Rio-2016 iştirakçılara özünü təqdim edir
Rio de Janeyroda keçiriləcək 2016-cı il Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsi «Rio-2016: MOK-lar üçün açıq gün» keçirib. Bu, milli olimpiya komitələrinin Rio-2016 ya hazırlığı baxımından ilk tədbir idi. Mərasimdə Avstraliya, Kanada, Tayvan, Çex Respublikası, İran, Yaponiya, Rusiya, Santa Lüsiya, Serbiya, Cənubi Afrika Respublikasından nümayəndələr qatılıb.

Təşkilatçılar bu tip tədbirləri həm tarixi aspektdən, həm də yaxın-uzaq ölkələrin hazırlığı baxımından əhəmiyyətli addım sayırlar. Nümayəndələr yarış məkanları və olimpiya kəndi ilə ətraflı tanış olublar.

Rio-2016-nın təşkilat komitəsinin prezidenti Karluş Artur Nuzman deyir:
- Bu, Oyunlarının təşkilat komitəsi və milli olimpiya komitələri arasında əməkdaşlığın mühüm mərhələsidir. Çalışırıq ki, bu ilk görüş və bundan sonrakı tədbirlər komitələrin ilkin planları üçün faydalı olsun. Ümid edirik ki, dünyanın böyük idman hadisəsini mümkün ən yaxşı tərzdə keçirək və hamı bizdən razı qalsın. Axı, Cənubi Amerika üçün bu idman bayramı ilk böyük hədiyyədir.

Milli komitələrdən gəlmiş 30 üzv yarış məkanlar, hazır arenalarda olaraq, bəzi yarışların hələ inşası davam edən komplekslərinə də baş çəkiblər. Onlara məskunlaşma, nəqliyyat və təhlükəsizliklə bağlı məlumatlar təqdim olunub.

İştirakçılar, əsasən, Kopakabana rayonunda yerləşəcək yarış yerlərini – «Qloria Marina», «Flamenqu Park», məşhur Kopakabana çimərliyi, voleybol meydançalarını, «Kopakabana Fort» və «Rodriqu de Freytaş Laqu»nu ziyarət ediblər.

Ertəsi onlar Deodoru, Marakana və Barra da Tijukandakı obyektlərə baş çəkiblər.

Bu kimi tədbirlər dünyanın bütün milli olimpiya komitələri üçün təşkil olunacaq.

Xəbər 883 dəfə oxundu.