Futbolun problemi – maraq, qeyri-peşəkarlıq, yoxsa gücsüzlük?
Yarımçıq transfer, yarımçıq məşq, yarımçıq oyun

Futbol klublarımız qış hazırlığının son mərhələsində sparrinqlərdə heyətin fiziki-funksional, taktiki-texniki imkanlarını lazım olan həddə çatdırmağa çalışmalıdırlar. İlk baxışda, «iki vur iki» misalı kimi aydın, şübhə doğurmayan və problemsiz bir işdir. Lakin Azərbaycan klubları sübut edirlər ki, hətta bu da mümkünsüz ola bilir.

Ötən sayımızda komandalarımızın buraxdıqları səhvlərin annotasiyasına «Klubun siması transferlərindən bəlli olur” məqaləsində toxunub, onun xronikiləşməsinin səbəblərindən bəhs etmişdik. Cəmi bir həftə keçdi və elita təmsilçilərimiz bunu əyani nümayiş etdirdilər. Klublar hələ də oradan-buradan tapılan futbolçuları sınaqdan keçirməklə məşğuldurlur. Nə qədər qəribə olsa da, təlim-məşq dövründə komandalarımız əvvəlki illərdən fərqli rəqib seçimində də yanlışlıqlara yol verirlər. Bu bir kənara, bu dəfə komandalarımızın, ümumən, təlim-məşqlərə necə yanaşmaları,oyunlarda diqqət etdikləri əsas məqamlar təəccübləndirir.
Klublarımızın səfər çərçivəsində hazırlıq proqramlarından əldə etdiyimiz məlumatlar belə düşünməyə əsas verir. Bu qəribəliklərin səbəbi heç bilinmir də. Sanki məşqçilər komandalarının çempionatda tutacağı yeri indidən dəqiq müəyyənləşdiriblər.

Bir sözlə, ölkə təmsilçisinin qitə klub yarışının elitasına – Avroliqaya yüksəldiyi bir vaxtda inkişaf perspektivlərini axtarmaq və bu istiqamətdə lazım olan işləri görmək əvəzinə, klublar sanki aşağı yuvarlanmağın yollarını axtarırlar. Əlbəttə, bu da həqiqətdir: futbolçunu vaxtında seçib danışıqlar aparmayacaqsansa, axırda Antalyada onun-bunun təklif etdiklərindən seçmək məcburiyyətində qalacaqsan.

Bu məqamda bir məsələdən söz açmaq kifayət edər. Azərbaycan klublarını çalışdıran məşqçilər arasında sorğu keçirib, hazırda davam edən Afrika Millətlər Kubokunu izləyib-izləmədiklərini, izləyirlərsə, hansı qənaətdə olduqlarını araşdırsaq, hər şey məlum olar. Əslinə, qalsa, Azərbaycan klublarının axtardıqları məhz belə yarışlarda olur. Afrikadan eşelonla gətirilən futbolçular arasından seçməkdənsə, heç olmasa, bu yarışları izləyib, konkret futbolçuların izinə düşmək olar.

Məşqçilər bunun onların əsas vəzifəsi olmadığını iddia edə bilərlər. Lakin Azərbaycan klublarındakı məşqçilərin heç biri nə ad-sanlı, nə də titulludur. Onlar hər birimizdən yaxşı bilirlər ki, Azərbaycanda klub futbolu peşəkarlıqdan çox uzaqdır. Onlar bu sayaq qərarları ilə klub rəhbərliyini lazım olan səviyyəyə qədər yetişdirə bilərlər. Heç olmasa, Afrika, Asiya, Amerikadakı yarışlar, Avropanın ikinci və üçüncü eşelon çempionatlarını izləməklə maraqlı təkliflər verə, oyunçu potensialını istədikləri şəkildə formalaşdırmağa səy edə bilərlər. Onların bu addımları klubları özlərindən asılı vəziyyətə salmış menecer-skaut-seleksiyaçı-inzibatçıların da, cüzi olsa belə, insafına təsir edə və onları peşəkarlaşmağa yönəldə bilər.

Əlbəttə, bu məsələlərdə AFFA-nın, xüsusən də onun PFL adlı dəstəkvericisinin də rolu böyük olmalıdır. Üstəlik, nəzərə alaq ki, adı peşəkar olan futbol liqamızın özünün də təsir imkanları və mexanizmləri çox böyükdür. Bu məsələ gün kimi aydındır. Əgər PFL funksionerləri də bu addımları atmaq niyyətində deyillərsə, bunun bir izahı ola bilər: menecerlik girdabının dərinləşməsində PFL-in də rolu var. Təkcə PFL deyil, həm də məşqçilər, üstəlik də, klub rəhbərləri üçün bunun səbəblərini harada axtarmaq olar: ambisiya maraqlarda, ya qeyri-peşəkarlıqda, yoxsa zəiflik-gücsüzlükdə? Bunlardan hansınısa iddia etmək bizim qeyri-peşəkarlığımızın göstəricisi ola bilər. Hərçənd bunun kökünü araşdırmaq elə də çətin məsələ deyil və zamanı gəldikcə, bu mövzular gündəmimizdə yer alacaq.


Xəbər 1335 dəfə oxundu.