Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraçı Komitəsinin nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Avropa Ədalətli Oyunlar Hərəkatının İcraçı Komitəsinin nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkəmizin regiondakı rolu və idmanın inkişafı barədə qonaqlara məlumat verərək bildirdi ki, Azərbaycanda Milli Olimpiya Hərəkatı uğurla davam edir. Bunun sayəsində Azərbaycan idmançıları Olimpiya oyunlarında və digər beynəlxalq idman yarışlarında yüksək nəticələr əldə edirlər.
Ölkəmizdə idmanın inkişafı üçün yaradılan infrastruktur barədə danışan prezident İlham Əliyev dedi ki, indi Azərbaycanın hər yerində beynəlxalq standartlara cavab verən idman qurğuları tikilib və dünyada hökm sürən böhrana baxmayaraq bu proses bu gün də davam etdirilir.
Dövlətimizin başçısı qeyd etdi ki, 2016-cı il Olimpiya oyunlarının Bakıda keçirilməsi barədə müraciətimiz müsbət həll olunmasa da bu, bizi ruhdan salmır. Çünki, bu, bizim ilk cəhdimiz idi. Təcrübə göstərir ki, dünyanın heç bir ölkəsi ilk cəhddən buna nail ola bilməmişdir.
İdmanın Azərbaycanın ictimai həyatının mühüm amilinə çevrildiyini diqqətə çatdıran prezident İlham Əliyev bu sahədə beynəlxalq qurumlarla əlaqələrə mühüm əhəmiyyət verildiyini söylədi. Dövlətimizin başçısı bu baxımdan Avropa Ədalətli Oyunlar Hərəkatının İcraçı Komitəsinin nümayəndə heyətinin ölkəmizə səfərinin də əməkdaşlığı genişləndirmək baxımından faydalı olacağını dedi.
Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Karlos Qonsalves nümayəndə heyətinin üzvlərini Azərbaycan Prezidentinə təqdim etdi. Qonaq 1974-cü ildən qeyri-hökumət idman təşkilatı kimi İsveçrədə yaranan və 40 idman ailəsini özündə birləşdirən Avropa Ədalətli Oyunlar Hərəkatı İcraçı Komitəsi adından dövlətimizin başçısına səmimi qəbula görə təşəkkür etdi.
Azərbaycan Milli Olimpiya Komitəsinin yarandığı vaxtdan bəri keçdiyi inkişaf yolundan və qazandığı uğurlardan xəbərdar olduqlarını söyləyən Karlos Qonsalves, Azərbaycanın Avropanın Ədalətli Oyunlar Hərəkatına verdiyi dəstəyi və onun fəaliyyətində yaxından iştirakını nəzərə alaraq Avropanın Ədalətli Oyunlar Hərəkatının İcraçı Komitəsinin ötən ilin mayında Nikosiya şəhərindəki iclasında qurumun 15-ci konqresinin bu ilin oktyabrında Bakıda keçiriləcəyinə dair yekdilliklə qərar qəbul edildiyini bildirdi.
Əsas mövzusunun ədalətli oyunların mədəniyyətlərarası dialoqda rolundan ibarət olacaq konqresdə Avropanın 30-a yaxın milli ədalətli oyunlar təşkilatının mütəxəssisləri iştirak edəcəklər.
Son illərdə Azərbaycanın idmanda qazandığı böyük nailiyyətlərdən danışan Karlos Qonsalves prezident İlham Əliyevin bu sahədə xidmətlərindən xəbərdar olduqlarını söyləyərək dedi:
- Zati-aliləri, idman fəaliyyətlərinizdə və gündəlik həyatınızda olimpiya tərbiyəsinin, ədalətli oyunlar dəyərlərinin və prinsiplərinin vacibliyinə yönələn bütün təşəbbüslərə verdiyiniz hərtərəfli dəstəyi də bilirik. Buna görə də Olimpiya Ədalətli Oyunlar Hərəkatının İcraçı Komitəsi Sizin təşkilatın tarixində ilk dəfə olaraq Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı ilə təltif edilməyinizə dair qərar qəbul etmişdir. Bu, ümumi məqsədlərimizə nail olmaq üçün verdiyiniz böyük töhfələrə görə bizim Sizə dərin minnətdarlığımızın ifadəsidir.
Səmimi qəbula görə Sizə bir daha minnətdarlığımızı bildiririk. Zati-aliləri, icazə verin Avropa ədalətli oyunlar ictimaiyyəti adından Azərbaycan xalqına ən xoş arzularımızı, sülh və əmin-amanlıq diləklərimizi çatdırım. Zati-aliləri, bir daha təşəkkür edirəm.
Sonra Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti Ərdoğan Arpinar çıxış etdi:
- Möhtərəm prezident, Azərbaycan xalqının yüzdə yüz çoxluğu ilə Sizi təkrar bu ali vəzifəyə gətirdiyi üçün təbrik edirik. Türkiyə buna görə çox məmnundur. Şərəfli vəzifənizə layiq olduğunuzu hər bir işdə göstərdiniz.
Xatırlayırsınızsa, Azərbaycan Milli Olimpiya Komitəsinin 15-ci ildönümü tədbirində mən də iştirak edirdim. Orada Xəzər və Çingiz müəllimlə birlikdə bizə deyildi ki, toplantını keçirin və söz verildi. Bu toplantı ona görə həyata keçirilir. Göründüyü kimi, Azərbaycan Prezidenti nə söz verirsə, o sözün üstündə durur.
Ərdoğan Arpinar Azərbaycanın idman ictimaiyyətinin də qurumun fəaliyyətinə verdiyi dəstəkdən razılığını bildirdi və Bakıdan başlanan bu estafetin digər ölkələrə də örnək olacağını söylədi.
Sonra Karlos Qonsalves və Ərdoğan Arpinar Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanını dövlətimizin başçısına təqdim etdilər.
Prezident İlham Əliyev yüksək mükafata görə təşəkkürünü bildirərək dedi ki, bu mükafatı Azərbaycanda həyata keçirilən bütün işlərə dəstəyin əlaməti hesab edir. Dövlətimizin başçısı dedi:
- Bizim Azərbaycanda idmanın inkişafına münasibətimiz çox genişdir. Bu, təkcə beynəlxalq standartlara cavab verən yeni idman qurğularının yaradılması ilə deyil, həmçinin idmanın və Olimpiya hərəkatının Azərbaycanda geniş vüsət alması ilə ölçülür. Bu, idmançılara, idman veteranlarına olan böyük dəstəyin və hörmətin, ölkədə gənc nəsil arasında idmanın inkişaf etdirilməsinə yönələn səylərin əlamətidir. Təbii ki, bir istiqamətdə əldə olunan nailiyyət digər istiqamətdə öz töhfəsini verir. Gənc idmançılarımız Olimpiya oyunlarının qalibi olanda biz dərhal uşaqlar arasında idmana marağın artmasının şahidi olduq. İdmançılar cəmiyyətimizdə çox hörmətli şəxslərə çevriləndə bu, gənc nəsli öz bacarıqlarını sınamağa sövq edir. İndi bizim çox müasir idman infrastrukturumuz var və idmanda bacarıqları sınamaq üçün hamıya yaxşı şərait yaradılmışdır.
Dövlətimizin başçısı Avropa Ədalətli Oyunlar Hərəkatının idman etik normalarının bərqərar olunmasında və bütövlükdə dünyada Olimpiya Hərəkatındakı rolunu yüksək qiymətləndirdi və qurumun fəaliyyətinin Olimpiya ideyalarına, yəni dostluğa, əməkdaşlığa, bütün müxtəlif etnik və dini mənsubiyyətli insanlar arasında ünsiyyətə əsaslandığını vurğuladı.
Prezident İlham Əliyev idmanın təkcə nəticə, qələbə və ya uğurdan ibarət olmadığını, onun həm də sülhün bərqərar olunmasında, təhlükəsizliyin təmin edilməsində, mədəniyyətlər və dinlər arasında dialoqun yaradılmasında çox mühüm bir vasitə olduğunu dedi.
Azərbaycan Prezidenti ölkəmizdə bütün beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırdı və oktyabrda Avropa Ədalətli Oyunlar Hərəkatının konqresinin də Bakıda uğurla keçəcəyinə əminliyini bildirdi.
Qurumun gördüyü işlərə dəstəyini əsirgəməyəcəyini söyləyən dövlətimizin başçısı, Azərbaycanın Cənubi Qafqazda və Mərkəzi Asiyada təkcə coğrafi mövqeyi və iqtisadi potensialı ilə deyil, həm də idman sahəsində nailiyyətləri ilə fərqləndiyini vurğuladı.
Prezident İlham Əliyev dövlət başçısı olmaqla yanaşı, Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyini də söylədi və bildirdi ki, ölkə həyatının bütün sahələri kimi, idmanın inkişafına da qayğı daim diqqətdədir.
Dövlətimizin başçısı Avropa Ədalətli Oyunlar Hərəkatının nümayəndələrinə uğurlar arzuladı.
Görüşdən sonra xatirə şəkli çəkdirildi.

15 may 2009-cu il

Xəbər 1592 dəfə oxundu.