“Simurq” Buşiçlə münasibətləri rəsmiləşdirib
“Simurq” komandanın düşərgəsində baxışda olan Tomislav Buşiçlə münasibətləri rəsmiləşdirib. Bu gün Zaqatala təmsilçisi ilə müqavilə bağlayan xorvatiyalı futbolçu, mövsümün sonuna qədər “sarı-qara” formanı geyinəcək.

Tomislav Buşiç “Simurq”un heyətində 12 nömrəli forma ilə çıxış edəcək. 27 yaşlı hücumçu peşəkar futbolçu karyerasına 2004-cü ildə ölkəsində başlayıb. 2007-ci ilə qədər “Hayduk”da top qovduqdan sonra, ilk legioner həyatın yaşayıb. 21 yaşında Kiyev “Dinamo”suna icarə əsasında keçsə də, heyətdə özünə yer edə bilməyib və İsrailin “Makkabi” klubuna transfer olunub. Bir il burda da legioner həyatı yaşadıqdan sonra ölkəsinə qayıdıb və “Slaven Belupo” ilə razılığa gəlib. 2010-cu ildən bu komandada forma geyinən Buşiç, ölkəsinin ən köklü klubunun heyətində bir çox uğurlara imza atıb. Xüsusən də cari mövsümdə Avropa Liqasının play-off mərhələsində “Atletik”ya məğlub olan “Slaven”nin heyətində 4 qarşılaşmada meydana çıxmış və iki dəfə rəqib qapıçılarını məyus etməyi bacarmışdı.

“Simurq”un Antalya toplanışına dəvət olunan Tomislav Buşiç, yanvarın 20-dən komandanın heyətində məşq edir. Təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama görüşlərindən üçündə meydana çıxan xorvatiyalı hücumçu “Tom”la matçda “Simurq”un bərabərlik qolunun müəllifi olmuşdu.

Xəbər 891 dəfə oxundu.