“Alexandria Open”da 10 medal
Azərbaycanın böyüklərdən ibarət milli komandası 2013-cü ilin ilk yarış gününü 10 medalla başa vurub. İdman.com.az saytının məlumatına görə, Misir Ərəb Respublikasının İskəndəriyyə şəhərində V “Alexandria Open” beynəlxalq turnirinin birinci günü 6 çəki dərəcəsində mübarizəyə qatılan taekvondoçularımız 4 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olublar.

İdmançılarımızdan Samir Cavadlı (58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Son adı çəkilən təmsilçimiz finalda London Olimpiadasının ermənistanlı iştirakçısını məğlub edib.

Gümüş medallar Hüseyn Mehrəliyevə (68 kq), Surə Fərəcliyə (49 kq) və Günay Ağakişiyevaya (57 kq) nəsib olub. 68 kq çəki dərəcəsinin finalçıları Azərbaycan idmançıları olublar. Bürünc mükafatları isə Vüsal Məmmədov (58 kq), Ramin Abdullayev (80 kq) və Türkanə Tahirli (49 kq) əldə ediblər.

Ümumdünya Taekvondo Federasiyasının (WTF) G1 kateqoriyasından olan bu ənənvi yarışın mükafatçıları beynəlxalq reytinq xallarını da artırııblar.

Bu gün 54, 63, 74, 87 kq çəki dərəcələrində kişilərin yarışı, 46,53 və 62 kq çəkilərdə isə qadın idmançılarımızın çıxışları olacaq. 31 taekvondoçudan ibarət komandamız müxtəlif çəkilərdə bir neçə idmançı ilə mübarizə aparır. Milli komandamız Bakıya fevralın 28-də qayıdacaq.

Xəbər 1112 dəfə oxundu.