Ankaradan 1 qızıl, 1 gümüş və 3 bürünclə
9-10 fevralda Türkiyə paytaxtı Ankarada Yaşar Doğunun xatirəsinə sərbəst güləş üzrə 41-ci beynəlxalq turnir keçirilib. Bu yarışda milli komandamız da qüvvəsini sınayıb. Baş məşqçi Saypulla Absəidov və məşqçi Elman Əsgərovun rəhbərliyi ilə ölkəmizi 11 pəhləvan təmsil edib. Onlardan yalnız 5-i fərqlə bilib.

Rəqabətin ilk günündə mübarizə aparmış Məhəmməd Müslümov və Hacımurad Ömərov (hər ikisi - 60 kq) və Camaləddin Məhəmmədov (120 kq) ilk görüşdə uduzublar.

84 kq-da təmsilçimiz Məhəmmədhacı Xatiyev ilk görüşdə qələbə qazansa da, ikinci görüşdə yerli İbrahim Bölükbaşı ilə görüşdən məğlub ayrılıb.

55 kq çəkidə mübarizə aparmış Yaşar Əliyev ilk görüşünü qalib başa vurub. İkinci görüşdə Sezər Ağgül ilə qarşılaşma həmyerlimiz üçün uğurlu olmayıb.

Lakin Yaşar Əliyev (55 kq) və Cəmaləddin Məhəmmədovun (120 kq) rəqibləri finala yüksəldiyindən güləşçilərimiz medal şanslarını saxlayıblar. Keçirdikləri növbəti görüşləri qələbə ilə başa vuran bahadırlarımız bürünc medal qazanıblar.

Turnirin ikinci günündə güləş xalçası üzərinə 4 pəhləvanımız çıxıb. Onlardan Aleksandr Qostiyev (74 kq) və Hetaq Qazyumov (96 kq) finala qədər maneəsiz irəliləyiblər. Finalda da rəqibindən üstün olan Aleksandr qızıl medala sahib çıxıb. Ancaq püşkatmayla rəqibinə uduzan Hetaq gümüş medalla kifayətlənib.

60 kq-da Hacı Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal görüşündə üz-üzə gəliblər. Bu mübarizədə ilk adı çəkilən güləşçi üstün olub.

Komanda hesabında Türkiyə 1-ci, Azərbaycan 2-ci və Gürcüstan 3-cü yerə çıxıb.

Xəbər 1087 dəfə oxundu.