Ronaldu: «Heç vaxt «Mançester Siti»də oynamayacağam»
Madrid «Real»ının forvardı Kriştianu Ronaldu bildirib ki, heç vaxt «Mançester Siti»yə keçməyəcək. Buna səbəb onun qəlbinin həmişə «Old Trafford»da olmasıdır.

İdman.com.az saytının məlumatına görə, daha öncə Ronaldunun «Real»da qalmasından narazılığı ilə bağlı söhbətlər yayılanda güman edilirdi ki, futbolçu «Yunayted»in rəqibi olan və onunla fəal maraqlanan «Siti»nin oyunçusu ola bilər.

Ronaldu «The Sun»a müsahibəsində deyib: «Yunayted»də deyil, «Siti»də oynamaq? Bunu etmək fikrim yoxdu. Çünki «Mançester Yunayted»də mənim ürəyim qalıb. Deyə bilərəm ki, «Mançester Siti»də oynamaq çox çətin olar. «Mançester Yunayted» səbəbindən çox çətin.

Bununla yanaşı, Ronaldu mövsüm başa çatandan sonra «Real»da qalmaq istəyini təsdiqləyib. Bununla belə, o, «Old Trafford»a dönüşü ehtimalına da işarə edib: «Mən «Real»ın oyunçusuyam, burada xoşbəxtəm və ailəm də xoşbəxtdi. Hər şey də yaxşıdı. Burada mənim gələcəyim varmı sualına isə cavab verə bilmərəm. Deyə bilmərəm ki, heç vaxt «Mançester Yunayted»ə dönməyəcəyəm. Ancaq bir onu deyə bilərəm ki, mənə burada yaxşıdı və burada olmaq istəyirəm. Gəlin hər şeyi olduğu kimi saxlayaq».

Xəbər 946 dəfə oxundu.