Həzi Aslanovun xatirəsinə cüdo üzrə 36-cı beynəlxalq turnirinin açılışı olub

Fevralın 23-də Şağan Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə 36-cı beynəlxalq Bakı turnirinin açılışı olub.
Azərbaycanın dövlət himni səsləndirilib və iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilib.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Müdafiə Nazirliyinin tərbiyə işləri idarəsinin rəis müavini, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani və məşhur sərkərdənin nəvəsi Elçin Aslanov idmançılara uğurlar arzulayıblar. Onlar ölkəmizdə idmanın, o cümlədən cüdonun inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Vurğulanıb ki, son illər müntəzəm olaraq beynəlxalq turnirlərin keçirilməsi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb. İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir və beynəlxalq idman qurumları dünya və Avropa birinciliklərinin, mötəbər yarışların keçirilməsini Azərbaycana həvalə edirlər.
Tədbir konsert proqramı ilə davam etmişdir. Sonra müxtəlif çəki dərəcələrində cüdoçular tatami üzərinə çıxıblar.
Yarışda 5 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan və Gürcüstandan 450-dək cüdoçu birincilik uğrunda mübarizə aparır.
Turnirin əsas məqsədi xalqımızın qəhrəman övladlarından olan general-mayor Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi, cüdo idman növünün geniş təbliğ olunması, yeniyetmə idmançıların ustalığının artırılması, qonşu ölkələrin idmançıları ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsidir.
Fevralın 24-dək davam edəcək yarış Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

AzərTAc

Xəbər 4591 dəfə oxundu.