“Rəvan” futbol klubu növbəti transferini həyata keçirib
Qış transfer dövründə heyətini gücləndirməkdə olan Bakının “Rəvan” futbol klubu növbəti transferini həyata keçirmişdir.
Komanda Azərbaycan milli komandasının sabiq futbolçusu Nodar Məmmədovun keçidini həll etmişdir.
“Qəbələ”dən transfer edilən 24 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanmışdır. Mərkəz müdafiəçisi yaxın keçmişdə əsas millinin də şərəfini qorumuşdu. O, 4 oyunda meydana çıxmışdı. U-17 və U-19 komandalarının da formasını geyinmiş N.Məmmədov gənclərdən ibarət milli komandanın (U-21) kapitanı da olmuşdu.
N.Məmmədov demişdir: “Əməkdaşlığımızın məhsuldar alınacağına tam əminəm. Məncə, “Rəvan” heç də “Qəbələ”dən zəif deyildir. Baş məşqçi Ramil Əliyevin etimadını qazanmaq üçün məşqlərdə səylə çalışacağam. Təxminən 1 aydan sonra, yəni çempionatda mübarizəyə yenidən start veriləndə əsas heyətin üzvü olacağıma inanıram”.
AzərTAc

Xəbər 1026 dəfə oxundu.