Xüsusi olimpiyaçılarımız mükafatlandırıldılar
Fevralın 16-da Koreya Respublikasının Pyeonq Chanq şəhərində keçirilmiş Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında döşəmə üzərində xokkey yığmamızın əldə etdiyi nəticələr müzakirə olundu. İclası giriş sözü ilə açan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev xüsusi olimpiyaçıların yarışlarda iştirakı barədə məlumat verdi. Ş.Əliyev xokkeyçilərimizin oyunların II divizionunda mübarizə apardığını və yarışlarda qənaətbəxş nəticələr qazandığını bildirdi: «Komandamız oyunların II divizionunda iştirak edirdi. İtaliya yığması 0:1, Qibraltar idmançıları 1:7 hesabla yığmamıza uduzdu, İsveç komandası isə idmançılarımızla heç-heçə oynadı. Təəssüf ki, finalda qızıl medalın bir addımlığında komandamız büdrədi və oyun Misir yığmasının üstünlüyü ilə başa çatdı. Düzdür, biz yızıl medala ümid edirdik, amma qazanılan nəticə, o qədər də pis deyil. Xüsusilə, oyunlar zamanı komanda yüksək qələbə əzmi nümayiş etdirdi. Elə buna görə də idmançılarımızın qazandıqları gümüş medalı «qızıl» kimi qəbul edirik. Şübhəsiz, buraxılan səhvlər üzərində məşqçilər korpusu işləyəcək, idmançılarımızın texniki, taktiki və fiziki hazırlığını yüksəltmək üçün əlavə tədbirlər həyata keçiriləcək». Qurum rəsmisi onu da bildirdi ki, ölkəmizdə fərdi və yay idman növləri daha çox inkişaf edib, bu, hazırlıq zamanı bir sıra problemlər yaratdı: «Döşəmə üzərində xokkey komanda idman növüdür. Hazırlıq müəyyən vaxt və böyük məsuliyyət tələb edir. Komandamızı UNİFİED (birləşmiş idman) proqramı üzrə hazırlamışdıq. Oyunçuların 60 faizini əlil idmançılar, 40 faizini isə oyun səviyyəsi uyğun olan sağlam məktəbyaşlı uşaqlar təşkil edirdi. Hazırlıq zamanı sağlam idmançılarla əlillərin oyunlarını uyğunlaşdırmaq, o qədər də asan deyildi. Digər tərəfdən, xüsusi bazanın olmaması, bir sıra inventar və ləvazimatların çatışmaması problemlər yaradırdı, lakin bunların öhdəsindən gəldik. Gələcəkdə də bütün bunlar nəzərə alınacaq, komandanı daha yüksək səviyyədə hazırlamaq üçün səylərimizi artıracağıq».

Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, «Təhsil» Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov, Azərbaycana Birgə Yardım təşkilatının koordinatoru Ülviyyə Mirzəyeva əlil idmançıların qarşıdakı yarışlara hazırlığı və digər məsələlərlə bağlı fikir və təkliflərini bildirdilər. İclasda 2013-cü ildə keçiriləcək respublika və beynəlxalq yarışlarda xüsusi olimpiyaçılarımızın iştirakı barədə məlumat verildi, komandanın hazırlıq məsələləri müzakirə edildi.
Sonda Olimpiya oyunlarının iştirakçılarına Xüsusi Olimpiya Komitəsi tərəfindən mükafatlar təqdim olundu.

Leyla Qurbanova

Xəbər 2571 dəfə oxundu.