FİFA yeni texnologiyalar astanasında
FİFA 2014-cü il Dünya Kubokunda qolun müəyyən edilməsinin yeni avtomatik sistemini tətbiq etməyi planlaşdırır. Bu texnologiyaları tətbiq edənlərdən ikisi FİFA lisenziyasını alıb. Lakin tenderə bütün layihələr çıxarıla bilər. Bu il aprelində FİFA son seçimini edəcək.

Lisenziya almış layihələr isə "GoalRef" və "Hawk-Eye" layihələridir.
Britaniya şirkətinin tərtib etdiyi «Hawk-Eye» («Qırğı-gözlü») ən çox təbliğ olunanlardan sayılır. Layihə müəllifləri onu geniş auditoriyaya təqdim edə bilib. Onun müsbət cəhətlərini tennis, voleybol, kriket və s. bu kimi yarışlarda iştirak edənlər və bu oyunları izləyənlər hiss ediblər. Məşhur bilyard növlərindən sayılan snukeri sevənlər də artıq yarışı idmançıların gözü ilə izləyə bilirlər. Doktor Pol Houkinzin 1999-cu ildə ixtira etdiyi bu yenilikdə trianqulyasiya metodundan istifadə olunur. «Qırğı gözlü» görünməyən nöqtələrdən, trayektoriyanı cızmaqla onlara bu şansı yaradır və hesablama aparmağa da kömək edir. Çəkiliş perimetr boyunca yerləşdirilmiş ən azı 6 yüksəksürətli kamera ilə aparılır. Sistemlə 3,6 mm xəta mümkündür. Onun ən zəif cəhəti dəyərinin baha olmasıdır. Texniki zəifliyi isə kompüter sisteminin iş qabiliyyətliliyidir. Bu çəkilişin dəqiqliyi üçün topun ən azı 25 faizi görüntüyə düşməlidir. Onun ən üstün cəhəti isə yüksək effektli təsiridir. 3D görüntü imkanları azarkeşdə, tamaşaçıda yüksək təəssürat hissi oyadır.

Futbolda «Houk-Ay» belə işləyəcək: qapı yaxınlığında bir neçə kamera quraşdırılacaq. Onlar topun qapı xəttini keçib-keçmədiyini izləyəcək. Qol qeydə alınarsa, bir an içində bu barədə referiyə siqnal ötürüləcək.
«GoalRef» sistemini bir Danimarka şirkəti işləyib və Almaniyanın Fraunhofer cəmiyyətinin İnteqral Sxemlər İnstitutu inkişaf etdirib. Onun mahiyyəti belədir: qapı ağzında yan dirəklərə və qapı xətti boyunca qoyulan çiplər vasitəsilə maqnit sahəsi yaradılır, topa isə xüsusi ötürücülər yerləşdirilir. Top qapı xəttini keçən kimi, hakim bu siqnalları qəbul edəcək. Bu sistemin tezliklə həndbol yarışlarında peyda olması mümkündür.

İnstitut «RedFİR 3D-görüntü» sistemini də tətbiq edir. Bununla topun və futbolçuların meydan boyunca hərəkətini izləyir və toplanılan məlumat məşqçilər korpusu üçün faydalı olur.

Hər iki sistem İsveçrə Federal Materialşünaslıq Və Texnologiyalar Laboratoriyasında uğurla sınaqdan çıxarılıb. Çox güman ki, qolun təyin edilməsi ilə bağlı texnoloji yeniliklərdən hər hansısa tezliklə tətbiq olunacaq. Onların yarışlar zamanı sistemin yoxlanması və funksionallığına müstəqil şirkətlərdən biri cavabdehlik daşıyacaq.

Bu sistemlər ilk dəfə ötən ilin dekabrında keçirilmiş dünya klub çempionatında tətbiq olundu. «GoalRef» "Yokohama", «Hawk-Eye» isə "Toyota" stadionlarında qoyulmuşdu. Lakin bu texnologiyaların köməyinə ehtiyac duyulmadı.

Blatter hakimlərin bu sistemlərə tez uyğunlaşdığını deyir və texnologiyaların tətbiqindən futbolun xeyir görəcəyinə əmindir.
Bu təkliflərin yayılması ilə 1966-cı il Dünya Kubokunun finalında hakimimiz Tofiq Bəhramovun qərarı ilə Ceffri Hörstün vurduğu qol gündəmə gəlib.

Ümumən hazırda 12 layihənin irəli sürüldüyü bildirilir. Onlardan uğura ümidliləri arasında ikisi daha çox qeyd olunur.

Biri «Cairos GLT»dir («Karios Teknolocis», Almaniya): onun əsasını topun içərisinə yerləşdirilmiş maqnit sahəsi təşkil edir. Çox nazik kabellər isə qapı xətti boyunca yerləşdirilir. Bu sistemin ilk variantı 2005-ci ildə sınanıb və yararlı hesab edilməyib. Digəri «Goalminder»dir (iki həvəskar ingilis ixtiraçısının layihəsidir): qapı dirəklərinə 2000 fbs tezliyi ilə kadr götürən videokameralar quraşdırılır və videotəkrar sistemi ilə hakim vəziyyəti özü izləmək imkanı əldə edir.

BATI YAR

Xəbər 1117 dəfə oxundu.