BOK Rusiyanın qış vaxtına dönməyini istəyir
Beynəlxalq Olimpiya Komitəsi Rusiya Federasiyası Hökumətinə müraciətlə gələn il fevralın 7-dən 23-dək Soçidə keçiriləcək 2014-cü il Olimpiadasından teleyayımların rahatlığı üçün qış vaxtına qayıtmağı xahiş edib. Rusiya Olimpiya Komitəsinin prezidentinin mətbuat katibi Mariya Kiselyova bu məlumatı təsdiqləyib.

Kiselyova Rusiya KİV-lərinə verdiyi müsahibədə deyib: «Bu məsələ bütünlüklə Hökumətin səlahiyyətinə aiddir. Biz yalnız qərar qəbul edilməsini gözləyə bilərik. Sorğu birbaşa Hökumətə daxil olub. Söhbət teleyayımların daha rahat təşkil edilməsindən gedir».

Xatırladaq ki, yay və qış vaxtına keçid məsələsi 2011-ci ildə o vaxtkı Prezident Dmitri Medvedevin təşəbbüsü ilə ləğv edilmişdi. İndi Beynəlxalq Olimpiya Komitəsi Medvedevin başçılıq etdiyi Hökumətə müraciət edir.

Qış vaxtına qayıtmaq təklifi RF Dövlət Dumasında dəfələrlə səslənib. Hazırda Rusiya ilə əksər Avropa ölkələri arasında qış fəslində vaxt fərqi əvvəlki kimi 2 saat deyil, 3 saata bərabərdir. Beynəlxalq Olimpiya Komitəsinin fikrincə, əvvəlki vaxt fərqi televiziya yayımları üçün optimal idi. Bununla əlaqədar qərarın yaxın həftələrdə qəbul edilməsi zəruridir, çünki 2014-cü il Olimpiya Oyunlarının təşkilatçıları gələcək Olimpiadanın cədvəlinin son variantını təqdim edənə qədər bu məsələ həll olunmalıdır.

Xəbər 1590 dəfə oxundu.