Del Boske Türkiyənin olmayacağından kədərlənir
İspaniya millisinin baş məşqçisi Visente Del Boske Madrid mum fiqurlar muzeyinə yerləşdirilən öz fiqurunun açılışında iştirak edib. İdman.com.az saytının məlumatına görə, keçmiş illərdə Zinədin Zidan, Raul kimi futbol dünyasının məşhur adlarının mum fiqurlarının da sərgiləndiyi muzeydə son illərdə İspaniya millisində əldə etdiyi uğurlarda əhəmiyyətli paya sahib olan Andres İnyesta, İker Kasilyas, Fernando Torres və David Vilya kimi ulduzların da mum fiqurları var.

62 yaşlı Del Boske birə-bir ölçülərdə hazırlanan fiqurunun açılışında «Eynilə özümdü. Hər zamanki normal halımdı» deyib. Mum fiqurunun muzeydə sərgilənəcəyindən özü üçün böyük qürur olduğunu söyləyən Del Boske, İspaniya millisi ilə qazanacağı daha çox titulların olduğunu söyləyib.
2004-2005-ci illər mövsümündə «Beşiktaş»ı çalışdırmış ispan mütəxəssis türk futbolunu və Türkiyə Superliqasını çox yaxından izləməsi barədə də danışıb və «Mən bir «Beşikdaş» fanatıyam» deyib.

Türkiyə millisinin Braziliyada təşkil ediləcək 2014-cü il dünya çempionatına qatılma ehtimalının az olmasını «kədərli» olaraq qiymətləndirən Del Boske, çox yaxşı türk futbolçuların olduğunu bildirib.

Del Boske Madrid «Real»ını çalışdırdığı dövrdə 2 La Liqa (2000-2001 və 2002-2003-cü illər mövsümləri), 2 Çempionlar Liqası (1999-2000 və 2001-2002), 1 Avropa Superkuboku (2002), 1 İspaniya Superkuboku (2001) və 1 Qitələrarası Kubok (2002) qazanıb, İspaniya millisi ilə də dünya çempionluğu (2010) və Avropa çempionluğuna (2012) sahib çıxıb.

Xəbər 929 dəfə oxundu.