Gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Hərbi İdman Şurasının prezidenti ilə görüşüb
Fevralın 27-də gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Hərbi İdman Şurasının (SIZM), həmçinin Kamerun Milli Olimpiya və İdman Komitəsinin prezidenti Hamad Kalkaba Malboumun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Müdafiə Nazirliyinin idarə rəisi polkovnik Natiq Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və MOK-un beynəlxalq əlaqələr departamentinin rəhbəri Könül Nurullayeva da iştirak ediblər.

Qonaqları salamlayan nazir Azad Rəhimov bildirib ki, Bakı son illərdə bir sıra nüfuzlu beynəlxalq tədbirlərin təşkili ilə fərqlənir. Ötən il futbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatı, AIPS İcraiyyə Komitəsinin iclası, həmin təşkilatın “gənc reportyorlar” proqramının və digər beynəlxalq idman tədbirlərinin uğurla təşkil edildiyini bildrən nazir qarşıdakı illərdə də ölkəmizdə bir sıra mühüm yarışların keçiriləcəyini qeyd edib.

Qarşıdakı illərdə paytaxtımızda təşkili nəzərdə tutulan idman tədbirləri, ölkəmizdə inşa olunan idman qurğuları və digər məsələlər barədə danışan nazir bu ilin iyun-iyul aylarında hərbçilərin futbol üzrə birinci dünya çempionatının da Bakıda yüksək səviyyədə təşkil ediləcəyini bildirib.

Hamad Kalkaba Malboum bildirib ki, Azərbaycan gənc ölkə olmasına baxmayaraq, böyük sıçrayışla inkişaf edir. Bildirib ki, yarışlarda 16 ölkənin milli hərbi komandası və 100-ə yaxın nümayəndə iştirak edəcək.

Qonaq bildirib ki, SIZM qarşıdakı illərdə hərbçilərin yay və qış oyunlarının təşkili barədə də düşünür və 2019-cu ildə hərbçilər arasında növbəti yay oyunlarının Azərbaycanda keçirilə biləcəyini bildirib.

Görüşdə Azərbaycanla Beynəlxalq Hərbi İdman Şurası arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və görüşün sonunda Hamad Kalkaba Malboum nazir Azad Rəhimova SIZM-in xatirə medalını və çap məhsullarını təqdim edib.

Xəbər 1347 dəfə oxundu.