Komandamız Qazaxıstana yollanıb
Boks üzrə milli komandamız təlim-məşq toplanışında və beynəlxalq turnirdə iştirak etmək üçün Qazaxıstana yollanıb. Baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmamız fevralın 12-dək yerli komanda ilə birgə hazırlıq keçəcək. Fevralın 14-də isə 4 komanda – Qazaxıstan, Azərbaycan, Özbəkistan və Ukraynanın iştirak edəcəyi beynəlxalq turnirə start veriləcək. Yarış fevralın 17-dək davam edəcək. Döyüşlər hər gün yerli vaxtla saat 14:00-da və 17-də Astana şəhərindəki “Daulet” idman kompleksində keçiriləcək.

Komandamızın heyəti

49 kq: Münasib Məmmədov
52 kq: Tural Əhmədov, Əbdürrəhman Şirinov
56 kq: Samir Məmmədov, İlkin Ağayev, Cavid Çələbiyev
60 kq: Şaban Şahpələngov, Elvin İsayev
64 kq: Heybətulla Hacəliyev
69 kq: Tamerlan Abdullayev, Bəhruz Babayev
75 kq: Soltan Migitinov, Emil Əhmədov
81 kq: Rauf Rəhimov
91 kq: Teymur Məmmədov
91+kq: Kamran Mehdiyev, Əsxab Abdulxaliqov, Aleksandr Babiç

Qeyd edək ki, heyətə cəlb olunanlardan Babiç baş məşqçi Vladimir Zolotaryovun tövsiyyəsi ilə Ukraynadan dəvət olunub. 18 yaşlı gənc boksçunun təlim-məşq toplanışlarında Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Kamran Mehdiyev kimi boksçulara sparinq-rəqib olması nəzərdə tutulub. Ötən il peşəkar boksçu Vladimir Kliçko Darek Çisora ilə döyüşə hazırlaşarkən, Kiyevdə bir müddət Babiçlə məşq edib. O, Kliçko kimi millimizin baş məşqçisi Vladimir Zolotaryovun yetirməsidir.

Dünya çempionu Məhəmmədrəsul Məcidov, Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə, Abdulqadir Abdullayev “Baku Fires” klubunun heyətində olduqlarından Qazaxıstana getməyiblər. Avropa çempionu Salman Əlizadə isə xəstəlik səbəbindən toplanışda iştirak etmir.

Xəbər 1077 dəfə oxundu.