Ronaldodan "Bakı"nın futbolçusuna hədiyyə
Portuqaliya millisi və İspaniya “Real”ının aparıcı oyunçusu Kriştiano Ronlado “Bakı”nın hücumçusu, 19 yaşlılar arasında Azərbaycan millisinə namizəd Valeh Seyidova öz imzası ilə fotosunu hədiyyə olaraq, göndərib.

Şəkil Portuqaliya Futbol Federasiyası vasitəsi ilə Azərbaycan Futbol Federasiyasına oradan isə ünvanına çatdırılıb.

Portuqaliya Futbol Federasiyasının idman direktoru bu yaxınlarda Azərbaycanda səfərdə olub. Bu vaxt o, “Bakı”nın təlim-məşq bazasına baş çəkib. O, 17 yaşlılar arasında oyun zamanı Valeh Seyidovun Ronaldosayağı “fintlə” qolunun görüntüsünü izləyib.

Direktor bildirib ki, Portuqaliyaya qayıtdıqdan sonra bunu Ronaldoya danışıb. Məşhur futbolçu da sözügedən hədiyyəni Valeh Seyidova göndərib.
Qeyd edək ki, Portuqaliya bu ilin martında 2014-cü ildə futbol üzrə dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Azərbaycan millisi ilə Bakıda üz-üzə gələcək.

Prineylilər səfər zamanı “Bakı”nın bazasında məskunlaşacaq. Direktorun sözlərinə görə, onda Ronaldonun Valeh Seyidovla şəxsən görüşəcəyi də nəzərdə tutulub.

Xəbər 858 dəfə oxundu.