin inkişafı istiqamətində görülən böyük işləri maraqla izlədiyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanda güləşin inkişafında və beynəlxalq əlaqələrin genişləndirilməsində xidmətlərinə görə Rafael Martinettiyə “Şöhrət” ordenini təqdim etdi.
Rafael Martinetti bu ali mükafata layiq görülməkdən şərəf hissi keçirdiyini dedi və buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

17 sentyabr 2007-ci il

Xəbər 1081 dəfə oxundu.