Yunan-Roma güləşimiz yeni eranın başlanğıcında
Azərbaycan o nadir ölkələrdəndir ki, qədim və zəngin ənənələri olan güləşi sadəcə idman, mübarizə növü deyil, həm də milliliyin, ruhun, mənəvi dəyərlərin, ədalət və haqqın tərənnümçüsüdür. Tarixən Şərqlə Qərb arasında körpü olmuş Azərbaycanda bu bəşəri sərvəti qorumaqda güləşin əvəzsiz rolu və yeri var. Digər növlərlə müqayisədə, güləşçilərə daha böyük hüsn-rəğbətin və məhəbbətin bir kökü də buradan gəlir. Ancaq xalq dünyalar qədər sevdiyi pəhləvanarına qarşı həmişə tələbkar olub, onlardan böyük fədakarlıq gözləyib. Çünki bu diyarda bir pəhləvan qələbəsi bir orduya bərabər iş də görə bilir, onu sabaha – daha böyük zəfərlərə səsləyir. Bu gün də belədir. Bəşəriyyətin ən böyük idman təntənəsi olan olimpiya oyunlarından söz düşərkən, gözlər ilk növbədə bahadırlarımıza dikilir. Müstəqillik əldə olunduqdan sonra keçirilmiş bütün olimpiya oyunlarında da pəhləvanlar ölkə bayrağının şərəfini daim uca tutublar. London Olimpiadası bu mənada xüsusən seçildi. İlk dəfə güləşçilər 2 qızıl mükafata sahib çıxdılar. İlk dəfə oyunlarda bu milli idman növündə ən çox – 7 medal qazanıldı. Qadınların mubarizəsində yüksək əyar – «gümüş» qeydə alındı. Sonda, Pekində olduğu kimi bu dəfə də güləş arenasında hər 3 növdə Azərbaycan bayrağı qalxdı.

London Olimpiadasından sonra Güləş Federasiyası yunan-Roma üzrə ustalardan ibarət milli komandamıza yeni qan vermək qərarına gəldi. Nəticədə, türkiyəli məşqçilər korpusunu iranlı mütəxəssislər əvəzlədilər. Baş məşqçi postuna Gəmşid Xeyrabadi gətirildi. Onun köməkçiləri güneyli həmyerlimiz Cəfər Nəzafatdost və Nasir Nurbaxış oldular.
İdman ictimaiyyətinə bəllidir ki, hər 2 ölkə «klassik» güləşdə dünyada aparıcı mövqe tutur. Bu səbəbdən, AGF-in Türkiyənin ardından Arazın o tayına üz tutması başadüşülən, məntiqli və düzgündür.

Ümumiyyətə, olimpiya kateqoriyalı hakim Əjdər Cəfərov AGF-ə baş katib təyin olunduqdan sonra, inkişaf planı daha sürət alıb. Güləşçi ailəsində böyümüş gənc mütəxəssis məqsədyönlü və uzaqgörən siyasəti ilə fərqlənir. Onun idmançı karyerasında böyük təcrübəyə malik gənc çalışdırıcıları yenidən milli komandalara qaytarmasını, bu məşqçilərimizin ustaların yanında bilik almasını gələcəyə hesablanmış addım kimi qiymətləndirmək olar. İstedadlı bahadırların yetişdirilməsi ilə yanaşı, səviyyəli məşqçilərin püxtələşdirilməsi həm zəngin güləş məktəbimizin ənənəlirənə hörmətlə yanaşır, həm də dəyərlərini qorumuş oluruq.

Bu günlərdə milli komandanın məşqini izlədim. Xeyrabadinin güləş yanaşması xoşuma gəldi. Çalışmalar əsasən cəldlik, dayanıqlıq, dözümlülük və psixolojinin üzərində qurulmuşdu. Pəhləvanlarımızın fiziki durumuna xüsusi nəzarət etməsi, cənublu mütəxəssisin günün tələbinə riayət etməsindən xəbər verirdi. Sərəncamında xeyli sayda titullu və təcrübəli güləşçilərin olması, ona beynəlxalq arenada böyük uğur qazanmaqda da kömək edəcək. Üstəlik, milli komandanın heyəti gürcüstanlı legionerlərlə bir qədər də genişlənib. Baş məşqçinin ölkə mətbuatı verdiyi açıqlamada yığmanın düşərgəsinə iranlı dünya çempionunu dəvət edəcəyini deməsi, hər çəkidə rəqabəti daha gərginləşdirəcək. Üstəlk, Xeyrabadi daxili sparrinqlər də çətinlik çəkməyəcək. Bayaq qeyd etdiyim kimi, ixtiyarında müxtəlif çəkilərdə bir-birinə yaxın səviyyədə bir neçə guləşçi olacaq.

Yeni baş məşqçinin ilk sınağı 2-3 fevralda İstanbulda Türkiyənin tanınmış pəhləvanı Vəhbi Əmrənin xatirəsinə keçiriləcək Qızıl qran-pri turnirinin mərhələ yarışıdır. Əldə etdiyimiz məlumata görə, əksər titullu güləşçilər zədələrini sağaltmaqla məşğul olduqları uçun, bu turniri buraxmalı olacaqlar. Ona görə, adı çəkilən beynəlxalq yarış «ikinci nömrələr»in sınanması üçün yaxşı məqamdır. Demək, nəticə də elə önəm kəsb etməyəcək. İnsayən, bir yarışla da məşqçinin işinə qiymət vermək düzdün deyil. Amma yunan-Roma güləşi üzrə milli komandanın cari mövsümdə də uğurlar qazanağına inanıram.

Bu qələbələr güləş tariximizdə yeni səhifələrlə yer alacaq. Lakin digər idman növlərində olduğu kimi, böyük nailiyyətlərin özünün də, hər 4 ildən bir, başqa və tam fərqli böyük sınaq meydanı var. Bu, olimpiya oyunlarıdır. Azərbaycanda tarixi ənənələri olan bir növün üzərinə isə bu mənada böyük yük düşür. Hər dəfə uğurdan söz düşəndə, ilk növbədə, bahadırlarımızın adları çəkilir. Üstəlik, pəhləvanlarımız müstəqilliyimiz dövründə hər olimpiadada Vətənə uğur payı bəxş etməklə, bunun əsassız olmadığını göstəriblər. Digər tərəfdən, olimpiya uğurları təkcə zəfər anı deyil. Bu, hər ötən dövrün hesabat məqamı, ələlxüsus da cəmiyyətdə oynadığı rola görə həm də milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla, inkişaf səviyyəsinin göstəricisidir. Demək, hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu nəticələrin imtahan məqamı isə qarşıdakı 3 ildə də qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, 2016-ci ildə yetişəcək Rio Yay Olimpiya Oyunları deyəcək. Demək, hələ görüləsi işlər də var, fəth olunası yeni zirvələr də.


Xəbər 2954 dəfə oxundu.