Yunanlar BOK-u müqəddəs dəyərlərə və olimpiya rəmzlərinə hörmətsizlikdə günahlandırırlar
Yunanıstan Həvəskar Güləş Federasiyasının prezidenti Kostas Tanos Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin idman güləşini 2020-ci il Olimpiya Oyunlarından çıxarmaq barədə təklifini “müqəddəs dəyərlərə hörmətsizlik” adlandırmış və əmin olduğunu bildirmişdir ki, bu təklif həyata keçirilməyəcəkdir.

İTAR-TASS agentliyi Kostas Tanosun yerli radiostansiyaya verdiyi müsahibəsindən aşağıdakı sözləri sitat gətirir: “Mən bu qərarı izahedilməz addım kimi səciyyələndirərdim. Güləş Olimpiya Oyunları ilə eyniləşdirilən bir idman növüdür və belə bir rəmzin ləğv edilməsi haqqında qərar qəbul etmək mümkün deyildir. İşlər bu cür davam edərsə, bir müddətdən sonra onlar Olimpiya Oyunlarının özünün adını da ləğv edərlər”.

Yunanıstan Həvəskar Güləş Federasiyasının prezidenti BOK-un İcraiyyə Komitəsinin bu planları barədə məlumatı olmadığını və bunu eşidəndə hədsiz təəccübləndiyini bildirmişdir.

O demişdir: “Londonda keçirilən Olimpiya Oyunlarında güləş yarışları zamanı tribunalar həmişə dolu olmuşdur. İdmanın bu növü onda dopinqdən istifadə edilməsini irad tutmağa əsas vermir”.

BOK-un bu qərarını “müqəddəs dəyərlərə hörmətsizlik” adlandıran Kostas Tanos vurğulamışdır ki, o, bir yunan olaraq, idmanın bu növünü mədəniyyətin ayrılmaz tərkib hissəsi hesab edir və onu Olimpiya Oyunları ilə birbaşa eyniləşdirir.

Düzdür, idmanın bu növündə rusiyalılar hamıdan çox Olimpiya medalı qazanır, buna baxmayaraq planetimizdə sayı 200-dən çox olan bütün milli güləş federasiyaları BOK-un bu qalmaqallı qərarı ilə əlaqədar heyrətləndiklərini, məyus olduqlarını və onunla razılaşmadıqlarını bildirmişlər. Milli güləş federasiyaları idmanın bu növünün olimpiada proqramında saxlanması üçün beynəlxalq kampaniyaya qoşulmağı planlaşdırırlar.

ABŞ İdman Güləşi Federasiyasının rəhbəri Rik Bender bu barədə ümumi fikri ifadə edərək demişdir: “Güləşin tarixi qədim Yunanıstanda antik Olimpiya Oyunları dövründən başlanır və ilk müasir olimpiadanın proqramına daxil olmuşdur. O, idmanın ən geniş yayılmış növlərindən biridir, bütün dünyada insanların yaşadığı yerdən, irqindən, cinsindən və ya fiziki imkanlarından asılı olmayaraq hər kəs bu idmanla məşğul ola bilər”.

AzərTAc

Xəbər 2095 dəfə oxundu.