Azərbaycan çempionatı davam edir
“Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında boks üzrə Azərbaycan çempionatı davam edir.
Yarışda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən klub və cəmiyyətlərin 216 boksçusu mübarizə aparır.
Turnirin ilk günündə çəkisi 56, 64 və 75 kiloqram olan idmançılar rinqə çıxmışlar. Yarışın favoritləri ilk gündə çətinlik çəkmədən qələbə qazanmışlar. Çempionatda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev ölkə çempionatına qələbə ilə başlamışdır. Ötən il 19-22 yaşlı boksçuların Avropa çempionatında bürünc medal qazanmış C.Çələbiyev Fərid Ağamoğlanovu məğlub etmişdir.
Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev də (64 kq) ilk qələbəsini qazanmışdır. O, milli komandamızın üzvü Mahir Mirzəliyevə qalib gəlmişdir. 2005-ci ilin dünya çempionatının gümüş mükafatçısı Romal Amanov (64 kq) da növbəti mərhələyə vəsiqə qazanmışdır. Təcrübəli boksçu Siyəzən idmançısı Ənvər Hacıyevi üstələmişdir.
2011-ci ildə Bakıda keçirilən dünya çempionatının iştirakçısı Emil Əhmədov (75 kq) mübarizəsiz növbəti mərhələyə yüksəlmişdir. Onun rəqibi Şirvan təmsilçisi Pirverdi İbrahimov rinqə çıxmamışdır.
London Olimpiadasının iştirakçısı Soltan Migitinov (75kq) da ölkə çempionatında ilk qələbəsini qazanıb. O, Rəsul Dibirovu üçüncü raundda nokauta salmışdır.
AzərTAc

Xəbər 965 dəfə oxundu.