Avrokubok hesabı və son şansa qalanlar
Milli futbol çempionatında cəmi bir turdan sonra Premyer liqa təmsilçiləri iki qrupa bölünəcəklər. Ötən həftə çempionluq yürüşündə iştirak edənlər sırasına daha bir komanda – «Qəbələ» də qoşuldu. Son vəsiqə uğrunda 3 rəqib qiyabi mübarizə aparacaq. Maraqlıdır ki, çempionatın birinci mərhələsinin həlledici turu ərəfəsində ölkə kuboku uğrunda yarış da hesablarda pay almağa başlayacaq. Cəmi bir tur və 1/4 finalın ev-səfər matçları əsas iddialar və müxtəlif variantlar üzərində təxminlərdən söz açmağa imkan verəcək.

Ötən tur ən prinsipial görüş Qəbələdə keçirildi. Yerli eyniadlı komanda «Xəzər Lənkəran»la qarşılaşmada bu dövr üçün vacib 3 xalı əldə etdi. Bununla, ev sahibləri «Bakı»nın da şans yolunu açdılar.

Qarşılaşmada elə ilk dəqiqə və qapıya ilk zərbə həlledici oldu. Fasilədən sonra yenə öz imkanlarından faydalanmağa və komanda oyununa xidmət göstərməyə başlamış Kamanan gözlənilmədən baş zərbəsi ilə hesabı açdı və bununla oyunun kəskin axarına şərait yaratdı. Artıq aydın idi ki, qonaqlar kəskin rəqabətə meyilli olmalıdırlar. Lakin qoldan sonra sevincinin erkən olduğunu anlayan qəbələlilər ipi əldən vermədlər. Bu ən doğru seçim olduğundan, lənkəranlılar meydanda özlərinə yer tapa bilmədilər. Qonaqların qarşılaşmanın bu axarına hazır olmaması açıq-aydın hiss olunurdu. Bu da hazırlığın yetərsizliyinin daha bir göstəricisi kimi qəbul edilə bilər. Bu vəziyyət lənkəranlıları stresə yaxın bir oyuna sürüklədi. Nəticədə, yaranmış gərginlik daha çox ev sahiblərinin xeyrinə oldu. İkinci hissənin sonlarına doğru məğlubiyyətin acı hissi ilə lənkəranlıların düşdüyü vəziyyət isə yekun nəticədə əksini tapdı.

Bu nəticə daha çox səfərdə qiymətli xal qoparan «Bakı»nın karına gəldi. Çünki «Simurq» kimi prinsipial rəqiblə görüşdə əldə olunan bu bir xal «zolaqlılar»ı həlledici tur ərəfəsində daha üstün vəziyyətə saldı. Çünki hazırda xallar bərabər olduğundan və yekun nəticədə də belə olarsa, paytaxt klubu 6-cı yerdə qərar tutacaq. Qeyd edək ki, bu halda hesablar şəxsi görüşlərə görə aparılır və bu mənada «Bakı»nın qələbə və heç-heçə (2:0 və 1:1) üstünlüyü var.

İddialıların xal itkiləri son tur ərəfəsində AzAL-ı da ümidləndirib. Yəqin, indi onlar fasilədən sonrakı iki matçı ciddi qəbul etmədiklərinə peşmandırlar. Bunun səbəbi, bəlkə də, lazım olan hesablamaların aparılıb, futbolçuların psixoloji cəhətdən «son döyüş» prinsipi ilə hazırlanmamasıdır. Lakin, cüzi də olsa, hələ də bir imkan və bir fürsət var.

İndi yekun turun hesablamalarını aparmaq bir o qədər də çətin deyil. 6-cı yerə iddialılar, əlbəttə ki, yalnız qələbə barədə düşünməlidirlər. Lakin bu halda yalnız «Bakı» şanslı olacaq. «Bakı»nın xal itkisi digər iki rəqibə yol açacaq və bu halda, qalib gələrsə, lənkəranlılar sevinəcəklər.
Ümumiyyətlə, bu klublardan hansının daha layiqli olduğunu düşünsək, hər üçünün də mövsümü eyni təbirlə qeyri-sabit keçirməsi üzündən, konkret üstünlükdən söz açmaq olmur. Lakin istənilən halda bu gün ilk altılıqda yer almasa, digər rəqiblərdən daha sabit olmuş «təyyarəçilər» özlərini günahlandırmalı olacaqlar. Çünki itirilən xalların bir çoxunu onlar öz səhvlərinə görə veriblər.

İki qrup sərhəddində olanlardan çox söz açsaq da, digər məsələləri də unutmaq olmaz. Artıq indidən aydındır ki, sonuncu pillədə yer alan «Kəpəz», ötənilki kimi, qeyri-adi hadisə baş verməsə, elitanı tərk edəcək. Pley-off matçına isə digər rəqiblərin hər biri namizəddir və rəqabət daha ciddi olacaq.
Əslinə qalsa, bu komandalardan da heç birinin Premyer liqanı tərk etməməsi mümkün və real görünür. Buna görə rəqabət bir yandan kölgəyə də düşür.

Həlledici mərhələdə əsas diqqət çempionluq yürüşü və Avrokuboklara yönələcək. Bu mənada ilk rəyi vermək üçün, yəqin ki, final raund ərəfəsində yarımfinal cütlərinin də bilinməsi yerinə düşəcək. Hələliksə onu qeyd edək ki, son turda AzAL-ın daha bir çətinliklə üzləşməsinin səbəbi «Qəbələ» ilə görüşməsidir. Ona görə ki, qafqazlılar qələbə təqdirində, Avrokubok yolçusuna da çevrilə bilərlər. Əks təqdirdə, onların çempionluq qrupundakı rəqabəti, daha çox, şansa bağlı olacaq.
Yeri gəlmişkən, çempionluq yürüşündə rəqabətin həddən artıq gərgin olacağı indidən məlumdur. Ötən tur «Neftçi» heç də özünə bənzəməyən «İnter»i mat etdi. «Bankçılar»ın bu qədər ehtiyatlı oynamasının səbəbi sirr olaraq qaldı. Hərçənd ilk dəqiqələr açıq futbola yaxın bir mənzərəyə şahid olacağımızı göstərirdi. Lakin ilk dəqiqələrdə «Neftçi»nin fəallığı bir qədər təhlükəli görünsə də, «İnter» təzyiqi artırıb, rəqib meydanında pressinq tətbiq etməklə vəziyyəti dəyişməyə meyilli idi. Ancaq, «Neftçi» həmin gün meydanın mərkəzində daha üstün görünür, rəqib isə itkilərə çox yol verirdi. Eyni zamanda, ön xətdən də arxaya dəstək və hərəkətlilik olmadı.

Bunun nəticəsində hesabı açan «Neftçi», finişə doğru daha istəkli görünməyə başladı. Əslində, «ağ-qaralar»ın başqa yolu da yox idi. Çünki bu mərhələdə rəqibi xal fərqi ilə önə buraxmaq olmazdı. Yekunda «Neftçi» özü liderliyi ələ aldı. Üstəlik, fürsət də əldə edib. Axı, son turda «neftçilər»in ən prinsipial rəqibləri - «Qarabağ»la «İnter» üz-üzə gələcəklər. «Neftçi» istənilən itkidən yararlanmaq üçün Tovuz klubunu məğlub etməlidir.
Son turdan «Simurq» da maksimum yararlanmalıdır ki, Avrokubok uğrunda mübarizədə səngiməsin, həm də arxadan gələn rəqibləri özünə çox da yaxın buraxmasın.

BATI YAR, «İdman» qəzeti

Xəbər 1078 dəfə oxundu.