Baş məşqçi milli üzvlərini döyüb
Yaponiyanın cüdo yığmasının baş məşqçisi Riuji Sonodanın London olimpiadasından öncə komandadakı qadın idmançılara qarşı zorakılıq edib. Bu barədə yayılan xəbərləri artıq Yaponiya Cüdo Federasiyası da təsdiqləyib.

Yığmanın 15 qadın üzvü Yaponiya Milli Olimpiya Komitəsinə şikayət edib. Onlar şikayətlərində baş məşqçinin fiziki zorakılığına məruz qaldıqlarını bildiriblər. Şikayətdən sonra federasiya faktı təsdiq edib.
Yaponiyanın idman naziri Hakubun Şimomura olayı araşdırdıqlarını bildirib: “Bu həqiqətdisə, çox ağır vəziyyətdi”.

Qeyd edək ki, “Yapon cüdosu” ötən ilə 66 kq çəki dərəcəsində 2004 və 2008-ci illərdə olimpiya çempionu olmuş Masato Uçişibanın gənc qıza təcavüz etməkdə ittiham olunması ilə gündəmə gəlmişdi. Yaponiya idmanındakı zorakılıq halları ilə bağlı daha bir fakt isə ötən ilin dekabrında basketbol məşqçisi tərəfindən tez-tez döyülən bir məktəblinin intiharından sonra üzə çıxmışdı.

Cüdonun vətəni hesab olunan Yaponiyanın London olimpiadasındakı yeganə qızıl medalını 57 kq çəki dərəcəsində yarışan qadın cüdoçu Kaori Matsumoto qazanmışdı.

Xəbər 1006 dəfə oxundu.