Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanda tarixən şahmat geniş yayılmış ənənəvi oyunlardan biri olmuş və xalqımızın mədəniyyətində özünəməxsus yer tutmuşdur. İntellektual idman növü kimi şahmatın inkişafına ötən əsrin 70-ci illərindən etibarən respublikamızda böyük diqqət göstərilmişdir. Bu məqsədlə dövlət səviyyəsində qərarlar qəbul edilmiş, şəhər və rayonlarda şahmat məktəbləri və klubları açılmışdır. Görülən tədbirlər nəticəsində şahmat oyununa maraq kütləvi xarakter almış və Azərbaycanın şahmat məktəbi formalaşmağa başlamışdır. Dünya çempionatlarında, beynəlxalq turnirlərdə şahmatçılarımızın qələbələri respublika şahmatsevərlərinin sayının artmasına, müvafiq məşqçi kadrların yetişməsinə təkan vermişdir. Bu inkişafın bəhrələri özünü xüsusilə müstəqillik dövründə göstərmişdir.
İndi Azərbaycan öz şahmatçılarının uğurları ilə haqlı olaraq fəxr edə bilər. Hazırda respublikada fəaliyyət göstərən 62 uşaq-gənclər şahmat məktəbində və həmçinin ümumtəhsil məktəblərində 40 minə yaxın uşaq və yeniyetmə şahmatla məşğul olur. Müstəqilliyini bərpa edənədək Azərbaycanda beynəlxalq ada sahib cəmi 5 şahmatçı olduğu halda, hazırda 15 beynəlxalq qrossmeyster, 18 beynəlxalq usta, 9 FİDE ustası və 6 beynəlxalq dərəcəli hakim vardır. Son 15 il ərzində şahmatçılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında vətənimizi layiqincə təmsil edərək yüksək nəticələrə nail olmuş, 72 medal, o cümlədən 24 qızıl medal qazanmışlar.
“Azərbaycanın uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 dekabr tarixli sərəncamı şahmata göstərilən yüksək diqqətin təzahürü olmuş və şahmatçılarımızın beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaratmışdır. 2002-ci ildə Avropa çempionatının Bakıda, 2003-cü ildə gənclər arasında dünya çempionatının Naxçıvanda keçirilməsi isə Azərbaycanda şahmatın beynəlxalq miqyasda etirafı kimi qiymətləndirilmişdir.
Azərbaycan Respublikasında şahmat sahəsində mövcud potensialı və şahmatçılarımızın beynəlxalq yarışlarda uğurlarını nəzərə alaraq, respublikada şahmatın daha da inkişaf etdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və Azərbaycan Şahmat Federasiyasının təklifləri nəzərə alınmaqla, “2008-2013-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi” Dövlət Proqramının layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 aprel 2007-ci il.

Xəbər 1125 dəfə oxundu.