Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında “Xəzər-Lənkəran” futbol klubunun üzvlərini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Prezident sarayında “Xəzər-Lənkəran” futbol klubunun üzvlərini qəbul etmişdir.
Prezident İlham Əliyev görüşü açaraq dedi:
- Əziz dostlar!
- Əziz futbolçular, “Xəzər-Lənkəran” klubunun üzvləri!
Bu gün mən sizi “Birlik kuboku”nun qalibləri kimi qəbul edirəm. Bu gözəl qələbə münasibətilə sizi ürəkdən təbrik edirəm.
Hər bir idman növündə qazanılan uğur məni çox sevindirir. Xüsusilə futbolda. Çünki biz hamımız çox istəyirik ki, Azərbaycanda futbol daha da sürətlə inkişaf etsin və futbolçularımız bütün beynəlxalq yarışlarda yaxşı nəticələr göstərə bilsinlər. Əminəm ki, gələcəkdə bu sahə daha da sürətlə inkişaf edəcək və sizin bu kubok yarışında qazandığınız uğur, əlbəttə ki, Azərbaycanda futbolun tərəqqisinə güclü təkan verməlidir.
Çox gərgin mübarizədə, çox güclü rəqiblərlə üzləşərək siz, çox gözəl oyun nümayiş etdirdiniz. Mən final oyununa baxmışam və çox gərgin mübarizədə siz kuboku qazana bilmisiniz və bütün Azərbaycan xalqına sevinc bəxş etmisiniz. Xüsusilə Lənkəran sakinlərinə. O da çox vacibdir ki, “Birlik kuboku”nun qalibi paytaxt komandası deyil, Azərbaycanın gözəl guşəsi olan Lənkəran şəhərini təmsil edən komandanın futbolçularıdır. Bu onu göstərir ki, Azərbaycanın regionlarında da çox sürətlə işlər gedir, bütün sahələr inkişaf edir.
Bu yaxınlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının dördüncü ildönümünü qeyd edərkən bir daha gördük ki, son illər ərzində bölgələrdə nə qədər inkişaf olmuşdur. Mən “Xəzər-Lənkəran” klubunun stadionunun da açılışında iştirak etmişəm, tikinti zamanı da stadionla tanış olmuşam. Yəni idmanla məşğul olmaq üçün Lənkəranda çox gözəl şərait var. Əlbəttə ki, burada əsas rolu sizin sponsorunuz “Palmali” şirkəti oynayıbdır. Öz hesabına gözəl, bütün beynəlxalq standartlara uyğun olan stadion yaratmışdır və futbolçuların məişət problemlərinin həlli ilə də yaxşı məşğul olur. Azərbaycanın idmanı belə inkişaf edəcəkdir. İdmanın bütün sahələrində, bütün növlərdə güclü dövlət siyasəti hiss olunur, Milli Olimpiya Komitəsinin fəaliyyəti bu istiqamətə yönəlibdir. Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, özəl şirkətlər, sponsorlar - biz hamımız bir nöqtəyə vurmalıyıq, elə etməliyik ki, Azərbaycanda bütün idman növləri və o cümlədən ən populyar idman növü olan futbol sürətlə inkişaf etsin.
Siz yaxşı bilirsiniz ki, futbolun inkişafında hələ çox böyük işlər görülməmişdir. Baxmayaraq ki, sizin klubunuz bu yüksək mükafatı alıbdır. Deyə bilərəm və siz də bilirsiniz ki, bu, birinci qələbə deyil və burada mən xüsusilə Ağasəlim müəllimin fəaliyyətini qeyd etmək istəyirəm. İki il bundan əvvəl “Neftçi”nin baş məşqçisi kimi o, komandaya bu kuboku qazandırmışdır. Bu dəfə isə “Xəzər-Lənkəran” klubunun baş məşqçisi kimi eyni uğuru qazanmışdır. Bu onu göstərir ki, Ağasəlim Mircavadov çox peşəkar mütəxəssisdir və onun rəhbərliyi altında bizim klublarımız böyük uğurlar qazana bilirlər.
Sizin fəaliyyətinizə mən böyük qiymət verirəm və sizə yeni uğurlar arzulamaq istəyirəm.
Ancaq o da reallıqdır ki, bizim futbolumuzun inkişafı bu qələbələrlə məhdudlaşmamalıdır. Biz elə etməliyik ki, bütün beynəlxalq yarışlarda, - istər klublararası, istər milli komandalar arasında, - Azərbaycan futbolçuları daha da yüksək yerləri tuta bilsinlər, daha da məzmunlu oyun nümayiş etdirə bilsinlər. Həm Azərbaycanın futbol azarkeşlərini sevindirsinlər, həm də ki, Azərbaycanın futbol şöhrətini daha yüksək səviyyəyə qaldıra bilsinlər.
Futbol elə idman növüdür ki, bütün dünya kütləvi informasiya vasitələri buna böyük diqqət ayırır. Avropada, Asiyada, başqa qitələrdə keçirilən istər çempionatlar, istərsə də klublararası yarışlar həmişə bütün dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Televiziyada verilişlərdə gedən məlumat ölkələr üçün də vacibdir, çünki ölkənin beynəlxalq nüfuzuna təsir göstərir. Mən çox istəyirəm ki, yaxın gələcəkdə Azərbaycanın futbol klubları, həm də milli komanda daha yüksək nailiyyətlərə nail olsunlar, reytinqdə öz yerini artıra bilsinlər və yaxşı, gözəl futbol nümayiş etdirsinlər. Buna nail olmaq üçün indi Azərbaycanda çox geniş proqram hazırlanıbdır. Futbol klubları möhkəmləndirilir, futbol sahəsində islahatlar başlanmışdır, dövlət qayğısı artırılır, sponsorluq məsələləri öz həllini tapır. Biz elə etməliyik ki, Azərbaycanda bir neçə futbol klubu böyük potensiala malik olsun. Əgər bir, yaxud da ki, iki futbol komandası yaxşı oyun nümayiş etdirirsə və qalanları onlardan çox böyük dərəcədə fərqlənirlərsə, bu, həm milli çempionata o qədər də böyük maraq doğurmaz, həm də ki, bu güclü klublar da güclülərlə yarışmalıdır. Ona görə Azərbaycanda bir neçə klub Avropa səviyyəsində olmalıdır. Həm struktur baxımından, həm maliyyə məsələlərinin həlli baxımından, həm də peşəkarlıq baxımından. Biz bu sahədə ən qabaqcıl təcrübəni götürməli və tətbiq etməliyik. Əlbəttə ki, burada əsas vəzifə klubların rəhbərliyinin və sahiblərinin üzərinə düşür. Eyni zamanda, Azərbaycan dövləti də əlindən gələni edəcək ki, öz dəstəyini göstərsin.
Yəqin siz də bilirsiniz ki, indi Azərbaycanda yeni böyük olimpiya stadionunun tikintisi məsələsi müzakirə olunur. Hətta deyə bilərəm ki, ilkin layihə də mənə təqdim edilmişdir. Memarlıq baxımından da çox gözəl stadion olacaqdır. Uşaq, yeniyetmə futbolunda çox böyük yeniliklər olacaqdır. Bütün bölgələrdə stadionlar tikiləcəkdir. Necə ki, indi bütün bölgələrdə olimpiya idman kompleksləri tikilir - 13 rayonda tikilibdir, 23 rayonda indi tikilməkdədir. O cümlədən Lənkəranda hələ 2003-cü ildə olimpiya kompleksi tikilmişdir. Cənub bölgəsində bu yaxınlarda Masallıda da çox gözəl kompleks tikilmişdir və bütün başqa rayonlarda da olacaqdır. Eyni qaydada, futbol stadionları da tikilməlidir. Həm yarışların keçirilməsi üçün, həm də məşqlər, təlim-məşq toplanışlarının keçirilməsi üçün belə imkanlar olmalıdır. Mən bilirəm ki, “Xəzər-Lənkəran” klubunda bu məsələlərə böyük diqqət göstərilir.
Yarışdan sonra mən sizinlə daha tez görüşmək istəyirdim. Amma eşitdim ki, siz Antalyaya getmisiniz, orada məşq etmiş, həm də dincəlmisiniz. Yəni bu da artıq səviyyəni göstərir. İndi dünyanın aparıcı klubları öz təlim-məşq toplanışlarını müxtəlif yerlərdə keçirirlər. Vaxt gələcək və belə təlim-məşq toplanışlarının keçirilməsi üçün başqa ölkələrdən, xaricdən Azərbaycana komandalar gələcəkdir. Hər bir imkan var - gözəl şərait, infrastruktur, iqlim. Sadəcə olaraq, gözəl idman bazası yaradılmalıdır.
Bir daha demək istəyirəm ki, qələbəniz sizin üçün çox əzizdir və sizin tərcümeyi-halınızda bu qələbənin çox böyük yeri var və olacaqdır. Əminəm ki, siz ömür boyu bu qələbə ilə fəxr edəcəksiniz. Çünki bu böyük beynəlxalq yarışda siz öz gücünüzü göstərmisiniz. Bu yarış təxminən əvvəllər Sovet İttifaqı zamanı keçirilmiş SSRİ çempionatlarına, yaxud da ki, kubok yarışlarına bənzəyir. O vaxt Azərbaycan ancaq 1966-cı ildə bürünc medala nail ola bilmişdir. O qələbə, - yəni ki, o da qələbə sayılır, - indiyədək futbol azarkeşlərinin yadındadır. Amma müstəqil Azərbaycanı təmsil edən komandalar iki dəfə kuboku əldə ediblər, qazanıblar. Ona görə bu, həm sizin üçün çox vacibdir, həm də bütün Azərbaycan futbolunun inkişafı üçün, gənc nəslin yetişməsi üçün. Mən ümid edirəm ki, bu qələbədən sonra uşaqların idman bölmələrinə axını daha da güclənəcəkdir. Həm də bütövlükdə Azərbaycanda gözəl, güclü, müasir futbol infrastrukturunun yaradılması üçün çox gözəl bir təkandır.
Mən bu gözəl qələbə münasibətilə sizi bir daha təbrik etmək istəyirəm. Siz Azərbaycanın Dövlət Bayrağını qaldırmısınız, qalib gəlmisiniz, hamımızı sevindirmisiniz. Bundan sonra sizə yeni uğurlar arzulamaq istəyirəm. Əminəm ki, siz bundan sonra da Azərbaycan azarkeşlərini sevindirəcəksiniz. Bu fürsətdən istifadə edib, kamera qarşısında bütün Lənkəran sakinlərini bu gözəl qələbə münasibətilə təbrik etmək istəyirəm. Mən bilirəm və əlbəttə, siz də bilirsiniz ki, Lənkəranda sizi necə dəstəkləyirlər, alqışlayırlar. Hətta Bakıda keçirilən klub oyunlarına sizi dəstəkləmək üçün Lənkərandan minlərlə insanlar gəlir. Bu, məni çox sevindirir. Mən çox sevinirəm ki, məhz bölgədən olan komanda həm Azərbaycan çempionatında yüksək nəticələr göstərir, həm də beynəlxalq müstəvidə böyük qələbə qazanır. Bəlkə də Lənkəranı tanımayan, adını eşitməyən insanlar artıq bilirlər ki, Azərbaycanın belə bir şəhəri var və o şəhərin komandası MDB-dən və Baltikyanı ölkələrdən olan bütün başqa komandalardan daha güclüdür.
Sizə yeni uğurlar, cansağlığı və yeni-yeni qələbələr arzulayıram.
“Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov dövlətimizin başçısına təşəkkür edərək dedi:
- Cənab prezident, hər şeydən öncə, vaxt ayırıb bizi qəbul etdiyinizə görə “Xəzər-Lənkəran” komandası adından dərin minnətdarlığımızı bildirmək istəyirik. “Xəzər-Lənkəran”ın Sankt-Peterburqda “Birlik kuboku”nu qazanıb Azərbaycana gətirməsinin ən böyük səbəbkarı Sizsiniz və Azərbaycan xalqıdır. Bu qələbə, sadəcə, “Xəzər-Lənkəran”ın deyil, Sizin və Azərbaycan xalqının qələbəsidir. Biz belə düşünürük.
Möhtərəm cənab prezident, son illərdə Azərbaycanda Sizin rəhbərliyiniz altında iqtisadi, siyasi, mədəni sahədə olduğu kimi, idmanda da nə qədər inkişafın olduğunu artıq hər kəs görür. Yəni, bu, hər şeydən öncə, Sizin və ancaq Sizin zəfərinizdir. “Xəzər-Lənkəran” klubu olaraq biz bu qələbə ilə kifayətlənmir, bunun davamını gətirməyə söz veririk. Sizə builki seçkilərdə uğurlar diləyirik. İnşallah, seçkilərdən sonra Sizin başçılığınız altında bu uğurun daha da yüksək olacağına inanırıq. Siz dediyiniz kimi, Azərbaycanın bayrağını daha yüksəklərə qaldıracağıq, rəhbərliyiniz dövründə daha uğurlu nəticələr əldə ediləcəyinə inanırıq.
Cənab prezident, bizi qəbul etdiyinizə və “Xəzər-Lənkəran” komandasını yüksək qiymətləndirdiyinizə görə Sizə bir daha minnətdarıq.
Sonra çıxış edən “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov dedi:
- Hörmətli cənab prezident, Azərbaycanı təmsil edən hər bir komanda, hər bir oyunçu və yaxud hər bir şəxs ancaq bayrağımızı və bizim prezidentimizi düşünməlidir. Biz çox şadıq ki, bu qələbəni qazandıq. Mən haşiyə çıxaraq Sizə demək istəyirəm ki, final oyununda stadionda bizim azarkeşlərimiz çox idi. Klub rəhbərliyi onları “Xəzər-Lənkəran” klubunun bütün atributları ilə təmin etmişdi. FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko stadiona daxil olanda inanmadılar ki, onlar həqiqətən Sankt-Peterburqdadırlar, yoxsa Azərbaycanın hansısa şəhərində. Yəni bütün stadion ağ rəngdə idi. Bizim oyunçuların köynəyi ağ rəngdə idi. Final oyunu qurtardıqdan sonra Mişel Platini bir söz dedi: “Mən çox şadam ki, kubok Asiyaya yox, Avropaya gəldi”. Bildiyiniz kimi, “Paxtakor” (Daşkənd) Asiya klubudur. Biz həddindən artıq çox sevindik ki, Azərbaycan Avropanı təmsil edir və orada Azərbaycanın bayrağı dalğalandı.
Mən deyərdim ki, Azərbaycanda futbol inqilabı 1997-ci ildən, Siz Milli Olimpiya Komitəsinin prezidenti seçildiyiniz ildən başlayıbdır. O vaxtdan idmana, əsasən də, futbola daha çox diqqət göstərilibdir. Mən o vaxt orada olmuşam və indiyədək Sizin bir sözünüz yadımdadır. Dediniz ki, indi nə məşqçilərdən, nə də idmançılardan uğur gözləmək lazım deyil. Əvvəlcə onlar üçün şərait yaratmalıyıq, sonra isə uğur tələb etməliyik. Doğrudan da, bizim idmançılarımız sonuncu olimpiadada qızıl medal qazandılar, olimpiya çempionu oldular.
Biz qələbədən sonra Lənkərana getdik, camaatın bizi necə qarşıladığının şahidi olduq. Onların bizi belə qarşılaması çox sevindiricidir. Cənab prezident, bizimlə bərabər, hamımızı, bütün Azərbaycan xalqını sevindirir. Ona görə mən öz adımdan, klubum adından, futbolçuların adından Sizə bir daha minnətdarlığımı bildirirəm ki, Siz vaxt tapıb bizi qəbul etmisiniz. İnşallah, çalışacağıq və bu bizim borcumuzdur ki, Avropada da yaxşı çıxış edək, Azərbaycanın adını qaldıraq.
Cənab prezident, bizim kiçik hədiyyələrimiz var, icazə verin, Sizə təqdim edək. (“Xəzər-Lənkəran” komandasının baş məşqçisi Ağasəlim Mircavadov dövlətimizin başçısına xatirə hədiyyələri təqdim etdi).
İlham Əliyev: Vətənə dönəndə sizi qarşılayırdılar, mən bunu bilirəm. Amma növbəti qələbə ilə qayıdanda yəqin ki, siz birbaşa Lənkərana uçacaqsınız. Çünki bilirsiniz, mənim təşəbbüsümlə indi Lənkəranda beynəlxalq aeroport tikilir. Lənkəranda vaxtilə, Sovet İttifaqı zamanı aeroport olmuşdur. Sonra o, faktik olaraq dağılmışdı. Mən səfərlərimin birində Lənkəranda olarkən gedib o əraziyə baxdım. Orada aeroportdan əsər-əlamət də qalmamışdı. Qərar qəbul etdim ki, biz Lənkəranda nəinki aeroportu bərpa edək, hətta beynəlxalq aeroport tikək. Elə aeroport ki, dünyanın istənilən yerindən oraya birbaşa uçuşlar təşkil edə bilsinlər, ən ağır yük təyyarələri də enə bilsin. Bu işlər gedir. Bu il aeroportun açılışı gözlənilir. Həm cənub bölgəsi üçün, həm də bütövlükdə Azərbaycanda müasir infrastrukturun yaradılması işində böyük hadisə olacaqdır. İndi Bakı, Naxçıvan, Gəncə beynəlxalq aeroportları var və Lənkəran beynəlxalq aeroportu da olacaqdır. Ona görə növbəti qələbə ilə qayıdanda siz artıq birbaşa Lənkərana uçacaqsınız.
Qeyd etdiniz ki, dünya və Avropa futbol federasiyalarının rəhbərləri o yarışda sizin oyununuzu seyr etmişlər. Mən bunu bilirəm. Bir neçə ay bundan əvvəl FİFA və UEFA-nın prezidentləri Blatter və Platini Azərbaycanda olmuşlar. Bu, onların Azərbaycana ikinci səfəri idi. O vaxt mən Bakıda deyildim, Naxçıvanda səfərdə idim. Onlar mənimlə görüşmək üçün Naxçıvana gəldilər və biz orada görüşdük.
Bilirsiniz ki, həm cənab Blatter, həm də cənab Platini Azərbaycanın dostlarıdır və onların bizə dəstəyini nəzərə alaraq, mən hər ikisini “Şöhrət” ordeni ilə təltif etmişdim. Bu dəfə cənab Blatterə “Prezidentin Fəxri diplomu” təqdim edilmişdir. Onlar da Azərbaycanda futbolun inkişafına çox böyük nikbinliklə baxırlar. Çox şadam ki, onlar artıq Azərbaycanda futbolun inkişafını öz gözləri ilə görmüşlər, o yarışı seyr etmişlər.
Onu da qeyd etmək istəyirəm ki, vurulan dörd qolun hamısı gözəl idi. Siz hamıdan yaxşı bilirsiniz ki, qol qoldan fərqlənir. Sizin vurduğunuz qollar çox gözəl, peşəkarlıq səviyyəsini göstərən qollar idi. O qollar ən qabaqcıl komandanın oyununu belə gözəlləşdirə bilərdi. Artıq bu, peşəkarlıq deməkdir, səviyyə deməkdir. Yenə də deyirəm ki, bu qələbə bizim hamımızda böyük ümidlər yaradır və Azərbaycanın başqa klubları üçün də bir nümunə olmalıdır. Başqa klublar da çalışmalıdır ki, Azərbaycanda birinciliyi əldə etsinlər, ondan sonra beynəlxalq yarışlara çıxsınlar və orada Azərbaycanın idman şöhrətini sizin kimi qaldırsınlar.
Mən sizi bir daha ürəkdən təbrik edirəm və sizə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.
* * *
Görüşdən sonra “Xəzər-Lənkəran” futbol klubunun üzvləri prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

15 fevral 2008-ci il

Xəbər 1344 dəfə oxundu.