Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiya (2013-2020) (Layihə)
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illər üzrə Milli Strategiyanın layihəsi idman ictimaiyyətinin müzakirəsinə təqdim olunub. İstənilən şəxs www.idman.com.az və www.mys.gov.az saytlarında yerləşdirilmiş həmin layihə ilə tanış ola bilər və 01 mart 2013-cü il tarixədək öz rəy və təkliflərini idman-sport@mail.ru elektron ünvanına və Nazirliyin idman şöbəsinə təqdim edə bilər.
“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf konsepsiyasının 7.5 bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır


AZƏRBAYCAN RESPUBLİKASINDA BƏDƏN TƏRBİYƏSİ VƏ İDMANIN İNKİŞAFI ÜZRƏ MİLLİ STRATEGİYA (2013-2020-ci illər)


1. Strategiyaya baxış

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illəri əhatə edən Milli Strategiya Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanununun 4.0.1 maddəsinə uyğun olaraq və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr 800 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı ölkənin bədən tərbiyəsi və idman hərəkatında ilk dəfə olaraq bədən tərbiyəsi və idmanın uzun müddətə inkişafını planlaşdıran və həyata keçirilməsini təmin edəcək fəaliyyət istiqamətlərini müəyyən edən dövlət səviyyəli sənəddir.
Müstəqil Azərbaycan Respublikasında dövlətin qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, o cümlədən dövlətçiliyin, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi, şəxsiyyətin harmonik inkişafı, gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində bədən tərbiyəsi və idmanın gündəlik həyatımıza daxil edilməsi hazırkı dövrdə aktual tələblərdən birinə çevrilmişdir.
Bu gün bədən tərbiyəsi və idman sosial inkişafın ən vacib və özünəməxsus bir sahəsinə çevrilərək sosial siyasətlə bilavasitə və sıx əlaqədədir. Məhz bu səbəbdəndir ki, sosioloqlar idmana cəmiyyəti vahid milli ideya ətrafında birləşdirən, insanda qələbəyə, yeni-yeni uğurlara can atmaq hissini oyadan vasitə kimi baxırlar. Son illərin idman sosiologiyası istiqamətindəki araşdırmaları da sübut edirki, bugünkü həyatımız “İdman və gənclik”, “İdman və tərəqqi”, ”İdman və humanizm”, “İdman və şəxsiyyətin hərtərəfli inkişafı”, “İdman və mədəniyyət”, “İdman və ekologiya”, “İdman və qadın” kimi sosial məsələlərin qarşılıqlı vəhdətidir.
Məlum olduğu kimi bədən tərbiyəsi və idmanın inkişafı ölkənin hərtərəfli inkişafına xidmət edir. İdman ümummilli dəyərdir. İnsanların fiziki cəhətdən sağlam və güclü olması dövlətin müdafiəsini və iqtisadiyyatının yüksəlməsində xüsusi rol oynayır. Buna görədə hər bir dövlətin əsas məqsəd və vəzifələrindən biri ölkədəki mövcud idman ənənələrini qoruyub inkişaf etdirməkdir.
1993-cü ildən ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışından sonra bu sahəyə dövlət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərilməyə başlandı.
Ulu öndərin siyasət və fəaliyyətinin davamçısı İlham Əliyevin 1997-ci ildən Azərbaycan Olimpiya hərəkatına rəhbərlik etməsi dövlətin idman siyasətinə yeni istiqamətlər və mərhələ gətirdi. 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmiş Milli Olimpiya Komitəsinin lideri ölkədə bədən tərbiyəsi və idmanın daha geniş və sürətlə inkişafı, idman vasitəsilə Azərbaycanın Dünya və Avropaya inteqrasiyası, beynəlxalq idman aləmində Azərbaycan idmanının nüfuzunun daha da artırılması məsələlərini dövlət siyasətinin önəmli istiqamətlərindən biri kimi dəyərləndirdi. Məhz bunun nəticəsidirki, bu gün bədən tərbiyəsi və idman ölkə vətəndaşlarının fiziki (əqli), eləcədə mənəvi cəhətdən inkişaf etmələrinə, sosial və maddi rifahlı olmalarına,vətənin müdafiəsində yüksək səviyyədə iştirak etmələrinə və beynəlxalq yarışlarda qələbə uğrunda əzm və qətiyyətlə mübarizə apara bilmələrinə xidmət edir.
Bədən tərbiyəsi və idmanın ölkənin sosial – iqtisadi inkişafındakı roluna, əhalinin, xüsusən böyüməkdə olan gənc nəslin sağlamlığı və tərbiyəsində ən vacib amillərdən biri olmasına ictimai fikir və dövlət münasibəti nəzərə çarpacaq dərəcədə dəyişmişdir.
Son illərdə ölkəmizdə bədən tərbiyəsi və idman hərəkatı üçün yaranmış imkanlar, həyata keçirilən konkret tədbirlər bu sahədə istər ölkə daxilində, istərsədə beynəlxalq aləmdə qazanılan uğurlar və əldə olunmuş nailiyyətlər bədən tərbiyəsi və idmanı dövlət siyasətinin prioritetlərindən birinə çevirmişdir.
Azərbaycanda insanların bədən tərbiyəsi və idmanla məşğulluğa istəyini, marağını, eləcədə bu istəklərin reallığa çevrilmə imkanlarını aşağıdakı faktlar əyani nümayiş etdirir:
- Azərbaycan höküməti ölkədə bədən tərbiyəsi və idmanı daha geniş formada kütləvi şəkildə inkişaf etdirməkdə qərarlıdır.
- Azərbaycan dövlətinin bədən tərbiyəsi və idmanın inkişafı üzrə xüsusi Qanun qəbul etməsi, bu sahədə qanunvericilik əsasları yaratması, hüquqi-normativ və digər direktiv sənədlər işləyib hazırlamışdır.
- Ölkədə bədən tərbiyəsi və idmanın bütün sahələr və ayrı-ayrı təbəqələr, həmçinin yaş qrupları üzrə inkişafının təmin edilməsi sistemi yaradılmış, bu sahənin idarəedilməsi üzrə müvafiq struktur müəyyən edilmişdir.
- Ölkədə bədən tərbiyəsi və idmanın inkişafına dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin həcminin ildən-ilə artması. Bu sahə ilə məşğul olan ictimai, qeyri-hökümət orqanları,eləcədə özəl qurumların da bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində konkret tədbirlər həyata keçirirlər.
- “Regionların sosial-iqtisadi inkişaf Proqramı”na uyğun olaraq bütün şəhər və rayonlarda yeni idman obyektlərinin, qurğularının, olimpiya komplekslərinin inşasının dövlət səviyyəsində planlaşdırılması,həmin obyektlərin müəyyən olunmuş müddətlərdə istifadəyə verilməsi.
- Azərbaycan Respublikasında hər növbəti 4 illik müddətə (Olimpiya dövrünə) bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət Proqramının qəbul və icrasının təmin edilməsi.
Beləliklə cəmiyyətin ən vacib sosial sahəsi kimi bədən tərbiyəsi və idmanın qarşısında duran dövlət səviyyəli vəzifələrin və ümumxalq məsələlərin həlli bu problemlərə təkcə qısamüddətli deyil, eyni zamanda uzunmüddətli müasir tələblər səviyyəsində yanaşmanı tələb edir.
Məhz bu baxımdan Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə uzun müddətə nəzərdə tutulmuş Milli Strategiyanın olması günün tələbi və zərurətidir.
İnkişaf etmiş ölkələrin uğurlu təcrübəsi göstərirki, bədən tərbiyəsi və idmanın tələb olunan səviyyədə inkişaf etdirilməsinin optimal yolu məsələyə kompleks yanaşmanı tələb edir. Yalnız belə bir yanaşmanın nəticəsində vətəndaşların və ölkənin ümumi inkişafına nail olmaq mümkündür.

2. Cari vəziyyəti xarakterizə edən əsas amillər

Ölkədə bədən tərbiyəsi və idmanın hazırki vəziyyətinin təhlili bu sahənin gələcək inkişafının təmin edilməsində dövlət səviyyəsində yaradılmış imkanlarla yanaşı, bir sıra problem və çətinliklərin mövcudluğunu da əks etdirir.

Cari vəziyyəti müsbət xarakterizə edən amillər

- Fəal yaş qruplarından (5-39 yaş) olan insanların əhalinin ümumi sayının 60%-ni təşkil etməsi;
- Əhalinin savadlılıq və təhsil səviyyəsinin yüksək olması (90-95%);
- İnsanların, xüsusən yeniyetmə və gənclərin bədən tərbiyəsi və idmanla məşğulluğa kütləvi surətdə maraq göstərmələri;
- İlin çox hissəsinin açıq havada bədən tərbiyəsi və idmanla ölkə ərazisində məşğul olmağa imkan verən əlverişli iqlim şəraiti;
- Kütləvi informasiya vasitələrinin, xüsusən televiziyanın, bədən tərbiyəsi və idmanın təbliği sahəsindəki fəaliyyətlərinin fəallaşması;
- Dövlət, qeyri-hökümət və özəl qurumlar tərəfindən bədən tərbiyəsi və idmanla məşğulluğa yaradılmış imkanlar;
- Yüksək səviyyəli idmançıların, o cümlədən sağlamlıq imkanlar məhdud olan və əlil idmançıların sosial müdafiəsinin yaxşılaşdırılması, məişət məsələlərinin həlli, onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının artırılması;
- Regionlarda Olimpiya Idman Komplekslərinin və idman obyektlərinin sayının ildən-ilə artırılması;
- İdman növlərinin inkişafına diqqətin artırılması;
- Hər təqvim ilində əhalinin bütün yaş qruplarını əhatə edən kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkili və keçirilməsi;
- Sağlamlıq (əqli) imkanları məhdud olan insanların və əlillərin bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb edilmələri, beynəlxalq yarışlarda, Paralimpiya və Deflimpiya oyunlarında uğur qazanan və yüksək nailiyyətlər əldə edən idmançıların hazırlanması üzrə fəaliyyətin genişləndirilməsi;
- Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, xüsusən Olimpiya və Paralimpiya oyunlarında qazandıqları uğurlar;
- Dövlətin bədən tərbiyəsi və idmanın inkişafı sahəsindəki apardığı siyasət və göstərdiyi dəstək.

Cari vəziyyətimənfi xarakterizə edən amillər

- “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun, Bədən tərbiyəsi və idmanın inkişafının Dövlət Proqramının, eləcədə bu sahədəki digər hüquqi-normativ, direktiv qərar və sərəncamların yerlərdə icrasında ləngimələr, buraxılan səhvlər, çatışmamazlıqlar;
- Şəhər və rayonlarda idman obyektlərinin əhalinin sayına olan nisbətdə son dərəcə az olması;
- Regionlarda idman yönümlü təşkilatların, o cümlədən gənclərin idmana cəlb edilməsini təmin edən gənclər ictimai təşkilatların məhdud sayda olması;
- Bədən tərbiyəsi və idman təşkilatlarının maddi-texniki bazasının son dərəcə zəif olması, regionlarda, xüsusən kənd rayonlarında onların fəaliyyətlərinin dayandırılması;
- Qızlar və qadınlar, eləcədə sağlamlıq imkanları məhdud olan insanlar arasında bədən tərbiyəsi və idmanın təbliğinin tələb olunan səviyyədə aparılmaması;
- Ayrı-ayrı idman növləri, xüsusən idmanın oyun növləri üzrə yerlərdə peşəkar klubların yaradılmaması, idmanda rəqabətin zəif olması;
- Yerlərdə mövcud imkanlardan tam istifadə olunmaması;
- Bədən tərbiyəsi və idman işlərinin təşkili və idarə edilməsinə yerli bələdiyyə orqanlarının, qeyri-hökümət təşkilatlarının (QHT), gənclər təşkilatlarının cəlb olunmaması;
- Bədən tərbiyəsi və idman sahəsi üzrə elmi-tədqiqat işlərinin lazımı səviyyədə aparılmaması. Respublikada bu sahə üzrə elmi-tədqiqat institutunun olmaması;
- Bədən tərbiyəsi və idmanın təbliği işlərinin zəif aparılması. İdman jurnalistikası üzrə peşəkar mütəxəssislərin hazırlanması sisteminin olmaması;
- Ölkədə bədən tərbiyəsi və idman sahəsində kadr çatışmamazlığı. Yüksək ixtisaslı peşəkar mütəxəssislərin və Idman menecerlərinin son dərəcə az sayda olması;
- Orta məktəblərdə fiziki tərbiyə fənninə lazımi diqqətin yetirilməməsi, dərslərin keçirilməsi səviyyəsi və metodlarının müasir tələblərə cavab verməməsi, bəzi hallarda bədən tərbiyə dərslərinin digər ixtisas müəllimlərinə həvalə olunması;
- Bədən tərbiyəsi və idman sahəsində könüllülərin fəaliyyətinin tələb olunan səviyyədə təşkil olunmaması;
- Uşaq-yeniyetmə idmanının inkişafının aşağı səviyyədə olması. Uşaq-gənclər idman məktəblərinin maddi-texniki bazalarının son dərəcə zəif olması və ya olmaması, fəaliyyətlərinin qarşılarında duran vəzifə və tapşırıqlara uyğun qurulmamaları;

3. Milli Strategiyanın əsas məqsəd və vəzifələri

Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiya (BTİİMS) ölkədə bədən tərbiyəsi-sağlamlıq və idman sahəsində Dövlətin uzun müddətli siyasətini, əsas məqsəd və vəzifələrini əks etdirir. Bu sənəd Azərbaycanı 2020-ci ilədək dünyada fəal və uğurlu idman dövlətinə çevirmək öhdəliyinin yerinə yetirilməsi üçün ölkə ərazisində fəaliyyət göstərən bütün təşkilatların idman fəaliyyətini bir tam halda birləşdirən strateji istiqamətləri və siyasət prioritetlərini müəyyən edir.
Milli Strategiyanın əsas məqsədi – fiziki, əqli və maddi imkanlarından asılı olmayaraq ölkədə əhalinin bütün təbəqələri üçün öz bilik və bacarıqlarını reallaşdıra bilmələrinə, bununlada həyatlarına müsbət təsir göstərəcək sahələrdə, o cümlədən təhsil və sağlamlıqlarında, hərtərəfli uğurlu inkişafa nail olmalarına şərait və imkanlar yaratmaqdan ibarətdir. Eyni zamanda Milli Strategiyanın məqsədi insan haqları, həmçinin idmana dair beynəlxalq və milli qanunvericiliyi, cəmiyyətin bütün təbəqələrini (sosial qrupları), qabaqcıl dünya təcrübəsini nəzərə alaraq, cəmiyyətin hərtərəfli inkişafına, demokratik ölkə quruculuğuna, Azərbaycanın dünyaya və Avropaya inteqrasiya olunmasının sürətləndirilməsinə, həmçinin onun beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət etməkdir.
BTİİMS-nin uzunmüddətli məqsədi – 2020-ci ilədək idmanı ölkədə və ölkəni idmanda lider etməkdir.
BTİİMS-nin vəzifələri əsasən aşağıdakılardan ibarətdir:
- Ölkədə bədən tərbiyəsi və idmanın uzun müddətə kütləvi inkişafının planlaşdırılması;
- Bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafına və insanların gündəlik məişətinə daxil edilməsinə nail olunması;
- Bədən tərbiyəsi və idman vasitəsilə bütün yaş qruplarından olan insanların, o cümlədən uşaq, yeniyetmə və gənclərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin olunması;
- Yeniyetmə və gənclərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, onların orduya xidmətə fiziki cəhətdən hazır olmalarının təmin edilməsi, “Vətənin Müdafiəsinə Hazıram” bədən tərbiyəsi və idman kompleksinin ölkədə yeniyetmə və gənclər arasında daha geniş formada tətbiqi;
- Hərbi hissələrin və hüquq mühafizə orqanlarının fiziki tərbiyə və idman hazırlığı üzrə maddi-texnki bazalarının möhkəmləndirilməsi, hərbi fiziki hazırlığın təmin olunmasına tələb olunan bütün imkan və şəraitlərin yaradılması, hərbi hissələrdə “Hərbi İdman Kompleksi”nin (HİK) şəxsi heyətlərin bütün üzvləri arasında bir qayda olaraq tətbiq edilməsi və müvafiq yaş qruplarına uyğun normativlərin ödənilməsinin təmin edilməsi;
- Bütün yaş qruplarından olan insanların, o cümlədən uşaq, yeniyetmə və gənclərin idman və fiziki fəaliyyətlərdə kütləviliyin təmin edilməsi məqsədilə icmalarda, xüsusən təhsil müəssisələrində və yaşayış yerlərində imkan və şəraitin yaradılması;
- Əmək məşğuliyyətindən asılı olaraq əhalinin ayrı-ayrı təbəqələri və yaş qrupları arasında bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsi məqsədilə xüsusi fiziki hərəkətlər kompleksinin hazırlanması və geniş formada tövsiyə edilməsi;
- Uşaq və yeniyetmələrin xüsusən qızların idmanla məşğuliyyətə həvəs və marağını yüksəldənişlək mexanizmlərin hazırlanması və tədbirlərin artırılması;
- Bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud olan insanlar və əlillər arasında daha əsaslı və geniş inkişafına nail olunması;
- Bədən tərbiyəsi və idmanın sistemli inkişafının elmi əsaslarla dəyərləndirilməsi və təsdiqi, bədən tərbiyəsi və idman üzrə elmi-tədqiqat institutunun yaradılması;
- Bədən tərbiyəsi və idman sahəsi üzrə kadr hazırlığı məsələlərinin təkmilləşdirilməsi, Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasına qızların qəbulu üzrə faizin artırılması və müəyyən edilmiş faizin təmin olunması;
- Müxtəlif tipli bütün idman məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu məktəblərdə ixtisaslaşdırılmış təlim-idman bazalarının yaradılması;
- Kadrların davamlı peşəkar inkişafı və fiziki tərbiyə sahəsi üzrə təkmilləşdirmə kurslarının təşkili işinin yaxşılaşdırılması;
- Bədən tərbiyəsi və idmanın təbliği işlərinin genişləndirilməsi, bu məqsədlə idman jurnalistikası üzrə peşəkar kadrların hazırlanması;
- Cinsindən, yaşından, fiziki və ya əqli imkanlarından asılı olmayaraq hər kəsin bütün səviyyələrdə bədən tərbiyəsi və idmanla məşğul ola bilməsinə və uğur qazanmasına münbit şəraitin yaradılması;
- Məktəbəqədər yaşlı uşaqların bədən tərbiyəsi ilə məşğulluğa cəlb edilmələri üzrə əməli tədbirlərin planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi;
- Təhsil müəssisələrində, xüsusən orta məktəblərdə fiziki tərbiyə və idmanın inkişafı sisteminin təkmilləşdirilməsi, bədən tərbiyə dərslərinin metodoloji və maddi-texniki bazasının möhkəmləndirilməsi;
- Təhsil müəssisələrində, xüsusən orta məktəblərdə idman klublarının, uşaq-idman klublarının yaradılması və fəaliyyətlərinin təmin edilməsi;
- Əhalinin ayrı-ayrı təbəqələri (istehsalat sahələri üzrə) və yaş qrupları üçün onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi və əmək qabiliyyətinin saxlanılmasını təmin edə biləcək 6 saatdan az olmayaraq həftəlik hərəki fəallıqla bədən tərbiyəsi və idman vasitəsilə məşğulluqlarına nail olmaq;
- Əhalinin ayrı-ayrı yaş qrupları və kateqoriyaları arasında bədən tərbiyəsi və idmanın kütləvi inkişafına nail olunması;

a) Məktəbəqədər yaşlı uşaqlar arasında

- Məktəbəqədər təhsil müəssisələrinin idman qurğuları və xüsusi avadanlıqlarla təmin edilməsi üzrə dövlət səviyyəli kompleks proqramın hazırlanması və qəbulu;
- Məktəbəqədər yaşlı uşaqların yaşı, sağlamlıq vəziyyəti və inkişaf səviyyəsi nəzərə alınmaqla onların hərtərəfli inkişafını təmin edə bilən elmi cəhətdən əsaslandırılmış fiziki tərbiyə proqramı və normativlərinin hazırlanması və 2015-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrində tətbiqi;
- Məktəbəqədər yaşlı uşaqların bədən tərbiyəsi və idman vasitələrindən də istifadə olunmaqla 6-10 saat həcmində həftəlik hərəki rejimini təmin edən müasir sanitar-epidemoloji qaydalar və normaların işlənib hazırlanması və 2015-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrində tətbiq edilməsi;
- Bu sahə üzrə müvafiq ali təhsil müəssisələrində mütəxəssislərin hazırlanması və xüsusi təyinatla məktəbəqədər təhsil və uşaq müəssisələrində aylıq əmək haqqı orta məktəblərdəki bədən tərbiyəsi müəllimlərinin əmək haqqı səviyyəsində müəyyən edilməklə fiziki tərbiyə üzrə pedaqoq ştat vahidlərinin təsdiqi;
- Məktəbəqədər yaşlı uşaqların, o cümlədən məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların bədən tərbiyəsi və idmanla məşğulluğu məsələləri üzrə ixtisaslaşdırılmış məsləhət mərkəzlərinin təşkil edilməsi;
- Məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqların 2020-ci ilə kimi hamısının (100%) fiziki tərbiyə proqramına uyğun olaraq –bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb olunmasının təmin edilməsi;


b) Şagirdlər və tələbələr arasında

- Fiziki tərbiyə təhsilinin məcburi forması kimi bədən tərbiyə dərslərinin həftəlik saatının şagird və tələbələr üçün aşağıdakı həftəlik minimum həcmdə təmin edilməsi:
- Ümumtəhsil orta məktəblərində - 3 saat
- ali təhsil və orta ixtisas müəssisələrində - 4 saat
- Həftə ərzində orta məktəb şagirdlərinin ən azı 6 saat, tələbələrin isə 8 saat həcmində bədən tərbiyəsi və idmanla məşğulluğuna şərait yaratmaq və təmin etmək ;
- Təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin müasir tələblər və normativlər səviyyəsində effektiv formada təhsil alan uşaq və gənclərin maraqları, yaşı və sağlamlıq vəziyyətləri nəzərə alınmaqla təşkili. Bu sahədə yeni effektiv metod və üsullardan istifadə edilməsi;
- Təhsil müəssisələrində işləyən bədən tərbiyəsi müəllimlərinin, təlimatçı və digər mütəxəssislərin peşə səviyyələrinin mütəmadi olaraq təkmilləşdirilməsi və artırılması, onların fəaliyyətlərini stimullaşdıran mexanizmlərin müəyyən edilməsi;
- Şagird və tələbələrin maraq göstərdikləri idman növləri üzrə daima məşğul ola bilmələrinə imkan və şəraitin yaradılması. Bu məqsədlə 2016-cı ilə kimi bütün təhsil müəssisələrində, müəssisənin strukturunda uşaq-idman və idman klublarının yaradılması və fəaliyyətlərinin təmin edilməsi;
- Şagird və tələbələrin kütləvi surətdə tədris ili ərzində və tətil günlərində bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb edilməsi;
- Azərbaycan respublikasında tələbə idmanının inkişafı üzrə Dövlət Proqramının hazırlanması və 2015-ci ildə qəbulunun təmin olunması;
- Bədən tərbiyəsi və idmanın inkişafı üzrə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişaf etdirilməsi;
- 2014-cü ilə kimi təhsil müəssisələrinin istifadəsində olan idman qurğuları və obyektlərinin dövlət reyestrinin aparılması və pasportlaşdırılması;
- Təhsil müəssisələrində inşa və əsaslı təmir ediləcək idman qurğuları və obyektlərinin ünvanlı siyahisinin hazırlanması. Bu işlərin həyata keçirilməsinin müəyyən edilmiş müddətlərdə təmin olunması. 2020-ci ilə kimi ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində idman qurğuları və obyektlərinin fəaliyyətinə nail olunması;
- Hər iki ildə bir dəfə məktəblilərin ümumrespublika spartakiadasının təşkili və keçirilməsinin təmin edilməsi;
- Tələbə idmanının inkişafının təmin edilməsi məqsədilə Respublika səviyyəli dövlət təyinatlı vahiq bir qrumun yaradilması və onun maddi və texniki bazasının ildən ilə möhkəmləndirilməsi;
- Tələbələrin respublika universiadasının Təhsil nazirliyi, Gənclər və İdman nazirliyi və Milli Olimpiya Komitəsi səviyyəsində iki ildə bir dəfə geniş proqram üzrə yüksək səviyyəli təşkili və keçirilməsi;

c) Əhalinin digər yaş qrupları arasında

- Bədən tərbiyəsi və idmanın insan həyatında və cəmiyyətdə xüsusi rol oynaması və sosial-iqtisadi inkişafın ən vacib sahələrindən biri olması barədə ölkədə aparılan təbliğat və təşviqat işlərinin genişləndirilməsi və daha effektiv formada təşkil edilməsi;
- Gənclərin, orta və yaşlı insanların bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün yaşayış yerlərində, təhsil müəssisələrində, idarə və təşkilatlarda şərait və imkanların yaradılması. Bu məqsədlə əhalinin maraq və sağlamlıq səviyyələri nəzərə alınmaqla mənzil – istismar idarələrində, müəssisə və təşkilatların, istehsal sahələrində sağlamlıq – idman qrupları, sağlamlıq zonaları və idman növləri üzrə idman bölmələrinin fəaliyyətlərini təmin edən müvafiq strukturlar tərəfindən maliyyələşdirilən idman yönümlü qurumların yaradılması;
- İdarə və təşkilatlarda, xüsusən istehsal müəssisələrində istehsalat gimnastikasının tətbiq edilməsi üzrə əməli tədbirlərin planlaşdırılması və həyata keçirilməsi. İstehsal sahələrinin spesifikasına uyğun olan fiziki hərəkətlər kompleksləri və normativlərinin müasir elmi texnologiyalar əsasında yeni nümunələrinin hazırlanması və müvafiq sahələrə rəsmi qaydada tövsiyyə edilməsi. 2015-ci ilə qədər istehsalat gimnastikasının bütün sahələrdə iş günü rejimində məcburi tədbir kimi tətbiqinin təmin edilməsi;
- 2016-cı ilə kimi bütün nazirliklər, komitə və şirkətlərdə, idarə və müəssisələrdə ictimai əsaslarla fəaliyyət göstərəcək Bədən tərbiyəsi və idman Şuralarının yaradılması və fəaliyyətlərin təmin edilməsi;
- Bədən tərbiyəsi və idman məsələlərinin (o cümlədən bu sahənin maliyyələşdirilməsi) Həmkarlar İttifaqları təşkilatları ilə İcra Hakimiyyəti orqanları arasında bağlanan Kollektiv müqavilələrə müstəqil bölmə (yaxud maddə) kimi daxil edilməsi. Bu sahənin icrasına ciddi və mütəmadi nəzarətin həyata keçirilməsi;
- Əhalinin müxtəlif yaş qrupları ilə işləmək üçün kadrların hazırlanması və onların peşə səviyyələrinin artırılması;
- Müxtəlif yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olanlar üçün onların maraq və sağlamlıq səviyyələrinə uyğun bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin sayının artırılması. 2015-ci ildən başlayaraq hər iki ildə bir dəfə üç yaş qrupu üzrə (18-35, 36-50, 50 və yuxarı) Respublika Sağlamlıq Spartakiadalarının təşkili və keçirilməsi;
- Əhalinin say nisbətinə olan təlabata uyğun ölkədə bədən tərbiyəsi-sağlamlıq və idman təyinatlı geniş infrastrukturun yaradılması. Bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının bütün sahələrdə o cümlədən idarə, təşkilat və istehsal müəssisələrində, yaşayış yerlərində, sanatoriya–kurort müəssisələrində və turizm obyektlərində yaradılması, möhkəmləndirilməsi və inkişaf etdirlməsi;
- 2020-ci ilə kimi ölkədə təhsil alan və işləyən vətəndaşların 30%-nin, yaşlı əhalinin isə 20%-nin bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb olunmasını təmin etmək;

ç) Sağlamlıq imkanları məhdud olan insanlar və əlillər arasında

- Sağlamlıq imkanları məhdud olan insanlar və əlillər arasında bədən tərbiyəsi və idmanın onların reabilitasiyasına, bədən tərbiyəsi və idman vasitəsilə sosial adaptasiyası və həyata inteqrasiya olunmalarına yönəldilməsi haqqında ölkədə geniş təbliğat işlərinin təşkili və aparılması;
- Bu qrup insanların daha çox sayda olduqları yaşayış yerlərində, icmalarda və regionlarda ixtisaslaşdırılmış idman qurğularının inşa edilməsi;
- Ölkədə fəaliyyətdə olan idman qurğuları və obyektlərində sağlamlıq imkanları məhdud olan insanlar və əlillərin də məşğul ola bilmələri üçün imkan və şəraitlərin yaradılması;
- Ölkədə Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya hərəkatını genişləndirə biləcək Dövlət İnkişaf Proqramının hazırlanması və 2015-ci ildə Respublika Nazirlər Kabinetinə təsdiqə təqdim edilməsi;
- Bədən tərbiyəsi və idman yönümlü təşkilatların sağlamlıq imkanları məhdud olan insanlar və əlillərlə aparılacaq işlərin onların əsasnamə (nizamnamə) öhdəliyi və vəzifələrinə daxil edilməsi. Bu sahə üzrə fəaliyyətlərinin yekunları haqqında müvafiq dövlət orqanlarına illik xüsusi hesabatların 2014-cü ildən başlayaraq təqdim edilməsi;
- İdman Tibb dispanserinin, poliklinikaların və digər tipli tibbi-müalicə müəssisələrinin sağlamlıq imkanları məhdud olan insanların və əlillərin bədən tərbiyəsi və idman vasitəsilə reabilitasiyası üzrə fəaliyyətlərinin canlandırılması və genişləndirilməsi;
- Əlillərin bədən tərbiyəsi və idman təyinatlı bərpa avadanlıqları sənayesinin inkişaf etdirilməsi, onlar üçün bədən tərbiyəsi bərpa xidmətləri mərkəzləri və məntəqələrin yaradılması;
- Sağlamlıq (əqli) imkanları məhdud olan insanlar və əlillərin fiziki tərbiyə və idman məşğələlərinin müasir elmi əsaslandırılmış proqram, metod və texnologiyasının hazırlanması;
- Respublikanın Milli Yığma Komandalarının Paralimpiya, Deflimpiya oyunlarına hazırlığının tələb olunan səviyyədə təmin edilməsi məqsədilə 2015-ci ilə kimi Bakı şəhərində xüsusi təyinatlı ixtisaslaşdırılmış İdman Kompleksinin inşa edilməsi;
- Fiziki və əqli inkişafında çatışmamazlıqlar olan uşaqlar üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ixtisaslaşdırılmış təhsil müəssisələrində xüsusi idman-adaptiv klublarının yaradılması, bədən tərbiyə dərslərinin, bədən tərbiyəsi və idman işlərinin bu sahə üzrə hazırlanmış mütəxəssislərin köməkliyi ilə tələb olunan səviyyəyə qaldırılması;
- Uşaq-gənclər idman məktəblərində sağlamlıq imkanları məhdud olan və əlil uşaqlar üçün xüsusi bölmələrin, eləcədə uşaq-gənclər idman adaptiv məktəblərinin yaradılması və fəaliyyətlərinin təşkil edilməsi üçün normativ sənədlərin hazırlanması və 2014-cü ildən gec olmayaraq Nazirlər Kabinetinə təsdiqə təqdim edilməsi;
- Sağlamlıq imkanları məhdud olan insanlar və əlillərdən komplektləşdirilmiş respublikanın milli yığma komandalarının Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya Oyunlarına mərkəzləşmiş formada hazırlıqlarının təmin edilməsi məqsədilə “Əlillərin reabilitasiyası və idman mərkəzi” dövlət səviyyəli müəssisənin ölkənin bir sıra regionlarında filiallarının da fəaliyyətlərinin təşkili ilə birlikdə 2015-ci ilə kimi yaradılması;
- Xüsusi qayğıya ehtiyacı və əqli imkanları məhdud olan yeniyetmə və gənclərin bədən tərbiyəsi və idman vasitəsilə bərpası və cəmiyyətə inteqrasiyası, eyni zamanda onların respublika və beynəlxalq yarışlarda iştirakının təmin olunması məqsədilə idman yönümlü təşkilatların bu sahəyə xüsusi diqqət və qayğı göstərməsi, bütün dövlət qurumları və ictimai təşkilatlar səviyyəsində Azərbaycan Xüsusi Olimpiya Komitəsinə fəaliyyətini daha yaxşı səviyyədə qura bilməsi üçün daimi köməkliyin göstərilməsi, imkan və şəraitin yaradılması;

d) Uşaq-yeniyetmə idmanının və ehtiyat qüvvəsi hazırlığı sisteminin inkişafı üzrə

- 2015-ci ilə kimi respublikanın milli yığma komandalarına ehtiyat qüvvəsinin hazırlanması üçün uşaq-gənclər idman məktəbləri, ixtisaslaşdırılmış olimpiya ehtiyatı məktəbləri, Ali idman ustalığı məktəbləri və olimpiya hazırlığı mərkəzləri sisteminin perspektiv inkişaf Konsepsiyasının hazırlanması və Nazirlər Kabinetinə təsdiqə təqdim olunması;
- İdman hazırlığı üzrə dövlət müəssisələri sistemini (uşaq-gənclər idman məktəbləri, Olimpiya hazırlığı mərkəzləri, ixtisaslaşdırılmış olimpiya ehtiyatı uşaq-gənclər idman məktəbləri, idman təmayüllü internat məktəbləri və liseylər) müasir tələblər səviyyəsində inkişaf etdirmək;
- İdman ehtiyat qüvvəsinin hazırlığı ilə biləvasitə məşğul olan bədən tərbiyəsi və idman təşkilatları, birliklər və idman növləri üzrə respublika federasiyalarına dövlət dəstəyi olaraq büdcədən vəsaitlərin ayrılması qaydası və mexanizminin hazırlanması;
- İcma və məhəlli uşaq idmanının inkişafının təmin edilməsi üçün bələdiyyələrin strukturunda fəaliyyət göstərəcək bələdiyyə uşaq-idman klublarının yaradılması;
- Ayrı-ayrı idman növləri üzrə istedadlı, perspektiv gənc idmançıların aşkar edilməsi üçün elmi əsaslandırılmış spesifiki seçim normalarının işlənib hazırlanması;
- Uşaq, yeniyetmə və gənclər arasında keçirilən seçim xarakterli idman yarışlarının sayının artırılması iki ildə bir dəfə keçirilən Yeniyetmələrin Respublika Oyunlarının proqramını genişləndirmək, ən yüksək təşkilatı və texniki səviyyəsini təmin etmək;
- İdman hazırlığı təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək və inkişaf etdirmək;
- 2020-ci ilə kimi ölkədə fəaliyyət göstərən bütün tipli idman hazırlığı təhsil müəssisələrinin xüsusi təlim-idman bazalarının olmasını təmin etmək;
- İdman hazırlığı sistemində işləyən məşqçi-müəllimlərin hazırlığı və peşə təsnifatının artırılması üzrə müasir effektiv sistemin hazırlanması. Bu sahə üzrə 2016-cı ilə kimi ölkədə kadr çatışmamazlığı probleminin həll edilməsi;
- Ehtiyat qüvvəsinin hazırlığı ilə məşğul olan mütəxəssislərin əməyinin stimullaşdırılmasının yeni mexanizminin hazırlanması;
- 2015-ci ilə kimi ölkədə fəaliyyət göstərən müxtəlif tipli bütün idman hazırlığı məktəblərinin inkişaf etdirdikləri idman növləri üzrə təlim-məşq proqramları ilə təchizinin təmin edilməsi;

e) Yüksək səviyyəli idmançıların hazırlanması üzrə

- Yüksək səviyyəli idmançıların hazırlığı sisteminin modernləşdirilməsi;
- Yüksək səviyyəli idmançıların təlim-məşq prosesi və yarış fəaliyyətlərinin effektiv elmi-metodiki planlaşdırılması və proqramlaşdırılmasının həyata keçirilməsi;
- Olimpiya idman növlərinin, xüsusən Azərbaycan Respublikası üçün prioritet sayılan idman növlərinin 2020-ci ilə kimi İnkişaf Proqramının hazırlanması və təsdiqi;
- Prioritet idman növləri üzrə respublika və regional Olimpiya hazırlığı mərkəzlərinin yaradılması və 2015-ci ilə kimi plan üzrə fəaliyyətlərinin təşkili;
- Milli yığma komandaların hazırlığı ilə bağlı elmi-metodiki işlərin təşkili və təkmilləşdirilməsi. 2016-cı ildən başlayaraq Olimpiya, Paralimpiya və Deflimpiya idman növləri üzrə milli yığma komandaların nəzdində daimi fəaliyyət göstərən və müvafiq qurumlar tərəfindən maliyyələşdirilən Elmi Kompleks Qruplarının (EKQ) yaradılması və fəaliyyətlərinin təmin edilməsi;
- Yüksək səviyyəli idmançıların məşq prosesinin məzmunu və strukturunun tibbi-bioloji texnologiyasının işlənib hazırlanması və tətbiqi;
- Perspektiv və yüksək səviyyəli idmançıların hazırlıq prosesi və yarışlar ərəfəsində mütəmadi olaraq dopinq nəzarətinə götürülməsi və yoxlanılması;

ə) Bədən tərbiyəsi və idmanın inkişafının kadr təminatı və elmi bazasının yaradılması üzrə

- Ölkədə bədən tərbiyəsi və idman sahəsində kadr siyasətinin təkmilləşdirilməsi. Bu sahə üzrə kadrların hazırlanması imkanlarının genişləndirilməsi;
- 2020-ci ilə kimi bədən tərbiyəsi və idmanın inkişafı dinamikasına uyğun olaraq, ölkədəki kadr çatışmamazlığı və ildən-ilə artan təlabatı nəzərə alaraq bədən tərbiyəsi və idman sahəsi üzrə mütəxəssislərin hazırlanması haqqında 2015-ci ilə kimi Dövlət Sifarişinin hazırlanması;
- Ali təhsil müəssisələrinin məzunlarının təlabat və sifarişlərə uyğun regionlara, şəhər və rayonlara, xüsusən qəsəbə və kəndlərə dövlət təyinatı ilə göndərilməsi. Dağ rayonlarına və kənd yerlərinə təyinat almış gənc kadrların əlavə əmək haqqı və yataqla təmin edilməsi məsələlərinin dövlət səviyyəsində həlli;
- Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının nəzdində ən azı 50 nəfər müdavimi olan daimi respublika kurslarının təşkil edilməsi;
- Respublika Təhsil Problemləri institutunun nəzdində fiziki tərbiyə və ibtidai hazırlıq bölməsinin yaradılması;
- “Azərbaycan məktəbi” jurnalının əlavəsi kimi “Məktəblərdə bədən tərbiyəsi” bülleteninin nəşrinin bərpa edilməsi;
- Təhsil nazirliyinin şəhər və rayon idarələrində bədən tərbiyəsi üzrə metodist vəzifələrinin 2014-cü ildən yenidən təsis olunması;
- Bədən tərbiyəsi və idman sahəsində ölkədə aparılmış elmi-tədqiqat işlərinin təcrübədə istifadə edilməsi üzrə əməli tədbirlərin həyata keçirilməsi;
- Bədən tərbiyəsi və idman sahəsi üzrə aparılan elmi-tədqiqat işlərinin genişləndirilməsi, səviyyələrinin yüksəldilməsi və işlək olmalarının təmin edilməsi;
- 2020-ci ilə kimi Azərbaycanda Bədən tərbiyəsi və idman sahəsi üzrə Respublika Elmi-tədqiqat institutunun yaradılması;
- Müasir təhsil standartlarına uyğun olan dərsliklərin, ayrı-ayrı idman növləri üzrə dərs vəsaitlərinin, təlim-məşq proseslərinin təşkili və aparılması üçün digər əyani vəsaitlərin işlənib hazırlanması;

4. Hədəflər

Milli Strategiya bədən tərbiyəsi və idman sahəsindəki hədəfləri müəyyən edir və bu hədəflərə çatmaq üçün tərəfdaşlıq şəraitində işləməyin yeni yollarını axtarır.

Milli Strategiyanının əsas hədəfləri:
a) beynəlxalq idman aləmində Azərbaycanı fəal ölkəyə çevirmək

- bədən tərbiyəsi və idman hərəkatını genişləndirmək, bədən tərbiyəsi və idmanla məşğul olanların sayını ildən-ilə artırmaq.Bədən tərbiyəsi və idmanın qızlar arasında daha geniş və təsirli inkişafına nail olmaq. Sağlamlıq imkanları məhdud olan insanların (əlillərin) daha çox hissəsini bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb etmək. Bütün regionlarda, xüsusən kənd rayonlarında idmanın inkişafı üçün spesifik əməli tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
- imkansız ailələrdən olan uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmanla daha kütləvi, ödənişsiz məşğul olmalarına şəraitin yaradılması, onların idmanda qalmaları və uğur qazanmaları bununla da həyatlarını zənginləşdirə bilmələri üçün konkret tədbirlərin planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi;

b) Hər üç səviyyədə-idmanla məşğul olmağa başlamaqda, idmanda qalmaqda və idmanda uğur qazanmaqda insanlara kömək etmək.

Yaşından, etnik mənşəyindən və ya sağlamlıq vəziyyətindən asılı olmayaraq hər kəsin idman fəaliyyəti dairəsinin genişləndirilməsi məsələsini həll etmək, idman və gənclər təşkilatlarının, klubların, məşqçilərin və könüllülərin dinamik şəbəkəsini yaratmaq və formalaşdırmaq, insanların idmanda qalması üçün davamlı infrastruktur yaratmaq;

c) Bədən tərbiyəsi və idmanın kütləviliyi

Hazırda Azərbaycanda bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı1.660.391nəfərdir. Bu əhalinin ümumi sayına nisbətdə 17.5%-ni, fəal yaş qruplarına (5-39 yaş) olan nisbətdə29.1%-ni təşkil edir. Ölkədə bədən tərbiyəsi və idmanla məşğul olan qızlar və qadınların sayı isə 660.124nəfərə çatır. Bu göstərici qızlar və qadınların ümumi sayının (4.594.000) 14.5%-ni təşkil edir.
İdman bölmələrində daim idmanla məşğul olanların ümumi sayı 444.473nəfərdən ibarətdir. Bu göstərici əhalinin ümumi sayının 4.8%-i, bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayının isə 26.7%-i deməkdir.
Qızlar və qadınların bu sahədə göstəriciləri aşağıdakı kimidir:
- İdmanla məşğul olanlar – 88.788nəfər, qadınların ümumi sayına olan nisbətdə - 1.9%, bədən tərbiyəsi və idmanla məşğul olan qadınların ümumi sayına olan nisbətdə isə - 13.6%
Göründüyü kimi bədən tərbiyəsi və idmanla məşğulluq üzrə göstəricilər bu gün ölkədə son dərəcə aşağı səviyyədədir. Xüsusən qızlar və qadınlar arasında bu göstərici daha da aşağı (14.5%) vəziyyətdədir.
Müqayisə üçün qeyd etmək lazımdırki, bədən tərbiyəsi və idmanla məşğulluq göstəriciləri əhalinin ümumi sayının nisbətinə görə bir sıra ölkələrdə aşağıdakı vəziyyətdədir:
Finlandiya – 70%, Avstraliya – 57%, İngiltərə - 32%.
Yaranmış vəziyyətlə əlaqədar Milli Strategiyanın əsas hədəflərindən biri bədən tərbiyəsi və idmanın ölkədə kütləvi inkişafına nail olmaqdır.
Beləki 2020-ci ilədək respublikada bədən tərbiyəsi və idmanla məşğul olanların sayının (o cümlədən qızlar və qadınların) ildə 2-3% artırılması, 2020-ci ildə isə ölkə üzrə ümumi göstəricinin 25-30%-ə, qızlar və qadınlar arasında isə - 20-25%-ə çatdırılması qarşıya məqsəd qoyulur.

ç) Azərbaycanı qabaqcıl idman ölkəsinə çevirmək

-Yüksək səviyyəli idmançıların, komandaların hazırlanmasına nail olmaq. Onların köməkliyi ilə beynəlxalq yarışlarda – xüsusən Olimpiya Oyunlarında, Dünya və Qitə yarışlarında daima uğurlar qazanmaq. Azərbaycanı beynəlxalq idman aləmində ön cərgələrə çıxartmaq.
d)2024-ci il XXXIII Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə iddiaçı və sahib olmaq, Azərbaycanı Olimpiya ölkəsi etmək.

5.Milli Strategiyanının əsas istiqamətləri

1. Ölkədə bədən tərbiyəsi və idmanın vəziyyətinin dərindən öyrənilməsi;
2. Bədən tərbiyəsi və idmanın kütləvi inkişafının 2013-2020-ci illəri əhatə edən dövr üçün strateji planlaşdırılması;
3. Bədən tərbiyəsi və idmanın inkişafının regionların sosial-iqtisadi inkişaf proqramına uyğun ərazi prinsipi üzrə (şəhər və rayonlar) 2013-2020-ci illəri əhatə edən dövrə planlaşdırılması;
4. Təhsil müəssisələrində və yaşayış yerlərində bədən tərbiyəsi və idmanın infrastrukturunun inkişaf etdirilməsi;
5. Daha çox riskə məruz qalan və yoxsul təbəqələrdən olan uşaqlar, yeniyetmə və gənclər də daxil olmaqla bu yaş qrupları arasında idmanla məşğulluğa həvəs oyadan və maraqları artıran kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin sayının artırılması, sağlamlıq imkanları məhdud olan insanların (əlillərin) bədən tərbiyəsi və idmanla məşğul olmaları, yarışlarda çıxış etmələri və uğurlar qazana bilmələri üçün tələb olunan şərait və imkanların yaradılmasının təmin edilməsi;
6. Qızlar və qadınların bədən tərbiyəsi və idmanla məşğulluğa daha çox cəlb olunması üzrə fəaliyyətin yaxşılaşdırılması, onların məşğul ola bildikləri idman növlərinin sayının artırılması;
7. Ölkədə inkişaf etdirilən prioritet idman növlərinin müəyyənləşdirilməsi, onların regionlar üzrə dislokasiyasının təsdiqi, 2020-ci ilə kimi başqa idman növləri ilə əvəzlənməsinə yol verilməməsi;
8. Yüksək səviyyəli idmançıların hazırlanması və peşəkar idmanın daha geniş inkişafının təmin edilməsi üzrə konkret tədbirlərin və icraçı təşkilatların müəyyənləşdirilməsi. İdman nəticələrinin yaxşılaşdırılması, ölkə rekordlarının yeniləşdirilməsi və beynəlxalq uğurların artırılması;
9. Kadr tələbatının öyrənilməsi. Regionların və idman təşkilatlarının ixtisaslı peşəkar mütəxəssislərlə təmin olunmaları üzrə işin aparılması;
10. Regionlarda əhalinin say nisbətinə uyğun olaraq bədən tərbiyəsi və idman obyektlərinin, o cümlədən yaşayış yerlərində idman şəhərciklərinin inşasının planlaşdırılması;
11.Bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişafı və gücləndirilməsinin planlaşdırılması. İdman təşkilatlarının bütün idman qurğularının müasir idman avadanlıqları ilə təchizi. İdman sənayesinin yaradılması;
12.Bədən tərbiyəsi və idmanın inkişafı, yüksək səviyyəli idmançılar hazırlanması sahələri üzrə elmi tədqiqatların aparılması. İdman təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiq edilməsi. Təhsil müəssisələrində bədən tərbiyə dərslərinin saatlarının artırılması, dərslərin keyfiyyəti və istifadə olunan metodologiyanın təkmilləşdirilməsi, metodiki vəsaitlərin işlənib hazırlanması;
13.Ölkədə bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesinin təkmilləşdirilməsi, idman yönümlü qurumların sayının artırılması, bələdiyyələrin, yerli və regional qeyri-hökümət orqanlarının bu sahə üzrə fəaliyyətlərinin canlandırılması;
14.Bədən tərbiyəsi və idmanın inkişafına ayrılan maliyyə vəsaitinin həcminin ildən-ilə artırılmasının planlaşdırılması. Bu sahəyə investisiya qoyuluşuna özəl təşkilatların daha çoxcəlb edilməsi, sponsorluq fəaliyyətinin genişləndirilməsi və stimullaşdırılması;
15.Bədən tərbiyəsi və idman sahəsində Milli Strategiyanın tələblərinə uyğun olaraq dövlət siyasətinə, qanunvericilik aktlarına və direktiv-normativ sənədlərə yenidən baxılması;
16.2024-cü il Yay Olimpiya Oyunlarına iddiaçı və sahib olmaq.

6. Milli Strategiyanın prinsipləri

Xalqın sağlamlığının təmin edilməsinə, böyüməkdə olan gənc nəslin fiziki cəhətdən sağlam və güclü olmasına, xəstəliklərin, zərərli vərdişlərin qarşısının alınmasına, əhalinin əmək qabiliyyətinin yüksəldilməsinə, dövlətin müdafiə və iqtisadiyyatının möhkəmləndirilməsinə, beynəlxalq aləmdə Azərbaycan idmanının nüfuzunun yüksəldilməsinə yönəlmiş Milli Strategiya, ayrı-ayrı sahələr üçün yaradılan ənənəvi konsepsiya və proqramlardan fərqli olaraq çoxsahəlidir və geniş əhatə dairəsinə malikdir.
Bədən tərbiyəsi və İdmanın inkişafının Milli Strategiyası Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğundur, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Proqramının təsdiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrasını təmin edir və milli maraqların qorunmasına xidmət edir.Milli Strategiyası beynəlxalq qurumların, BMT-nin , Avropa Şurasının müvafiq standartlarını, tələb və tövsiyələrini, baxılan sahə üçün mühüm olan və Azərbaycan Respublikası tərəfindən də qəbul olunmuş digər beynəlxalq aktlarının müddəalarını nəzərə alır.
Milli Strategiya ölkədə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsinin səmərəliyini təmin etmək və bu prosesdə bütün maraqlı tərəflərin (dövlət orqanları, qeyri-hökümət təşkilatları, beynəlxalq təşkilatlar, ictimai təşkilatlar, elm və tədris müəssisələri, özəl qurumlar və fiziki şəxslər) iştirakı üçün bərabər şərait yaratmaq məqsədi ilə aşağıdakı əsas prinsipləri müəyyən edir:

Maarifləndirmə prinsipi – bədən tərbiyəsi və idmanın insanlar üçün nə dərəcədə faydalı olması barədə geniş təbliğat işlərinin aparılmasını, onlarda bədən tərbiyəsi və idmanla məşğulluğa həvəs və marağın yaradılmasını qarşıya məqsəd qoyur. Bu prinsip bədən tərbiyəsi və idmanın insanların məişətinə daxil edilməsində xüsusi rol oynayır.
Elmilik prinsipi – bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində cəmiyyətin ümumi inkişafının obyektiv qanunlarından və bədən tərbiyəsi hərəkatının spesifik qanunauyğunluqlarından istifadə edir.Bu prinsipin mahiyyəti elmlə təcrübənin vəhdətindən ibarətdir.
Elmilik prinsipi bədən tərbiyəsi və idman hərəkatının təşkili və idarə edilməsinin elmi əsaslarla aparılmasına xidmət edir. Bu prinsipin əsas vəzifəsi problemlərin çoxsaylı həlli yolları içərisində ən səmərəli və məqsədəuyğun olanını aşkar edib təcrübədə tətbiqi istiqamətlərini müəyyənləşdirməkdir. Bu, bədən tərbiyəsi və idmanda daha az vaxt, qüvvə və vəsait sərf etməklə daha yüksək nəticələr əldə edilməsinə imkan yaradacaqdır.
Bərabərlik prinsipi – ölkədə fiziki, əqli və maddi imkanlarından, eləcədə aid olduqları idarə mənsubiyyətindən asılı olmayaraq əhalinin bütün sosial təbəqələri və yaş qruplarına öz bilik və bacarıqlarını reallaşdıra bilmələrinə,həyatlarına müsbət təsir göstərəcək sahələrdə, o cümlədən təhsil və sağlamlıqlarındahərtərəfli uğurlu inkişafa nail olmaları üçün eyni səviyyəli şərait və imkanlar yaradılmasını nəzərdə tutur.
Bərabərlik prinsipi bədən tərbiyəsi və idmanhərəkatında iştirak edən bütün vətəndaşların və qurumların bu sahədəki maraqlarını eyni dərəcədə nəzərə alaraq, onlara potensial imkanlarını nümayiş etdirə bilmələrinə xidmət edir.
Optimallıq prinsipi – bədən tərbiyəsi və idmanın inkişafının kütləviliyini və yüksək dərəcəli idmançıların hazırlanması məsələlərinin həllində daha səmərəli yolların axtarılmasını, bədən tərbiyəsi və idmanın inkişafına ayrılmış maliyyə vəsaitindən, idman qurğuları və avadanlıqlarından kadr potensialından, eləcə də digər mövcud imkanlardan bacarıqla, səmərəli istifadə edilməsinə xidmət edir.
Mərhələlik prinsipi –Milli Strategiyanın qarşısında duran əsas məqsəd və vəzifələrin müəyyən edilmiş mərhələlər üzrə həyata keçirilməsini nəzərdə tutur. Bu mərhələlər hər biri 4 ildən ibarət olan 2 Olimpiya dövrünü əhatə edir.
Hər bir mərhələdə MilliStrategiyanın müəyyən edilmiş istiqamətləri üzrə ölkədə bədən tərbiyəsi və idmanın inkişafının planlaşdırılmış səviyyədə reallaşdırılmasının təmin edilməsi məqsədilə xüsusi Dövlət Proqramları fəaliyyət göstərir. Mərhələlik prinsipi, eyni zamanda 4 illik Dövlət Proqramlarının müəyyən edilmiş mərhələlər üzrə icrasını nəzərdə tutur.
Millilik prinsipi – ölkədə bədən tərbiyəsi və idman hərəkatının təşkili və inkişafında azərbaycan xalqının milli tarixinə, mentalitetinə, adət və ənənələrinə, maraq və arzularına istinad edir. Ölkədə yaşayan digər millətlərin nümayəndələri ilə birlikdə, azərbaycanlı gənclərin daha çox sayda yüksək səviyyəli idmançı və mütəxəssis kimi hazırlanması, onların beynəlxalq idman aləmində uğurlar qazana bilməsi millilik prinsipinin əsas məqsədidir. Bu prinsip həmçinin azərbaycan xalqının sağlam və fiziki cəhətdən güclü bir millət olmasına xidmət edir.
Beynəlxalq əməkdaşlıq prinsipi – Azərbaycan Respublikasının Bədən tərbiyəsi və idman üzrə üzv olduğu bütün beynəlxalq təşkilatların həyata keçirdikləri layihələrdə fəal iştirakını, təcrübə mübadilələrini, xarici dövlətlərlə bu sahədə əməkdaşlığını nəzərdə tutur.

7. Milli Strategiyanın bölmələri və müddəti

Bütövlükdə Milli Strategiya aşağıdakı bölmələrdən ibarətdir:

I. Təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın inkişafı

Bu bölmə Milli Strategiyanın əhatə etdiyi dövr ərzində ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində (orta, kollec, orta ixtisas, ali) o cümlədən özəl təhsil ocaqlarında aşağıdakı məsələlərin həllini nəzərdə tutur:
-idman zallarının, sadə idman meydançalarının və digər idman obyektlərinin olması;
-ümumtəhsil məktəblərində bədən tərbiyə dərslərində idman oyunlarıüzrə məşğələlərin keçirilməsi;
-təhsil müəssisələrində fiziki tərbiyənin tədrisi səviyyəsinin və onun statusunun yüksəldilməsi, pedoqoji kadrların peşə səviyyələrinin təkmilləşdirilməsi və ixtisaslarının artırılması;
-həftə ərzində bədən tərbiyəsi dərsləri də daxil olmaqla bədən tərbiyəsi və idmanla hər bir nəfərin ən azı 10 saat məşğul ola bilməsinin təmin edilməsi
-uşaq və yeniyetmələrin fiziki tərbiyəsinin inkişafı ilə bağlı elmi-praktiki əsasların işlənib hazırlanması;
-təhsil müəssisələrində idman klublarının yaradılması;
-orta ümumtəhsil məktəblərində idmanın ayrı-ayrı növləri üzrə ixtisaslaşdırılmış idman siniflərinin yaradılması;

II. İcmalarda, yaşayış yerlərində bədən tərbiyəsi və idmanın inkişafı

Bu bölmə dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərindən kapital qoyuluşu və digər təşkilatların gəlirlərindənbu məqsədə ayrılmış vəsaitlər hesabına icmalarda, xüsusən yaşayış yerlərində idman-sağlamlıq mərkəzlərinin, qurğularının və bu yönümlü obyektlərin tikintisi, təchizatı və vətəndaşların istifadəsinə verilməsininəzərdə tutur.
Eyni zamanda yerlərdə bədən tərbiyəsi və idmanın inkişafının təşkili və idarə olunması məqsədilə bələdiyyələrdə, mənzil istismar və icma mənşəli təşkilatlarda bədən tərbiyəsi-sağlamlıq və idman işləri üzrə xüsusi ştatların, mövcud idman təşkilatlarının filiallarının (yerli idarələrinin) və digər yeni strukturların yaradılması planlaşdırılır.

III. Bədən tərbiyəsi və idmanın təbliğinin genişləndirilməsi

Bədən tərbiyəsi və idmanın inkişafında əhalinin kütləvi surətdə fiziki hərəkətlərlə məşğulluğa cəlb olunmasında yüksək səviyyəli idmançıların hazırlanmasında təbliğatın rolu və yeri böyük əhəmiyyət kəsb edir.
Bununla əlaqədar olaraq bu bölmə ölkədə bədən tərbiyəsi və idmanın təbliği üzrə işlərin daha geniş və effektiv formada təşkili və həyata keçirilməsini əhatə edir.

IV. Yüksək nailiyyətli idmanın inkişafı

Bu məqsədə nail olunması üçün ölkədə ixtisaslaşdırılmış təlim idman bazalarının sayının artırılması mövcud bazaların müasir tələblər səviyyəsində çatdırılması, müxtəlif idman növləri ilə məşğulluğa imkanı olan idman qurğularının inşası, respublika səviyyəli Olimpiya mərkəzlərinin, Regional idman təmayüllü internat məktəblərinin, ixtisaslaşdırılmış idman məktəblərinin, siniflərinin, peşəkar idman klublarının, yeni respublika miqyaslı idman təşkilatlarının, milli antidopinq nəzarət sisteminin yaradılması, eləcə də digər bu təyinatlı tədbirlərin planlaşdırılması və həyata keçirilməsi tələb olunur.

V. Milli Strategiyanın həyata keçirilməsinin təmin edilməsi

Ölkədə bədən tərbiyəsi və idmanın kütləvi inkişafının müəyyən edilmiş dövrdə həyata keçirilməsi əsasən aşağıdakı mühüm məsələlərin həllindən asılıdır:
-kütləvi bədən tərbiyəsi və yüksək nailiyyətli idmanın elmi-metodiki bazasının yaradılması
-infrastrukturanın inkişafı
-kadr hazırlığı məsələlərinin həlli
-maddi-texniki bazanın təminatı
-tələb olunan həcmdə maliyə vəsaitinin ayrılması.

Milli Strategiyanın müddəti:

Bədən tərbiyəsi və İdmanın inkişafı üzrə Milli Strategiya 8 illik dövrü yəni 2013-2020-ci illəri əhatə edir.
Milli Strategiya 2 Olimpiya dövründə XXXI Yay Olimpiya Oyunları – 2013-2016 və XXXII Yay Olimpiya Oyunları – 2017-2020-ci illər) həyata keçirilir.
Milli Strategiyanın icra taktikası hər biri 4 illik müddətə planlaşdırılmış ölkədə bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2 Dövlət Proqramından ibarətdir.
Bununla əlaqədar olaraq Milli Strategiyanın əsasən 3 mərhələdə həyata keçirilməsi planlaşdırılır:
I mərhələ - 2013-2016-ci illər
a) ilk 2 il ərzində - 2013-2014-cü illər
“Bədən tərbiyəsi və idmanın kütləvi inkişafına başlanması”
Bu mərhələdə aşağıdakı tədbirlərin icrası nəzərdə tutulur:
- Təhsil müəssisələrində və yaşayış yerlərində (icmalarda, məhəllələrdə) kütləvi idman infrastrukturunun inkişafına başlanması;
- Təhsil müəssisələrindəki idman obyektlərinin qeydiyyatdan keçirilməsi, inventarlaşdırılması, yeni tikiləcək idman obyektlərinin təhsil müəssisələri üzrə konkret ünvanlarının müəyyənləşdirilməsi və inşasına başlanması;
- Bədən tərbiyəsi və idmanın geniş təbliğat və təşviqat işlərinin təşkilinə başlanması;
- “Böyük idmana” xidmət edən idman qurğuları və bazalarının rekonstruksiyasına və tələblərə uyğun olaraq yenilərinin inşasına başlanması;
- Ehtiyat qüvvələrinin hazırlanmasını təmin edə biləcək ixtisaslaşdırılmış regional Olimpiya hazırlığı mərkəzlərinin yaradılması;
- Bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayının 15-20%-ə, qızlar və qadınlar arasında isə bu göstəricinin 5-10%-ə çatdırılması.

b) sonrakı 2 il ərzində - 2014-2016-ci illər

“Bədən tərbiyəsi və idmanın kütləvi inkişafının artırılması”
Bu mərhələdə aşağıdakı tədbirlərin icrası nəzərdə tutulur:
- Kütləvi idman infrastrukturasının inkişafının başaçatdırılması;
- Təhsil müəssisələrində və yaşayış yerlərində idman obyektlərinin inşası proqramının davam etdirilməsi;
- Sağlamlıq imkanları məhdud olan insanlar üçün xüsusi idman obyektlərinin inşasına başlanması;
- Bədən tərbiyəsi və idmanın təbliği və təşviqi üzrə tədbirlərin təşkili və həyata keçirilməsi;
- Gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafının müasir standartlar və tələblər səviyyəsinə uyğun ola bilməsi üçün işlərin aparılması;
- Ehtiyat qüvvələr hazırlanmasının təmin edilməsi məqsədilə şəhər və rayonlarda müəyyən edilmiş dayaq idman növləri üzrə Olimpiya hazırlığı mərkəzlərinin yaradılması işlərinin davam etdirilməsi;
- “Böyük idmana” xidmət edən yeni idman baza və qurğularının inşası proqramının davam etdirilməsi;
- Ölkədə bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayının 25-30%-ə, qızlar və qadınlar arasında isə bu göstəricinin 20-25%-ə çatdırılması.
II mərhələ - 2017-2020-ci illər
“Bədən tərbiyəsi və idmanın kütləvi inkişafına nail olunması”
Bu mərhələdə aşağıdakı tədbirlərin icrası nəzərdə tutulur:
- Təhsil müəssisələrində idman obyektlərinin inşası proqramının başa çatdırılması;
- Yaşayış massivlərində idman obyektlərinin inşası proqramının başa çatdırılması, yeni tikilən yaşayış yerlərində bu proqramın davam etdirilməsi;
- Sağlamlıq imkanları məhdud olan insanlar üçün xüsusi idman obyektlərinin inşası işlərinin davam etdirilməsi;
- Bədən tərbiyəsi və idmanın təbliği və təşviqi üzrə tədbirlərin təşkilinin davam etdirilməsi;
- Ehtiyat qüvvə hazırlanmasının təmin edilməsi məqsədilə şəhər və rayonlarda Olimpiya hazırlığı mərkəzlərinin yaradılması işlərinin başa çatdırılması;
- “Böyük idmana” xidmət edən idman bazaları və qurğularının inşası proqramının başa çatdırılması;
- Gənclər arasında bədən tərbiyəsi və idmanın müasir standartlar və tələblər səviyyəsində inkişafının təmin edilməsi;
- Ölkədə bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayının 25-30%-ə, qızlar və qadınlar arasında isəbu göstəricinin 15-20%-ə çatdırılması.

8. Bədən tərbiyəsi və idmanın idarə olunması sisteminin təkmilləşdirilməsi

I. Bədən tərbiyəsi və idmanın idarə edilməsi Sistemi

Bədən tərbiyəsi-sağlamlıq və kütləvi idmanın yüksək səviyyəli idmançıların və idmanın ehtiyat qüvvəsinin hazırlanması məsələlərinin kompleks həllini təmin etmək üçün bədən tərbiyəsi və idmanın idarə edilməsinin müasir Sisteminin yaradılması qarşıda duran ən vacib vəzifələrdən biridir.
Bədən tərbiyəsi və idmanın Milli Sisteminin əsasını aşağıdakıların təşkil etməsi nəzərdə tutulur:
- Ölkədə bədən tərbiyəsi və idmanın proqram-normativ əsası sayılan – Ümumrespublika Bədən tərbiyəsi və idman kompleksi (ÜBTİK);
- Yeniyetmə və gənclərin fiziki hazırlığının əsasın təşkil edən “Vətənin Müdafiəsinə Hazıram” Kompleksi;
- İdman klubu – ölkədə bədən tərbiyəsi və idman hərəkatının ilkin manqası
- Bələdiyyə - bədən tərbiyəsi və idmanın ölkədə idarə edilməsinin ilkin təşkilatı əsası;
- Kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin, o cümlədən respublika və beynəlxalq yarışların Vahid Təqvim Planı (VTP);
- Respublika Vahid İdman Təsnifatı (VİT).

II. 2020-ci ilə kimi Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın idarə edilməsi sisteminin təkmilləşdirilməsinin əsas vəzifələri

- Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsinin yeni müasir strukturunun hazırlanması və 2014-cü ilə kimi qəbul edilməsi ;
- Bədən tərbiyəsi və idman sahəsi üzrə müəyyən edilmiş dövlət icra hakimiyyəti (hazırda Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi) orqanı ilə ölkədə bədən tərbiyəsi və idman hərəkatında iştirak edən digər dövlət icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyətlərinin təkmilləşdirilməsi;
- Bədən tərbiyəsi və idman sahəsi üzrə Dövlət İcra Hakimiyyət orqan ilə ictimai, qeyri-hökümət və özəl bədən tərbiyəsi və idman yönümlü təşkilatlar və birliklərin qarşılıqlı fəaliyyətlərinin, hüquqi münasibətlərinin təkmilləşdirilməsi;
- Bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsi üzrə Dövlət Maliyyə siyasətinin təkmilləşdirliməsi;
- Respublika, regional və bələdiyyə səviyyələrində bədən tərbiyəsi və idman hərakatının idarə edilməsinin yeni təkmilləşdirilmiş model strukturunun hazırlanması;
- Respublikada xüsusən şəhər və rayonlarda əhalinin sayına görə - bədən tərbiyəsi və idman yönümlü təşkilatların yaradılması;
- Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət proqramlarının icrasında iştirak edən dövlət qurumları və digər təşkilatların konkret olaraq müəyyənləşdirilməsi, onların qarşılıqlı fəaliyyətlərinin təşkil edilməsi;
- Bədən tərbiyəsi və idmanın inkişafı üzrə regional, şəhər və rayon Dövlət Proqramlarının hazırlanması və həyata keçirilməsi;
- Bədən tərbiyəsi və idmanın bələdiyyə orqanları tərəfindən idarə edilməsi sisteminin hazırlanması;
- Bədən tərbiyəsi və idmanın Bələdiyyə İnkişaf Proqramının hazırlanması, qəbulu və icrası;
- Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanununda ölkədə bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsi sistemi və strukturu ilə bağlı əlavələrin və dəyişikliklərin edilməsi məqsədəuyğun sayılır.

9. Ölkədə bədən tərbiyəsi və idmanın inkişafında Dövlətin siyasəti və rolu

Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı dövlətin, eləcədə ölkədə fəaliyyət göstərən bütün dövlət orqanlarının qarşısında duran ən əsas və vacib vəzifələrdən biridir.
Xalqın sosial inkişafının və mədəniyyətinin ən əsas sahələrindən biri olan bədən tərbiyəsi və idmana daima ciddi münasibət göstərən, böyük diqqət və qayğı ilə yanaşan dahi şəxsiyyət, ulu öndərimiz Heydər Əliyev idman ictimaiyyətilə görüşlərində bu sahənin Dövlətimiz və onun vətəndaşları üçün nə qədər vacib olduğunu dəfələrlə vurğulamışdır.
Bədən tərbiyəsi və idmanın inkişafı prosesi kütləvi bədən tərbiyəsi hərəkatı xarakteri daşıyır. Bu məsələnin həllində dövlət orqanları və ictimai təşkilatların fəaliyyəti vəhdət təşkil edərək insanların fiziki hazırlığının təkmilləşməsi və yüksəlməsinə yönəldilmişdir.
Bədən tərbiyəsi və idman hərəkatının təşkili və idarə olunması xalqın maraqları və dövlətin siyasətinə uyğun olmalıdır. Bu sahədə Dövlətin siyasəti “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində aşağıdakı kimi müəyyən edilmişdir:
- Bədən tərbiyəsi və idmanın hüquqi bazasını yaratmaq;
- Bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsi;
- Yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi və idman təşkilatları, uşaq idman müəssisələri sistemini yaratmaq;
- Bədən tərbiyəsi və idmanın inkişafı üçün zəruri maddi-texniki bazanı yaratmaq;
- Bədən tərbiyəsi və idman sənayesini inkişaf etdirmək;
- Tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün idman təşkilatları üçün bərabər imkanlar yaratmaq.
Dövlət siyasətinin bu müddəaları, eyni zamanda ölkədə bədən tərbiyəsi və idman hərəkatında Dövlətin rolunu və fəaliyyət istiqamətlərini əks etdirir.
Bədən tərbiyəsi və idmanın ölkədə kütləvi inkişafı, beynəlxalq aləmdə uğurlar qazana biləcək yüksək səviyyəli idmançıların hazırlanması hazırkı mərhələdə həddindən artıq mürəkkəb və çətin bir prosesdir. Bu proses onun müvəffəqiyyətlə həyata keçirilməsinə cəlb olunan bütün amillərdən o cümlədən siyasi-inzibati, maliyyə, insan,texniki və s. resurslardan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsini, görülən işlərin tənzimlənməsini və əlaqələndirilməsini, bütövlükdə bu hərəkata dövlət səviyyəsində rəhbərlik və nəzarəti tələb edir.Bu səbəbdən ölkədə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi sahəsində “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi üçün Milli Strategiya və Dövlət Proqramlarının qəbul edilməsi və icrası ən vacib məsələdir.

10. Milli Stratregiyanın hüquqi-normativ bazası

Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiyanın hüquqi-noramativ bazası başqa sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman sahəsində də qəbul edilmiş dövlət qanunlarıdır. Hüquqi- normativ aktlar arasında ən əsas sənəd Azərbaycan Respublikasının Konstitusiyasıdır.
Konstitutsiya vətəndaşların bədən tərbiyəsi və idmanla məşğul olmaq, sağlamlıqlarını qorumaq və möhkəmləndirmək hüquqlarını müəyyənləşdirir. Ölkədə bədən tərbiyəsi və idman hərəkatını istiqamətləndirən, inkişafını təmin edən əsas sənəd 2009-cu ildə qəbul edilmiş “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunudur.
Bundan əlavə cəmiyyətin inkişafının digər sahələri üzrə (xüsusən təhsil, səhiyyə, müdafiə, hüquq-mühafizə, mədəniyyət və s.) qəbul edilmiş qanunlar da həmin sahələrdə bədən tərbiyəsi və idmanın yerini və istiqamətlərini müəyyənləşdirir, inkişafını təmin edir. Bu qanunlar əsasında və onların icrası məqsədilə dövlət mərkəzi İcra hakimiyyəti orqanları tərəfindən bədən tərbiyəsi və idman üzrə qəbul olunmuş sənədlər bütövlükdə bədən tərbiyəsi və idmanın, eləcədə bu sahə üzrə müəyyən edilmiş Milli strategiyanın hüquqi-normativ aktlar bazasını formalaşdırır.
Milli Strategiyanın həyata keçirilməsinin təmin edilməsində hazırda mövcud olan hüquqi-normativ aktlara və bundan sonra dövlət tərəfindən qəbul ediləcək yeni direktiv sənədlərə istinad edilir.
Milli Strategiyanın məqsəd və vəzifələri, hədəf və istiqamətləri onun uğurla reallaşdırıla bilməsi üçün bədən tərbiyəsi və idman sahəsindəki qanunvericilikdə müvafiq dəyişikliklərin aparılması və əlavələrin edilməsini tələb edir. Əks halda Milli Strategiyanın və Dövlət Proqramlarının müəyyən edilmiş müddətlərdə icrası qeyri-mümkün olacaqdır.

Milli Strategiya bu sahədə aşağıdakı hüquqi normativ aktların hazırlanmasını planlaşdırır:

- “Uşaq idmanı” sağlamlıq imkanları məhdud olan insanların və əlillərin idmanla məşğulluğu haqqında Azərbaycan Respublikası Qanununa əlavələrinhazırlanması və qəbulu;
- Azərbaycan Respublikasının Əmək Kodeksinə “Məşqçilərin və peşəkar idmançıların əməyinin xüsusiyyətləri” haqqında yeni maddənin hazırlanması və əlavə edilməsi;
- “Ölkədə bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsi strukturunun təkmilləşdirilməsi haqqında” – Respublika Nazirlər Kabinetinin qərarının hazırlanması;
- “Bədən tərbiyəsi və idmanın inkişafının Dövlət Proqramlarının” layihələrinin hazırlanması və Respublika Prezidenti tərəfindən təsdiq edilməsi.

11. Azərbaycanda Olimpiya hərəkatı

Müstəqillik dövrünə qədəm qoyduqdan sonra xüsusilə 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinə cənab İlham Əliyev prezident seçildiyi vaxtdan ölkədə olimpiya hərəkatında yeni yüksəliş dövrü başlanmışdır. Milli Olimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənərək Beynəlxalq olimpiya hərəkatında Azərbaycan qısa bir müddətdə özünə ön cərgələrdə yer tuta bilmişdir.
Milli Olimpiya Komitəsi Dövlət orqanları, ictimai təşkilatlar, özəl qurumlar, idman növləri üzrə respublika federasiyaları, idman cəmiyyətləri, klubları və digər bu yönümlü təşkilatların imkan və səylərini birləşdirərək olimpiya hərəkatında birgə fəaliyyət göstərmək və bu fəaliyyəti mərkəzləşmiş formada idarə etmək mexanizmi hazırlaya bilmişdir. Məhz bu fəaliyyətin nəticəsində Azərbaycan artıq dünyada Olimpiya ölkəsi kimi tanınmaqdadır. Aşağıdakı faktlar bu fikri tam təsdiqləyir:
-Son illərdə ölkənin ayrı-ayrı regionlarında, o cümlədən kənd rayonlarında beynəlxalq standartlara və normativlərə uyğun 34 Olimpiya idman kompleksi tikilib istifadəyə verilmişdir;
-2020-ci il XXXII YayOlimpiya Oyunlarına kimi respublikanın qalan bütün şəhər və rayonlarında müasir Olimpiya komplekslərinin inşası və xalqın sərəncamına verilməsi dövlət səviyyəsində planlaşdırılmışdır;
-Ayrı-ayrı idman növləri üzrə olimpiya mərkəzlərinin yaradılması və idmançıların istifadələrinə verilməsi hər il planlı şəkildə həyata keçirilir;
-Olimpiya hərəkatının ölkədə daha geniş formada vüsət alması, bədən tərbiyəsi və idmanın kütləvi inkişafının təmin olunması sahəsində konkret tədbirlər planlaşdırılır və uğurla reallaşdırılır;
-Yüksək səviyyəli idmançıların hazırlanması və beynəlxalq yarışlarda uğurların qazanılması fəaliyyətin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Azərbaycan 1996-cı ildə ilk dəfə olaraq XXVI Atlanta Yay Olimpiya Oyunlarında müstəqil dövlət kimi iştirak etmişdir. 23 idmançı ilə 10 idman növü üzrə Olimpiya Oyunlarına qatılan milli yığmamız 1 gümüş medal qazanaraq Oyunların iştirakçısı olan 197dövlət arasında 61-ci yeri tuta bilmişdi.
2000-ci il XXVII SidneyYay Olimpiya Oyunlarında Azərbaycan 31 idmançı ilə idmanın 12 növündə təmsil olunmuşdu. Oyunlara böyük və ciddi hazırlıq keçən Milli Olimpiya Komandamız nəticədə 2 qızıl və 1 bürünc medalla 199 ölkə arasında keyfiyyətə görə 34, medalların sayına görə isə 49-cu yerləri tutmuşdu.
2004-cü il XXVIII Afina Yay Olimpiya Oyunlarında ölkəmiz 12 idman növündə 38 idmançı ilə çıxış edərək 1 qızıl 4 bürünc medala sahib olmuşdu. Bu nəticə milli olimpiya komandamızın Afina Olimpiya Oyunlarında keyfiyyətə görə 50-ci, saya görə isə 37-ci yerləri tutmasına imkan verdi. İdmançılarımızdan daha 12 nəfəri 4-10-cu yerlərdə müəyyənləşdilər.

2008-ci il XXIX Pekin Yay Olimpiya Oyunları:
Son illər yüksək idman nailiyyətləri ilə bütün dünyanın diqqətini cəlb edən ölkəmiz Pekin – 2008–də yeni rekordlar müəyyənləşdirdi. Özünəməxsus rekord sayda – 44 idmançısı ilə Oyunlara qatılmış milli olimpiya komandamız idmanın 11 növündə medallar uğrunda mübarizəyə qoşulmuşdu. Yarışlar Azərbaycan idmançıları üçün yeni rekordlarla başa çatdı:
- 7 medal – 1 qızıl, 2 gümüş, 4 bürünc qazanıldı.
- Daha 15 idmançımız 4-10-cu yerlərdə qərarlaşdı.
Azərbaycan XXIX Olimpiya Oyunlarında medalların keyfiyyətinə görə 39-cu, sayına görə isə 27-ci oldu.
2012-ci il XXX Yay London Olimpiya Oyunları.
Pekin Yay Olimpiya Oyunlarında böyük uğurlar qazanmış azərbaycan idmançıları London Olimpiya Oyunlarında daha yüksək nəticələrə imza atdılar. Dünyanın 204 ölkəsinin qatıldığı XXX Yay London Olimpiya Oyunlarında 53 idmançı ilə 16 idman növündə çıxış edən Azərbaycan Milli Olimpiya Komandası aşağıdakı göstəriciləri ilə yeni rekordlara nail oldu:
-10 medal – 2 qızıl, 2 gümüş və 6 bürünc
- I-VIII yerlər – 22 idmançımız
- medalların keyfiyyətinə görə 30-cu yer, sayına görə 24-cü yer
- Avropa ölkələri arasında 15-ci, keçmiş SSRİ Respublikaları arasında 5-ci, müsəlman dövlətləri arasında 3-cü, türkdilli ölkələr arasında isə 2-ci yer.
XXX Yay London Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə 204 iştirakçı ölkədən yalnız 54-nün nümayəndələri qalxa bilib. Sevindirici haldırki, onların sırasında Azərbaycan da vardır.
Azərbaycan idmançılarının son dörd Olimpiya Oyunlarında əldə etdikləri nailiyyətlər onların bu illər ərzində beynəlxalq yarışlarda, xüsusən Dünya və Qitə birinciliklərində qazandıqları uğurların qanunauyğun nəticəsi kimi qəbul olunur. Bununla əlaqədar idmançılarımızın son 5 ildə olimpiya oyunları proqramına daxil edilmiş idman növləri üzrə iştirak etdikləri Dünya, qitə çempionatları, Kubok yarışları, birincilikləri və rəsmi beynəlxalq yarışlarda tutduqları mükafata layiq yerlərə bir daha diqqət yetirək:


İL I II III Cəmi
2008 38 34 65 137
2009 64 46 64 174
2010 67 59 80 206
2011 92 60 124 276
2012 85 90 98 273

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda göstərdikləri nəticələr, əldə etdikləri yüksək nailiyyətlər beynəlxalq və Avropa idman federasiyalarının diqqət və maraqlarının ölkəmizə yönəlməsinə səbəb oldu.
1998-ci ildən başlayaraq ölkəmizdə xüsusən paytaxt Bakıda idmanın bir çox növləri üzrə Dünya və Avropa çempionatları, birincilikləri, Kubok yarışları, Olimpiya lisenziyalı və digər rəsmi beynəlxalq turnirlər keçirilir. Bütün tədbirlər həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir.
Yuxarıda göstərilən bütün faktlar Azərbaycanın dünyada artıq bir idman ölkəsi kimi tanınmasına əsas və yekdil fikir yaratmışdır.
Dövlət və Milli Olimpiya Komitəsi sözün əsl mənasında Azərbaycanda Olimpiya hərəkatını gündən-günə genişləndirməyi və bu sahədə yeni-yeni nailiyyətlərin əldə ounmasını qarşıya ən əsas məqsəd və vəzifə kimi qoymuşdur. Məhz buna görə də Azərbaycan 2016-cı il XXXI Yay Olimpiya Oyunlarına iddiaçı olmuş 6 ölkə sırasında özünə yer tuta bilmişdi. Növbəti mərhələyə çıxa bilməsədə Azərbaycan qarşısına qoyduğu məqsəddən imtina etmir. Bədən tərbiyəsi və İdmanın inkişafının Milli Strategiyasının - əsas istiqamətlərindən biri 2024-ci il XXXIII Yay Oyunlarının ölkəmizdə keçirilməsinə nail olmaqdır.
Bu istiqamətdə Azərbaycan dövləti, onun başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tələb olunan bütün tədbirlərin planlaşdırılıb, ən yüksək səviyyədə həyata keçirilməsinə tam zəmanət verir.
Azərbaycan xalqı gələcəyə böyük ümidlə baxır və inanırki, 2024-cü il Yay Olimpiya Oyunlarına məhz Bakı şəhəri sahib olacaqdır. Bu isə ölkəmizin beynəlxalq idman aləmində qazandığı nüfuzunu daha da artırıb, dünya dövlətləri arasında Azərbaycanı idman sahəsində ön sıralara çıxaracaqdır.
Dövlətimiz tərəfindən idmanın və bədən tərbiyəsinin inkişafına olan diqqət və qayğısı nəticəsində yaradılmış bu imkanlar və şəraitin qanunauyğun nəticəsi kimi 2012-ci ilin dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə planlaşdırılan 1-ci Avropa Oyunlarının məhz Azərbaycanda Bakı şəhərində keçirilməsi haqqında tarixi bir Qərar qəbul olunmuşdur. 2015-ci il Avropa Oyunları və 2016-cı ildə Bakıda keçiriləcək Dünya Şahmat Olimpiyadası, eləcədə Beynəlxalq Tələbə İdmanı Federasiyasının 2019-cu il Tələbələrin XXX Dünya Universiadasının Bakı şəhərində keçirilməsi haqqında Respublika rəhbərliyinə ünvanladığı rəsmi təklifi Dövlətimizə beynəlxalq səviyyədə göstərilən böyük inamların parlaq təzahürüdür.

12. Bədən tərbiyəsi və idmanın infrastrukturunun, maddi texniki bazasının möhkəmləndirilməsi və inkişafı

Bədən tərbiyəsi və idmanın inkişafında əsas istiqamətlərdən biri onun infrastrukturunun formalaşdırılması, maddi-texniki bazasının yaradılması, möhkəmləndirilməsi və inkişafı, konkret olaraq yeni inşa ediləcək bədən tərbiyəsi, sağlamlıq, idman obyektləri və qurğularının sayının və ünvanının hər il üçün planlaşdırılması, mövcud olanların isə rekonstruksiyası yolu ilə modernləşdirilməsidir.
Milli Strategiya bu məsələlərin səmərəli formada planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üçün aşağıdakı vəzifələri müəyyənləşdirir:
- Kütləvi idmanın (o cümlədən sağlamlıq imkanları məhdud olan insanlar və əlillər də nəzərə alınmaqla) infrastrukturunun təhsil müəssisələrində və yaşayış yerlərində inkişafının təmin edilməsi;
- İdarə mənsubiyyətindən, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq ölkədə mövcud olan bütün idman obyektlərinin dövlət reyestri və informasiya bankının yaradılması, bu obyektlərdən məqsədyönlü istifadə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi;
- Əhalinin idman obyektləri ilə təminatı üzrə yeni dövlət normativlərinin hazırlanması;
- Ərazi vahidlərinin (bələdiyyələrin) idman obyektləri ilə təminatının dövlət standartlarının yaradılması, idman qurğularında idman bölmələrinin yerli əhalinin tələbatına uyğun il boyu fəaliyyətinin təmin edilməsi;
- İcmalarda, yaşayış yerlərində və yeni tikilən yaşayış massivlərində idman şəhərcikləri, bədən tərbiyəsi-sağlamlıq zonaları və digər idman yönümlü obyektlərin nümunəvi layihələrinin hazırlanması və müvafiq təşkilatlar tərəfindən məcburi qaydada icrasının təmin edilməsi;
- 2020-ci ilə kimi bütün ümumtəhsil məktəblərində, kolleclərdə ali və orta ixtisas təhsil müəssisələrində müasir idman avadanlıqları ilə təchiz edilmiş idman zalları, üzgüçülük hovuzları və idman meydançalarının inşası;
- Yaşayış massivlərində, xüsusən yeni tikilən yaşayış yerlərində uşaq idman şəhərciklərinin, digər idman obyektlərinin planlaşdırılması və inşası:
- Regionların sosial-iqtisadi inkişaf proqramlarında yeni idman qurğularının, xüsusən müvafiq regionlar üçün ənənəvi və prioritet sayılan və dayaq idman növü kimi müəyyən edilmiş idman növləri üzrə təlim-idman bazalarının tikintisinin planlaşdırılması və inşası;
- Regionlarda inşası nəzərdə tutulmuş sosial-mədəni obyektlərdə, o cümlədən təhsil müəssisələrində, turizm mərkəzlərində, mədəniyyət evlərində, istirahət parklarında, sağlamlıq mərkəzləri və zonalarında, sanatoriya-kurort müəssisələrində idman obyektlərinin və bədən tərbiyəsi və idman yönümlü fəal istirahət güşələrinin planlaşdırılması;
- Yeni inşa edilən yaşayış massivlərində idman şəhərciklərinin məcburi qaydada layihələrə salınmasına və inşasına “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nail olunması;
- 2020-ci ilə kimi respublikanın bütün şəhər və rayonlarında müasir Olimpiya komplekslərinin inşa edilməsi;
- Mövcud olan və gələcəkdə inşa ediləcək idman qurğularında, o cümlədən Olimpiya komplekslərində sağlamlıq imkanları məhdud olan insanların bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün imkan və şəraitlərin yaradılması;
- Ölkədə böyük tələbat duyulan üzgüçülük hovuzlarının və güllə atıcılığı tirlərinin inşası və istifadəyə verilməsi üzrə xüsusi proqram hazırlanması;
- Qaçqınlar üçün inşa edilmiş və ediləcək qəsəbələrdə idman obyektlərinin tikintisinin və qaçqın uşaqların istifadələrinə verilməsinin təmin edilməsi;
- Təhsil müəssisələrinin idman qurğularından dərslərdən sonra müvafiq ərazilərdə yerləşən idman təşkilatlarının xüsusən Uşaq idman məktəblərinin tələbatlarına uyğun istifadə edə bilmələrinə şərait yaradılması;
- 2015-ci ilə kimi Bakı şəhərində Dünyanın ən möhtəşəm idman qurğularından biri olacaq yeni Olimpiya Stadionunun inşa edilməsi.

13. Milli Strategiyanın maliyyə təminatı

Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiyanın uğurla həyata keçirilməsi, onun qarşısında duran məqsəd və vəzifələrinə tam nail olunması bu sahəyə böyük həcmdə maliyyə vəsaitinin ayrılmasını tələb edir.
Bədən tərbiyəsi və idmana xərclənən maliyyə vəsaitlərinin həcmi, bölgüsü və istifadəsi milli gəlirin həcmindən, dövlətin iqtisadi gücündən, eləcə də bədən tərbiyəsi və idmanın inkişaf səviyyəsindən asılıdır.
Maliyyə vəsaitlərinin ayrılması mənbələrinin müəyyənləşdirilməsi, vəsaitlərin toplanması və istifadə olunması ölkədə bədən tərbiyəsi və idman hərəkatının maliyyə təminatını, bu sahənin idarə olunmasında iştirak edən dövlət və qeyri-dövlət orqanları və ictimai təşkilatların, xüsusən bədən tərbiyəsi və idman yönümlü qurumların maliyyə fəaliyyətini yaradır.
Bədən tərbiyəsi və idmanın inkişafının uzun müddətli planlaşdırılması zamanı strategiyanın əhatə etdiyi dövrün tələblərinə uyğun olan regional maliyyə siyasəti formalaşdırılmalıdır. Strategiyanın həyata keçirilməsi aşağıdakı əsas mənbələrdən maliyyələşdirilir:
- Dövlət büdcəsindən bu sahəyə ayrılan birbaşa və dolayı maliyyə vəsaitləri;
- Müxtəlif dövlət və qeyri-dövlət fondlarının vəsaitləri;
- İdman lotoreyasının keçirilməsindən əldə olunan gəlirlər;
- Bədən tərbiyəsi və idmanın Milli fondu;
- Həmkarlar ittifaqları və digər ictimai təşkilatların ayırdıqları vəsaitlər;
- Ayrı-ayrı şirkətlər istehsalat müəssisələri, fermer təsərrüfatları və digər bu kimi təşkilatların ayırmalarından daxil olan vəsaitlər;
- Hüquqi və fiziki şəxslərin idmana sponsorluq fəaliyyətindən;
- Bədən tərbiyəsi və idman təşkilatlarının özlərinin kommersiya fəaliyyətlərindən əldə etdikləri vəsaitlər:
Milli Strategiyanın maliyyələşdirilməsinə cəlb olunmuş maliyyə vəsaitləri əsasən aşağıdakı istiqamətlər üzrə istifadə olunmalıdır:
- Bədən tərbiyəsi və idmanın infrastrukturunun genişləndirilməsinə;
- İdmanın maddi-texniki bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsinə;
- Uşaq və yeniyetmələrin idmanla məşğulluğa cəlb olunmaları və idmanda qalmalarının təmin olunmasına;
- İdman sənayesinin inkişaf etdirilməsinə;
- Yerlərdə daha çox sayda təlim-idman qurğularının tikintisinə;
- İdman qurğularının spesifik idman avadanlıqları, ləvazimatları, texniki vəsaitlər və digər tələb olunan materiallarla təchizatına;
- İxtisaslaşdırılmış uşaq-idman məktəblərinin, Olimpiya hazırlığı mərkəzlərinin yaradılması və fəaliyyətlərinin təşkilinə;
- Yüksək dərəcəli idmançıların hazırlanmasına;
- İmkansız yaxud az imkanlı ailələrdən idmana cəlb olunmuş uşaqların tam təminata götürülmələrinə;
- Kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkili və keçirilməsinə;
- Məhəlli idmanın inkişafına;
- Sağlamlıq imkanları məhdud olan insanlar arasında bədən tərbiyəsi və idmanişlərinin təşkilinə;
- Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və iştirakına.
Azərbaycan Respublikasında il ərzində bədən tərbiyəsi və idman hərəkatına bütövlükdə 100-110 milyon manat çərçivəsində maliyyə vəsaiti ayrılır və istifadə olunur.
Eyni zamanda Dövlət büdcəsindən ölkədə bədən tərbiyəsi və idmanın infrastrukturunun inkişafına (idman qurğularının inşasına, əsaslı təmir və təmir işlərinə) hər il 100-110 milyon manat həcmində kapital qoyuluşu müəyyən edilir.
Bunlardan əlavə digər qeyri-dövlət, ictimai təşkilatlar və özəl qurumların bədən tərbiyəsi və idmanın inkişafına ayırdıqları maliyyə vəsaitinin həcmi il ərzində təxminən 5-10 milyon manat təşkil edir.
Beləliklə, il ərzində ölkədə bədən tərbiyəsi və idman hərəkatına, kapital qoyuluşu da nəzərə alınmaqla – 200-225 milyon manat vəsait ayrılır.
Müqayisə üçün qeyd etmək lazımdır ki, bu rəqəm İngiltərədə bir ildə 2 milyard funt sterlinqdən artıq, Rusiya Federasiyasında isə 3 milyard rubla yaxındır.
Bilavasitə bədən tərbiyəsi və idmanın inkişafına sərf edilən maliyyə vəsaitinin ümumi həcmi isə yuxarıda qeyd edildiyi kimi 100-110 milyon manat təşkil edir. Bu da bədən tərbiyəsi və idmanla məşğul olanların isə (1.660.391 nəfər) hər bir nəfərinə il ərzində 63 manat düşməsi deməkdir. Müqayisə üçün qeyd edilirki, bu göstərici İngiltərədə adambaşına – 329 funt (398 manat) təşkil edir. Bu göstəricilər ölkədə bədən tərbiyəsi və idman sahəsinə ayrılan maliyyə vəsaitinin bədən tərbiyəsi və idmanla məşğul olanların sayına nisbətdə az olduğunu bir daha parlaq şəkildə nümayiş etdirir.
Bədən tərbiyəsi və idmanın inkişafının maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün Milli Strategiyanın əhatə etdiyi müddət ərzində aşağıdakı məsələlərin həlli və icrası tələb olunur:
- Bədən tərbiyəsi və idman sahəsində aparılmış monitorinqlər nəticəsində əhalinin müəyyən edilmiş həyat səviyyəsi və keyfiyyətini nəzərə alan, vahid minimal dövlət sosial və büdcə standartlarının hazırlanması;
- Bədən tərbiyəsi və idmanla məşğulluq üzrə ölkədə adambaşına düşən maliyyə normalarının müasir tələblərə uyğun müəyyənləşdirilməsi;
- Hər il bədən tərbiyəsi və idmanın inkişafına dövlət büdcəsindən ayrılan vəsaitin, eləcədə digər qurumların bu sahəyə yönətdikləri vəsaitlərin həcmlərinin yuxarıda qeyd edilmiş amillər nəzərə alınmaqla qanunauyğun qaydada artırılması;
- Uşaq-gənclər idmanının vəziyyətinin yaxşılaşdırılması, inkişafı və perspektivli ehtiyat qüvvəsinin hazırlanmasının təmin edilməsi üçün bu sahəyə tələb olunan maliyyə vəsaitinin həcminin müəyyənləşdirilməsi və dövlət büdcəsində ayrıca olaraq nəzərdə tutulması;
- Təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın maddi-texniki bazasını maliyyələşdirən və inkişaf etdirən maddələr üzrə xərclərin artırılması;
- Uşaq-gənclər idmanının inkişafına maliyyə yardımı göstərilməsi istiqamətində insanın sağlamlığına zərər gətirən ərzaq və sənaye məhsulları istehsalı ilə məşğul olan müəssisələrin gəlirinin dövlət tərəfindən müəyyən edilmiş faizinin bu sahəyə yönəldilməsi;
- Bədən tərbiyəsi və idmanın inkişafına daimi maliyyə dəstəyinin təmin edilməsi məqsədilə 5 mart 1995-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Prezidenti yanında İdman Fondunun fəaliyyətinin bərpası.
Beləliklə, 2020-ci ilə Azərbaycanda bədən tərbiyəsi idman sahəsinə ayrılan maliyyə vəsaitinin bütövlükdə bir ildə təxminən 350-500 milyon manata çatdırılması planlaşdırılır. Bu da öz növbəsində ölkədə bədən tərbiyəsi və idmanla məşğul olacaq hər bir nəfərin payına il ərzində 200-250 manat düşməsinə zəmin yaradır.

14. Milli Strategiyanın icrasına rəhbərlik,
koordinasiyası və nəzarət

Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiyanın icrasının təşkili, bu işlərə rəhbərlik və nəzarətin həyata keçirilməsi, bu sahəyə cəlb olunmuş bütün təşkilatların fəaliyyətlərinin koordinasiya edilməsi və tənzimlənməsi məqsədilə ən yüksək səviyyədə Koordinasiya Şurası yaradılır.
Koordinasiya Şurasının tərkibinə Milli Strategiyanın əhatə etdiyi sahələr üzrə müvafiq dövlət orqanlarının, nazirliklərin, komitələrin və ictimai təşkilatların rəhbərləri daxil edilir. Koordinasiya Şurası Milli Strategiyanın həyata keçirilməsi zamanı ortaya çıxan təkliflərə baxır, lazım gələrsə bu sahədə müəyyən dəyişikliklərin yaxud əlavələrin edilməsi haqqında qərar qəbul edir. Milli Strategiyanın icrasının hər ilin yekunlarına görə müzakirəsini keçirir, təşkilatların bu sahədəki fəaliyyətlərini qiymətləndirir.
Koordinasiya Şurası – ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində fəaliyyət göstərən bütün dövlət, ictimai və özəl təşkilatlarla birlikdə bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013–2020-ci illəri əhatə edən Milli Strategiyanın və Dövlət Proqramlarının uğurla həyata keçirilməsini təmin edir.
Bu məqsədlə Koordinasiya Şurası tərəfindən baxılmış və təsdiq olunmuş xüsusi İcra mexanizmi sənədi hazırlanır.
Milli Strategiyanın bilavasitə icrası məhz qəbul olunmuş İcra mexanizminə uyğun olaraq həyata keçirilir.

15. Gözlənilən nəticələr

Dövlət orqanlarının, qeyri-hökümət və ictimai təşkilatların, özəl qurumların Milli Strategiyanın müəyyənləşdirdiyi istiqamətlər üzrə fəaliyyətlərinin təşkili və ayrı-ayrı dövrlərə planlaşdırılmış tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində ölkədə bədən tərbiyəsi və idman hərəkatında yeni mühit formalaşacaq və 8 illik müddətdə aşağıdakı strateji nəticələrə nail olunacaqdır:
- Azərbaycan respublikasında bədən tərbiyəsi və idmanın kütləvi inkişafı təmin ediləcək. Bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb olunanların ümumi sayı əhalinin fəal yaş qruplarının ümumi sayına nisbətdə 25-30%-a, qızlar və qadınların arasında isə bu göstərici onların ümumi sayına nisbətdə 20-25%-ə çatdırılacaq;
- Ölkə əhalisinin ayrı-ayrı təbəqələrinin və yaş qruplarının, xüsusilə qızlar və qadınların bədən tərbiyəsi və idmanla kütləvi surətdə məşğulluğa cəlb olunmaları istiqamətində əməli tədbirlər həyata keçiriləcək, onların bədən tərbiyəsi-sağlamlıq və idman obyektlərindən tələbatlarına uyğun istifadə edə bilmələrin imkan yaradılacaq;
- Əməkçilərin fiziki sağlamlığı səviyyəsi yüksəldiləcək, onlar arasında xəstələnmə hallarının faizi xeyli aşağı salınacaq;
- Uşaq və yeniyetmələrin, o cümlədən təhsil müəssisələrinin şagird və tələbələrinin, xüsusən qızların böyük əksəriyyəti bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb olunacaq;
- Uşaq və yeniyetmələrin, sağlamlıq imkanları məhdud olan uşaqların və əlillərin bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün uşaq bağçalarında, uşaq evlərində, digər bu tipli müəssisələrdə tələb olunan hər cür şərait yaradılacaq, məhəlli idmanın inkişafına nail olunacaq;
- Bədən tərbiyəsi və idman sahəsində ölkədə aparılan təbliğat və təşviqat işləri daha da genişləndiriləcək və müasir tələblər səviyyəsində qurulacaq, xüsusi olaraq idman jurnalistikası sahəsi yaradılacaq;
- Sağlamlıq imkanları, əqli inkişafı məhdud olan insanlar və əlillərin bədən tərbiyəsi və idman, eləcədə adaptiv fiziki tərbiyə vasitəsilə reabilitasiyalarına və idmanda nailiyyətlər qazana bilmələrinə geniş imkan və şərait yaradılacaq;
- Böyüməkdə olan gənc nəsil vətənin müdafiəsinə hazır olacaq, gənclərin fiziki hazırlıq səviyyəsi yüksəldiləcək, hərbi qüvvələrin sıraları çağırışçı-idmançı gənclərlə möhkəmləndiriləcək;
- “Vətənin Müdafiəsinə Hazıram” bədən tərbiyəsi və idman kompleksi ölkədə gənclər arasında daha geniş formada tətbiq ediləcək. Kompleksin normativlərinin gənclər tərəfindən kütləvi surətdə ödənilməsi təmin olunacaq;
- Güc orqanlarının hərbi hissələrinin şəxsi heyətlərinin fiziki hazırlıq səviyyəsi yüksəldiləcək. Hərbi hissələrdə “Hərbi-idman” kompleksinin bütün hərbiçilər və hərbi qulluqçular tərəfindən hər il yerinə yetirilməsi təmin ediləcək;
- Ölkədə fəaliyyət göstərən bütün idman qurğularında əhaliyə pulsuz xidmət göstəriləcək;
- Şəhər və rayonlarda prioritet sayılan və dayaq idman növləri kimi müəyyən edilmiş idman növləri üzrə tələb olunan sayda təlim-idman bazaları inşa ediləcək və fəaliyyət göstərəcək;
- Təhsil müəssisələrinin bədən tərbiyəsi və idmanın inkişafı üzrə maddi-texniki bazaları möhkəmləndiriləcək və daima inkişaf etdiriləcək;
- Bədən tərbiyəsi və idmanın infrastrukturu inkişaf etdiriləcək və maddi-texniki bazası möhkəmləndiriləcək, idman sənayesi inkişaf etdiriləcək;
- Bədən tərbiyəsi və idmanın maliyyə təminatı ildən-ilə artırılacaq. Bu sahəyə ayrılan dövlət vəsaiti hər il müəyyən edilmiş faiz həcmində artırılaraq 2020-ci ildə 200-250 milyon manata çatdırılacaq;
- Bədən tərbiyəsi və idman sahəsinə investisiya qoyuluşu üzrə fəaliyyət genişləndiriləcək;
- Kadr məsələlərində yaranmış problemlər həll ediləcək. Bu sahə üzrə kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələri ölkədəki tələbatı nəzərə alacaq, mütəxəssislərin idman növləri üzrə hazırlığını və təyinatla işə göndərilməklərini təmin edəcəklər. Yüksək təsnifatlı məşqçi kadrlarının hazırlanması təmin ediləcək;
- Bədən tərbiyəsi və idman hərəkatının idarə olunması sistemi müasir tələblər səviyyəsində formalaşdırılacaq və strukturu təkmilləşdiriləcək, regionlarda bu sahə üzrə fəaliyyət göstərən qurumların sayı artırılacaq. Bədən tərbiyəsi və idman hərəkatının təşkili və idarə olunmasında qeyri-hökümət orqanlarının, xüsusən bələdiyyələrin iştirakı daha da fəallaşdırılacaq;
- Bədən tərbiyəsi və idmanın inkişafı elmi əsaslarla təşkil ediləcək. Bu sahədə yeni elmi tədqiqatlar aparılacaq, milli yığma komandalarda elmi kompleks qrupları fəaliyyət göstərəcək, ölkədə bədən tərbiyəsi və idman üzrə Elmi-tədqiqat institutu yaradılacaq;
- Olimpiya idman növlərinin sayı artırılacaq, infrastrukturu və maddi-texniki bazası daha da inkişaf etdiriləcək və möhkəmləndiriləcək;
- Peşəkar idmanın daha geniş inkişafı üçün hüquqi baza, imkan və şərait yaradılacaq;
- Beynəlxalq idman aləmində Azərbaycan idmanının mövqeləri yüksələcək və möhkəmlənəcək;
- Beynəlxalq yarışlarda, xüsusən Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında böyük nailiyyətlər əldə edə bilən, uğur qazanan yüksək səviyyəli idmançıların hazırlanmasının elmi cəhətdən əsaslandırılmış stabil sistemi yaradılacaq;
- Azərbaycan idmanda fəal və uğurlu ölkəyə çevriləcək, Azərbaycan idmançılarının beynəlxalq yarışlardakı nəticələri daha da artacaq, Azərbaycan Dünya idmanında öz mövqelərini yaxşılaşdıracaq;
- 2015-ci il I Avropa Oyunları və 2016-cı il Dünya Şahmat Olimpiyadası Azərbaycanda ən yüksək səviyyədə təşkil olunub keçiriləcəkdir;
- Azərbaycan 2024-ci il Olimpiya Oyunlarına iddiaçı və sahib olacaq, 2024-ci il XXXIII Olimpiya və XVII Paralimpiya Oyunlarının Azərbaycanda keçirilməsinin dəstəklənməsi milli idman infrastrukturunu genişləndirəcək, idmanda davamlı varisliyi bərqərar edəcək, ölkədə iqtisadi və sosial məsələlərə güclü təsir göstərəcək.
Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiyanın uğurlu icrasının ən yüksək nailiyyəti 2020-ci ilə kimi Azərbaycan Respublikasında insan potensialının inkişafı və möhkəmləndirilməsi, azərbaycan xalqının rifah halının və həyatının daha da yaxşılaşdırılması olacaqdır.


Xəbər 17300 dəfə oxundu.