Zeynal Məmmədov: «Qış fasiləsindən sonra «Bakı» klubunda həmişə yüksəliş olub» - MÜSAHİBƏ
Ölkə klublarımızın böyük hissəsi qış hazırlığını məkan kimi bu dəfə də Antalyanı seçiblər. Soyuq aylarda bu şəhərin mülayim iqlimi və gözəl meydançaları futbolçuların yaxşı hazırlıq keçməsinə şərait yaradır. Sparrinq rəqib sarıdan da orada heç vaxt problem olmayıb. Ölkə çempionatının güclülər dəstəsinin iddialılarından olan «Bakı» klubu xeyli müddət Antalyada təlim-məşq keçir. Görəsən, «ağ-göylər» bu toplantıdan da razı qalıbmı? Bu və digər suallarara aydınlıq gətirmək üçün komandanın baş meneceri Zeynal Məmmədovla görüşdük.

- «Bakı» klubu Türkiyədə təlim-məşq toplanşını başa vurmaqdadır. Komandanızın bu qış hazırlığını necə dəyərləndirirsiniz?
- «Bakı» klubu yanvarın 14-dən Antalyadadır. Bu günə qədər 4 yoldaşlıq görüşündə qüvvəmizi sınamışıq. Hesab edirəm ki, yaxşı futbol nümayiş etdirmişik. Ayın 28-də Vətənə dönəcəyik. Amma ondan sonra da boş dayanmaq niyyətimiz yoxdur. Ola bilsin, ya Gürcüstan, ya da Rusiya komandalarından birini paytaxta dəvət edib yoldaşlıq oyununda qarşılaşaq.

- Qış transfer bazarında fəallığınızla seçilirsiniz. İkiqat ölkə çempionu birdən-birə 3 səviyyəli yerli futbolçunu heyətinə qatdı. Transfer çalışmalarının davamı olacaqmı?
- «Bakı» klubu ölkə futboluna xidmət edir. Həmişə yerli oyunçulara üstünlük verməyə çalışmışıq. Kamran Ağayev, Aqil Nəbiyev və Rauf Əliyev milli komandanın üzvləridir. Bu, bizi çox sevindirir. Amma 2-3 əcnəbi ilə də danışıq aparırıq. Artıq rumıniyalı hücumçu Marius Pena ilə müqavilə bağlamışıq. Düşərgəmizdə baxışda olan ispaniyalı, serbiyalı və türkiyəli futbolçular da baş məşqçinin xoşuna gəlib. Amma onlardan birinin üzərində dayanmalıyıq. Bu da çox güman, ispaniyalı yarımmüdafiəçi olacaq. Bir də, bizim arxa xətt oyunçusu – stopperə ehtiyacımız var. Bizə birini məsləhət görüblər. Görək, danışıqlar nə ilə yekunlaşacaq.

- «Bakı» klubunun Premyer Liqada vəziyyəti ürəkaçan deyil. İlk «altılığ»a düşsəniz də, mükafatlara layiq yer tutmaq çətin olacaq. Belədə, komandanızın avro kuboklara yolu ölkə kubokunu qazanmaqdan keçir.
- İlkin mərhələdə 5 oyunumuz var. Bu matçlarda maksimum xal toplamağı qarşıya məqsəd qoymuşuq. Bəli, ilk «altılığ»a düşsək, xallarda xeyli geridə olacağıq. Amma əvəzində, müqavimət göstərə, sonadək mübarizə apara bilərik. Futbolda gözəllik də budur. Üstəlik, mən heç də vəziyyətin pis olduğunu düşünmürəm. Yəqin, 2006-cı ili xatırlayırsınız. Martda Qazaxda autsayder «Göyəzən»lə heç-heçə etdik. Durum ürəkaçan deyildi. Amma həlledici məqamda komanda toparlandı və ardıcıl 8 oyunda qalib gələrək sonda çempion oldu.
Zənnimcə, altıncı yer uğrunda mübarizə «Xəzər-Lənkəran», «Qəbələ», «Bakı» və AzAL klubları arasında gedəcək. Son adını çəkdiyim komanda ilə evdə qarşılaşmağımız da əlavə üstünlükdür.
Təbii ki, bununla yanaşı Azərbaycan kuboku uğrunda da mübarizəmizi davam etdirəcəyik. Burada baş mükafata iddialıyıq.
Ümumiyyətlə, əgər fikir vermisinizsə, «Bakı» klubunda qış fasiləsindən sonra yüksəliş baş verir. Bu, həmişə belə olub. İndi də qənaətbəxş nəticə qazanacağımıza inanırıq.

- Zeynal müəllim, baş menecer olduğunuz komanda uşaq futboluna önəm verən klublardandır. Son vaxtlar bu sahəyə diqqət daha artıb. Öncə Fransanın «Lans», sonra İspaniyanın «Atletiko» kollektivləri ilə müqavilə bağladınız. Hazırda vəziyyət necədir?
- Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»ndan sonra bu sahədə böyük işlər görülür. Sözsüz ki, bu işdə biz də öz töhvəmizi verməkdəyik. Son zamanlar «Bakı» klubunun bazasında yüksək səviyyəli məşq meydançaları tikilib. Stadionumuz yenidən qurulub. Futbol Akademiyamızda işin keyfiyyəti daha artıb. Avropa klubları ilə anlaşmalar yeni istedalı futbolçu nəsilini yetişməsinə hesablanıb. Martda «Atletiko» və «Lans»ın nümayəndələri paytaxtımızda olacaqlar. Onlar Azərbaycan klublarında məşq edən pespektivli yeniyetmələri seçib öz ölkələrinə aparacaqlar. Futbolçularımız bir müddət orada inkişaf etdikdən sonra yenidən Vətənə dönəcəklər. Bütün bu işlər, həm də 2016-cı ildə ölkəmizdə keçiriləcək 17 yaşlı futbolçular arasında Avropa çempionatı üçündür. «Bakı»nın məqsədi istedadlı oyunçular yetişdirib, bu yarışda milli komandamızın uğurlu çıxış etməsinə kömək etməkdir.

Söhbətləşdi: Kamran HACI

Xəbər 966 dəfə oxundu.