Qadın hokkeyçilərimiz Keyptauna yola düşür
Ölkəmizin qadın otüstü hokkeyçilərdən ibarət milli komandası yanvarın 21-dən 27-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində, Dünya Hokkey Liqası turnirinin 2-ci mərhələsində mübarizəyə qoşulacaq.

İdman.com.az saytı azhf.az-a istinadən xəbər verir ki, hokkeyçilərimiz bu məsul yarışa hazırlığı ötən ilin son aylarından başlayıb və hazırda yeni ilin ilk günlərindən Bakıda 2-həftəlik təlim-məşq toplanışıında iştirak edirlər.

Yığmamız yanvarın 16-da səfərə çıxacaq və yerli mühitə 5-günlük uyğunlaşmadan sonra, ayın 21-də start oyununu Qana hokkeyçilərinə qarşı keçirəcək. Ertəsi gün onun rəqibi Avstriya təmsilçiləri olacaq. Yanvarın 23-də istirahət edən yarış iştirakçıları bir gün sonra 3-cü turun oyunlarında qarşılaşacaqlar.

Həmin gün həmyerlilərimiz Litva hokkeyçiləri ilə görüşəcəklər. IV turda, yanvarın 26-da millimiz yarışın ev sahibi - CAR yığması ilə mübarizə aparacaq. Turnirin sonuncu günü isə rəqibimiz Belçika idmançıları olacaq.

Dairəvi sistemlə keçirilən yarışın yekununda ilk 2 yeri tutan komanda Dünya Hokkey Liqası turnirinin 3-cü mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 991 dəfə oxundu.