“8 km stadionu” rəsmən adını “Bakcell Arena”ya dəyişdi
AFFA tərəfindən Bakının Nizami rayonu ərazisində tikilən “8 km stadionu” “Bakcell Arena” adlanacaq.
Bu məqsədlə fevralın 22-də “Bakcell” şirkətinin ofisində müqavilə imzalanmışdır. Müqaviləni şirkətin baş icraçı direktoru Riçard Şirer və AFFA-nın baş katibi Elxan Məmmədov imzalamışlar.
Ümumi ərazisi 22 min 500 kvadratmetr olan stadionun tikintisinə 2010-cu ilin mayında başlanmış və beynəlxalq standartlara cavab verən stadion qısa müddətdə istifadəyə verilmişdir.
Fevralın 23-də “Bakcell Arena”nın adını əks etdirən lövhənin açılış mərasimi keçirilmişdir.
Mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Bakcell”in baş icraçı direktoru Riçard Şirer iştirak etmişlər.
R.Abdullayev çıxış edərək bu stadionun müasir tələblərə cavab verdiyini qeyd etmişdir. Bildirmişdir ki, ötən il futbol üzrə FIFA U-17 qadınlararası dünya çempionatının bir neçə oyunu bu stadionda keçirilmişdir. “Bakcell Arena” uğurlu infrastruktur layihələrindən biridir. Artıq yerli şirkətlər futbol sahəsinə maraq göstərir. Bu stadionun adı üçün AFFA tender elan etmiş və tenderin qalibi “Bakcell” şirkəti olmuşdur. Bu əməkdaşlıq hər iki tərəf üçün səmərəli olacaq və gələcəkdə başqa şirkətlər də futbol sahəsinə sərmayə yatırmağa çalışacaqdır.
“Bakcell” şirkətinin baş icraçı direktoru AFFA ilə əməkdaşlıqdan məmnun olduqlarını qeyd etmişdir. Vurğulamışdır ki, AFFA ilə əməkdaşlıq etməkdən məmnunuq. Biz bunun bəhrəsini ötən il gördük. Çünki Azərbaycanda keçirilmiş mundialda AFFA-nın partnyorlarından biri də biz idik. Bu stadionda ölkə çempionatının oyunları da təşkil olunur. Hazırda “Neftçi” Azərbaycanın ən güclü klublarından biridir. Məhz bu komanda bizim şirkətin adını daşıyan stadionda ev oyunlarını keçirir.
Çıxışlardan sonra Rövnəq Abdullayev və Riçard Şirer “Bakcell Arena”nın adını əks etdirən lövhənin üzərindən ağ parçanı götürmüşlər.
Sonda AFFA-nın prezidenti və “Bakcell” şirkətinin baş icraçı direktoru jurnalistlərin suallarını cavablandırmışlar.

AzərTAc

Xəbər 1841 dəfə oxundu.