Özil yenə Almaniyada «ən yaxşı»dır
Madrid «Real»ının türk əslli oyunçusu Məsud Özil alman futbolsevərlərin səsləriylə yenə «İlin milli oyunçusu» seçildi. İdman.com.az saytı xəbər verir ki, 19 min 505 nəfərin səsverməsində ötən il alman yığmasının formasını geyinən 17 futbolçuya səs gəldi. Özil səslərin 32,49 faizini aldı. İtaliya «Latsio»sunun forvardı Miroslav Kloze 13,89 faiz səslə ikinci,

Dortmund «Borussiya»sının gənc ulduzu Marko Reus 13,1 faiz səslə üçüncü pillədə yer aldılar. Səsvermədə həmçinin «Milli komandada ən gözəl qol» kimi Miroslav Klozenin İsveç ilə oynanan dünya çempionatı seçmə matçında hesabı 2:-0-a yüksəldən qolu seçilib. Oktyabrın 16-sındakı qarşılaşma 4:4 hesabı ilə başa çatmışdı.

Keçən il alman millisində 13 oyunda forma geyinən Özil, Messinin birinci olduğu FİFA-nın «İlin futbolçusu» mübarizəsində də 14-cü olaraq, Almaniyadan olan futbolçular arasında birinci oldu. Yarımmüdafiəçi 1089 dəqiqəylə alman yığmasının 2012-ci ildə meydanda ən uzun müddət oynayan oyunçusu olub.

Məsud həmin matçlarda rəqib qapısına 6 qol vurub, bir o qədər də asistentlik edib. Özil «İlin milli oyunçusu» mükafatını Almaniya yığmasının martın 26-da Nürnberqdə Qazaxıstan ilə dünya çempionatı seçmə matçında alacaq. Türk futbolçu 2011-ci ildə də eyni mükafata layiq görülmüşdü.

Xəbər 1034 dəfə oxundu.