“Qalatasaray”a keçidində Mourinyonun böyük əməyi olub
Uesli Sneyderin “Qalatasaray”a keçidində Joze Mourinyonun böyük əməyi olub. Bu barədə holland ulduz özü açıqlama verib.

İtaliyanın “La Gazetta dello Sport” qəzetinə danışan Sneyder Mourinyonun onu “Qalatasaray”a yönləndirdiyini bildirib: “Mənim bu gün “Qalatasaray”da olmamın ən böyük səbəbkarlarından biri Mourinyodu. Məni bu kluba yönləndirən o oldu”.

Qeyd edək ki, 2008-2010-cu illərdə “İnter”ə başçılıq edən Mourinyonun istəyi ilə Sneyder 2009-da “Real”dan transfer olunmuşdu. O, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında “İnter”lə İtaliya çempionluğunu, kubokunu, Super Kubokunu, Çempionlar Liqasını və Klublararası Dünya çempionluğunu qazanıb. Mourinyo “Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə yaxın dostdu. Bu münasibətlərin sayəsində Hamit Altıntop “Real”dan “Qalatasaray”a transfer olundu, iki komanda arasında “Santyaqo Bernabeu”da yoldaşlıq oyunu keçirildi.

Xəbər 936 dəfə oxundu.