Berti Foqts üçün əlamətdar gün
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun həyatında əlamətdar gündür. Almaniyalı mütəxəssis 66 yaşını qeyd edəcək.

Ötən qış 65 illik yubileyini dünyanın ən gözəl şəhərlərindən olan Dubayda keçirən çalışdırıcı hətta Azərbaycandakı dostlarını da ora dəvət etmişdi. Bu dəfə vətənində olan Foqts doğum gününü yaxınlarının ətrafında keçirəcək.

Almaniyalı artıq 5-ci ildir millimizin “sükanı arxası”ndadır. Belə ki, 2008-ci ilin aprelin əvvəlində yığmamıza baş məşqçi təyin olunan Foqtsun ad gününün vaxtı yeni il ərəfəsində olduğundan, heç vaxt ölkəmizdə olmur.

Millimizin çalışdırıcısı futbol karyerası vaxtı bir kluba sadiq olanlardandır. Belə ki, keçmiş sağ cinah müdafiəçi Mönhenqladbax “Borussiya”sının şərəfini 15 il qoruyub. Ancaq Foqtsun klub karyerasını uğurlu saymaq olmaz. Çünki heç bir titul – nə Almaniya çempionluğunu, nə də kuboku qazanıb.

Əvəzində Foqts Almaniya millisinin heyətində çıxış etdiyi ardıcıl 2 mötəbər turnirdə çempionluq sevinci yaşayıb. Bunlar 1972-ci ildə Avropa, 2 il sonra dünya çempionluğudur. Onun futbolçu kimi medal kolleksiyasında 1970-ci ildə dünya çempionatının bürünc, 1976-cı ildə Avropa çempionatının gümüş mükafatı da var.

Foqts baş məşqçi kimi də öz sözünü deyə bilib. Təsadüfi deyil ki, ona Bundestimin baş məşqçisi vəzifəsini daşımaq və ən əsası, bu ampluada da titul qazanmaq nəsib olub. Söhbət 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının qalibi olmağından gedir. Ancaq bu, Foqtsun məşqçi kimi yeganə tituludur. O, 1990-98-ci illərdə çalışdırdığı Bundestimlə Avropa çempionatının gümüş medalını (1992-ci ildə) da qazanıb.

Millinin “sükanı”nı 1990-cı ildə dünya çempionluqdan sonra əfsanəvi Frants Bekkenbauerdən alan Foqtsu yığmadan Xorvatiya millisi çıxarıb. Belə ki, çalışdırıcı 1998-ci ildə Fransada keçirilən dünya çempionatının 1/4 finalında 0:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Bundan sonra 2 il işsiz qalan Foqts yenidən vətənində çalışıb. Ancaq 2000/01 mövsümündə “Bayer”lə uğur qazana bilməyib ki, bu da onun hələlik məşqçilik karyerasında yeganə klubdur.

2001-02-ci illərdə Küveyt, 2002-04-cü illərdə Şotlandiya, 2007-08-ci illərdə Nigeriya yığmasında işi uğursuz alınan Foqts milli komandamızın tarixinə nəticə baxımından düşə bilib. Belə ki, o, iş başında olduğu hər 2 seçmə mərhələdə rekord edib. İlk seçmə mərhələdə (DÇ-2010) 5 xal toplayaraq, azərbaycanlı həmkarları İqor Ponomaryovla Şahin Diniyevin rekorduna şərik çıxan Foqts bundan sonra mütləq rekordçu olub.

Bu da Avro-2012-də 7 xal toplamağıdır. AFFA rəhbərliyinin müqaviləni 2013-cü ilin sonuna kimi uzatdığı Foqts cari seçmə mərhələsində də iş başındadır. Onun rəhbərliyi altında 4 rəsmi oyunda 2 xal qazanmışıq.

Xəbər 1108 dəfə oxundu.