Bəhramini soydular
«Napoli»nin oyunçusu Valon Bəhraminin başına xoşagəlməz hadisə gəlib. İdman.com.az saytının məlumatına görə, isveçrəli futbolçu avtomobildə Neapolun gözəlliyini heyranlıqla izləyirmiş. Gözəl binalar və mənzərələr onu cəlb etdiyi bir məqamda, futbolçunun sakitliyini naməlum şəxslər pozublar.

Bəhrami işıqforun qarşısında maşınını saxlayarkən iki nəfər motosikldə yaxınlaşaraq nəzakətli şəkildə avtomobilinin şüşəsini döyüb. Bəhrami pəncərəni açdıqdan sonra onlar futbolçudan bahalı saatını istəyiblər.

Çağırılmamış qonaqlar fikirlərinin ciddi olduğunu sübut etmək üçün futbolçuya tapançalarını da göstəriblər. Bunu görən Bəhrami onlarla mübahisə etməmək qərarına gəlib və saatını qarətçilərə verib. Cinayətkarlar saatı götürdükdən sonra aradan çıxıblar. Bəhrami dərhal hadisə barədə polisə xəbər verib.

Bu, «Napoli»nin futbolçularının və onların ailə üzvlərinin başına gələn ilk belə hadisə deyil. Daha öncə belə hadisələr yarımmüdafiəçi Marek Hamşikin və hücumçu Edinson Kavaninin xanımlarının, eləcə də daha bir hücumçu Ezekiel Lavessinin özünün də başına gəlib. Sonuncu həmin hadisədən sonra PSJ-yə köç etməyə tələsib.

Xəbər 843 dəfə oxundu.