«Zəfər-2012»-nin qalibləri məlum oldu
«Sportmen» jurnalının təsis etdiyi «Zəfər-2012» mükafatı dünən müxtəlif nominasiyalar üzrə sahiblərinə çatdı. İdman.com.az saytının məlumatına görə, Bakı Əyləncə Mərkəzində təşkil olunmuş tədbirdə idman ictimaiyyəti, ölkə mətbuatı və şirkətlərin nümayəndələri iştirak etdilər.

Yığıncağın aparıcısı Sənan Şəfizadə öncə sözü gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova verdi. Dövlət rəsmisi Azərbaycan idmançılarının son bir ildə qazandığı uğurlardan danışdı və qeyd etdi ki, əldə olunmuş 735 medal bunu əyani sübut edir.

Sonra ilkin mükafatlanma başladı. «İlin idman adamı» Boks Federasiyasının prezidenti Kamaləddin Heydərov, «İlin idman avtomobili» «Duranqo» və «İlin idman federasiyası» Şaolin Döyüş Sənəti Federasiyası oldular. «Zəfər-2012»-ni qaliblərin nümayəndələrinə nazir müavini İsmayıl İsmayılov təqdim etdi.

«Sportmen» dərgisinin baş redaktoru Rəşad Qəmərşahoğlu da çıxışda son uğurlarımızdan danışdı və ötən il idmanda qazandığımız böyük qələbələr münasibəti ilə tədbir iştirakçıları təbrik etdi.

Daha sonra gənclər və idman nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov «İdmanın inkişafındakı xidmətlərə» görə «Zəfər-2012» mükafatını BDU rektoru Abel Məhərrəmov və «Qızıl əlcək» İdman Klubunun prezidenti Xaqani Quluzadəyə təqdim etdi.

Tədbirindin gedişində şou-biznes müğənniləri şən müsiqilərlə iştirakçılarda xoş ovqat yaratdılar.

«İlin idman müqaviləsi» «Bakı» klubu ilə «Atletiko» Madrid arasında imzalanmış anlaşma sayıldı. «İlin idmançısı» Pekin və London Olimpiadalarında gümüş medal qazanmış Rövşən Bayramov oldu. «Bakı»nın vitse-prezidenti Yaşar Seyidov və titullu pəhləvanımıza mükafatı «İdman» qəzetinin baş redaktoru Qabil Mehdiyev təqdim etdi.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov çıxında «Sportmen» jurnalının ölkənin idman həyatında özünəməxsus yer tutduğunu dedi və bu dərginin əməkdaşlarına bundan sonrakı işlərində də müvəffəqiyyətlər arzuladı.

«İlin idman hakimi» Əgdər Cəfərov, «Futbolun inkişafında xidmətlərə» görə AFFA-nın prezidenti Rövnəq Abdullayev, «İlin veteran idmançısı» Yaşar Məmmədov, «İlin sağlamlıq mərkəzi» «Talise Spa And Fitnes Center», «İlin idman klubu» «Baku Fires», «İlin televiziya kanalı» ATV, «İlin idman butiki» «Adidas», «İlin məşqçisi» Hicran Şərifov, «İlin idman mütəxəssisi» Yusif Babanlı, «Voleybolun inkişafında xitmələrə» görə Cavid Qurbanov «Zəfər-2012» mükafatına sahib çıxdılar.

Xəbər 2224 dəfə oxundu.