Güləşçilərimiz Avropa çempionatına iddialı yollanacaq
Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçirilib. Baş məşqçi Yaqub Məmmədovun rəhbərliyi altında turnirdə iştirak edən qadın güləşi üzrə yığma komandamızın üzvləri 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

İdmançılarımızdan Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (59 kq) və Natalya Palamarçuk (67 kq) keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qızıl medalına sahib olub. Diqqət çəkən məqam Yuliya Ratkeviçin finalda yığmamızın digər üzvü İrina Netrebaya qalib gəlməsidir. Bürünc medalları isə yığmamıza Anna Belyayeva (63 kq) və Səbirə Əliyeva (72 kq) qazandırıb.

19-24 mart 2013-cü il tarixdə Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatına daha yaxşı hazırlıq məqsədilə yığma komandamız martın 14-dək Belarus güləşçiləri ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.

Xatırladaq ki, AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov FİLA-nın nümayəndəsi kimi Aleksandr Medvedin mükafatı uğrunda 43-cü beynəlxalq turnirin təşkilinə və gedişinə nəzarət edib.

Xəbər 883 dəfə oxundu.