Emin Əliyev: “futbol üçün darıxmışam”
Məşq prosesində zədələnməklə, uzun müddətə sıradan çıxmış “Kəpəz”in futbolçusu hazırda özünü yaxşı hiss edir. Gənc futbolçu vəziyyəti ilə bağlı klubun rəsmi saytına danışıb.

“Bildiyiniz kimi, topuq oynağımda iki yerdən sınıq və bağımda qopma vardı. Sağ ayağıma gips qoyulmuşdu. Ötən həftə həkimlər gipsi açdılar. Zədəm yavaş-yavaş yaxşılığa doğru gedir. Sınıq hissələrdə elə bir problem qalmayıb. Amma əzələlərim tam bərpa olmadığından hərdən yüngül ağrılar olur. Həftənin sonuna kimi məşqlərə başlamalıyam”, deyə Əliyev bildirib.

Hazırda müalicəsini davam etdirən yarımmüdafiəçi futbol oynamaq üçün darıxdığını bildirib. Əliyev komanda yoldaşlarına meydanda kömək etmək istədiyini vurğulayıb: “Zədə hər bir futbolçunun, idmançının üz-üzə qalacağı problemdi. Bundan sığortalanmaq mümkün deyil. Şükürlər olsun ki, hər şey geridə qalıb. İndi əsas istəyim tezliklə meydana qayıtmaqdır. Məşq edib, gücümü bərpa etməliyəm. Forma yığdıqdan sonra oynaya biləcəyəm. Futbol üçün darıxmışam. Oynamaq, komandama yardımçı olmaq istəyirəm”.

Xəbər 936 dəfə oxundu.