Baku Fires - Rusiya: heyətlər məlumdur
Fevralın 9-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 8-ci turu çərçivəsində Azərbaycanın Baku Fires və Rusiya komandaları qarşılaşacaq. Baku Fires 7 oyundan 21 xal toplayaraq, 100 faizlik nəticə ilə A qrupunun vahid lideri olub. Rusiya komandası 4 oyundan 4 xal yığaraq, qrupda 5-ci yeri tutub.
Komandaların heyətləri artıq məlumdur:

Baku Fires – Rusiya

Elvin Məmişzadə (Azərbaycan) – Vyaçeslav Taşkarakov (Rusiya) (54 kq)
Məhəmmədəli Ukayev (Azərbaycan) – Eduard Xusainov (Rusiya) (61 kq)
Mixail Veselov (Belarus) – Sergey Sitnikov (Rusiya) (73 kq)
İaqo Kiziria (Gürcüstan) – Dmitri Bivol (Rusiya) (85 kq)
Hacı Murtuzəliyev (Azərbaycan) – Sergey Kalçugin (Rusiya) (91 kq)

Qeyd edək ki, bu Baku Fires və Rusiya komandalarının Azərbaycan paytaxtında ikinci döyüşü olacaq. İki həftə əvvəl “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən döyüşdə komandamız 5:0 hesabı ilə qələbə qazanıb.

Bu dəfə Azərbaycan komandasının heyətində 54 kq çəki dərəcəsində Elvin Məmişzadə debüt edəcək. 2010-cu ilin Avropa çempionatının gümüş mükafatçısı, London Olimpiadasının iştirakçısı olan Məmişzadə Vyaçeslav Taşkarakovla üz-üzə gələcək. Rusiyalı boksçu bu mövsüm liqada bir döyüş keçirib və qələbə qazanıb.

Məhəmmədəli Ukayev də Rusiya komandası ilə qarşılaşmada WSB liqasında debüt edəcək. Onun rəqibi olacaq son Rusiya çempionatının bürünc mükafatçısı Eduard Xusainov da liqada ilk döyüşünə çıxacaq.

Qonaqların heyətində ən təcrübəli boksçu Dmitri Bivoldur. O, müxtəlif illərdə yeniyetmələr arasında Avropa, gənclər arasında isə dünya çempionu olub. Bivol ötən il Macarıstanda keçirilən nüfuzlu turnirdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rusiyalı idmançını ötən döyüşdə Aleksandr Xotyantsevi nokauta salmış İaqo Kiziria məğlub etməyə çalışacaq.


Turnir cədvəli:

1. Baku Fires – 21 (7 görüş)
2. Mexico Guerreros – 16 (7)
3. Poland Hussars – 9 (6)
4. Argentina Condors – 7 (6)
5. Rusiya – 4 (4)
6. Desert Hawks – 2 (6)

Bu həftə A qrupunda daha 2 döyüş keçiriləcək. Əlcəzairdə yerli Desert Hawks Mexico Guerrerosu qəbul edəcək. Polşada isə Poland Hussars və Argentina Condors klubları üz-üzə gələcəklər.

Xəbər 1159 dəfə oxundu.