Sumqayıtda “Dəstək ol!” inteqrativ festival keçirilib
1 fevral 2013-cü il tarixində Sumqayıt Paralimpiya Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazriliyi, Milli Paralimpiya Komitəsi və “İnkişaf Naminə İdman” İctimai Birliyi təşkilatçılığı 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə “DƏSTƏK OL!” adlı İnteqrativ Festival keçirilib.

Festivalda Gənclər və İdman naziri İntiqam Babayev, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Natiq Qasımov, baş katib Afiq Süleymanov, icraçı direktor Şaiq Həmidov, “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov, Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Musa Həsənov ilə yanaşı Paralimpiya Çempionları İlham Zəkiyev və Ramin İbrahimov iştirak ediblər.

Festivalı giriş sözü ilə açan cənab Babayev belə bir əlamətdar gün münasibətilə Bakı, Sumqayıt və ümumilikdə bütün Azərbaycan gənclərini 2 fevral münasibətilə təbrik edib. Bu münasibətlə təşkil edilmiş “DƏSTƏK OL!” adlı İnteqrativ Festivalda sağlamlıq imkanlarından asılı olmayaraq idman, mədəniyyət və s. sahələrdən olan gənclərlə bir yerdə olmağından və məhz gənclər gününü belə bir fərqli mühitdə qeyd etməyindən məmnun olduğunu söyləyib. İdmanın gənclərin həyatında mühüm rolundan söz açan nazir müavini London 2012 Oyunları zamanı Azərbaycanın şərəfinin qoruyan olimpiyaçı və paralimpiyaçıların əsl vətənpərvərlik nümunəsi olduğunu xüsusi vurğulayıb.

Milli Paralimpiya Komitəsinin İcraçı Direktoru cənab Həmidov da bütün iştirakçıları Azərbaycan Gəncləri günü münasibətilə təbrik edərək fərqli və bayram əhval ruhiyyəli belə bir günün təşkili üçün bütün təşkilatçılara, xüsusilə Gənclər və idman Nazirliyinin gənclər idarəsinə və “İnkişaf Naminə İdman” İctimai Birliyinə dərin təşəkkürünü bildirib.

Rəsmi hissənin sonunda çıxış edən “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri inteqrasiyalı festivalın təşkilində nazirliyin gənclər idarəsinə və zəhməti olan bütün digər qurumlara və şəxslərə dərin təşəkkürünü bildirib. Onun sözlərinə görə, London 2012 Olimpiya və Paralimpiya Oyunlarından sonra bütün dünyada idman həyəcanının nisbətən zəifləməsinə baxmayaraq, əksinə Azərbaycanda bu həyəcanın daha da alovlanması Azərbaycan gəncliyinin idmanda və idmanın vasitəsilə daha yüksək zirvələr fəth etmək istəyinin nəticəsidir. Məhz bu istəyi reallaşdırmaq üçün cəmiyyətin bütün təbəqələrində, sosial-iqtisadi və mədəni-ictimai həyatda Azərbaycan gəncliyinə daha güclü dəstək lazımdır ki, onlar ölkənin parlaq gələcəyini təmin edə bilsinlər.

Rəsmi çıxışlardan və təbrikdən sonra meydan Bakı və Sumqayıt şəhərindən, həmçinin Abşeron rayonundan olan gənclərə verilib. Xüsusi hazırlanmış musiqili və bədii-əyləncəli çıxışlarla yanaşı cüdo, karate, kapuero və idman rəqs qrupları öz nümunəvi çıxışları ilə iştirakçılara ilhamverici anlar yaşadıblar. Bakı şəhəri 27 saylı, Laçın rayonu Çıraqlı kənd orta məktəbinin şagirdləri, Saray qəsəbəsi 7 saylı internat evindən olan uşaqlarla keçirdikləri şən, təhlükəsiz və inklusiv oyunlar isə təbdir iştirakçılarının idman həyəcanını daha da alovlandırıb. Tədbir boyu Tünzalə, Samirə, Günay, Elnarə və Çingiz iştirakçıları öz musiqi sovqatları ilə təbrik ediblər.

Tədbirin sonunda təşkilatçılar adından bütün iştirakçı qurumlara və uşaqlara, həmçinin gənclərə 2 fevral münasibətilə hazırlanmış, hədiyyələr, sertifikat və diplomlar verilib.

Xəbər 1033 dəfə oxundu.