Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinosu qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Prezident sarayında Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinosu qəbul etmişdir.
Antonio Espinos dövlətimizin başçısı ilə Milli Olimpiya Komitəsinin prezidenti kimi görüşünü məmnunluqla xatırladı. O, ilk dəfə 2003-cü ildə ölkəmizə səfər etdiyini və ötən dövr ərzində bütün sahələrdə, o cümlədən idman sahəsində də böyük nailiyyətlər əldə edildiyini vurğuladı.
Dövlətimizin başçısı ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini, digər idman sahələrinə olduğu kimi, gənc nəslin karateyə də çox böyük maraq göstərdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycan idmanının beynəlxalq aləmdə layiqincə təmsil olunduğunu və idmançılarımızın böyük uğurlar qazandığını söylədi. Dövlətimizin başçısı Ümumdünya Karate Federasiyası ilə ölkəmizin müvafiq idman strukturu arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Sonra Antonio Espinos ölkəmizdə idmanın inkişafındakı yüksək xidmətlərinə görə Ümumdünya Karate Federasiyasının fəxri 9-cu Dan dərəcəli diplomunu Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.

20 mart 2008-ci il

Xəbər 1493 dəfə oxundu.