Dənizkənarı Milli Parkda velosipedçilərin yürüşü keçirilib
AVİF Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni il bayramını qeyd edib

Ölkəmizdə velosiped idmanının kütləviləşdirilməsi və gənclərin sağlam ruhda tərbiyə olunmasına öz töhfəsini vermək, son bir ildə dirçəliş dövrünü yaşayan Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) fəaliyyətinin əsas istiqamətlərindəndir. Dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Dənizkənarı Milli Parkda velosipedçilərin növbəti yürüşü keçirilib. Tədbirdə qışın gəlişini simvolizə edən şaxta baba və qar qız geyimli velosipedçilər yürüşdən sonra kiçik yaşlı uşaqlara hədiyyələr paylayıb, onlara bayram sevinci bəxş ediblər. Şəhər sakinləri təxminən 1 saat davam edən bu aksiyanı maraqla qarşılamış, sovqatlar körpələrin sevincinə səbəb olub.

Qeyd edək ki, AVİF bu tip sosial aksiyaları davamlı olaraq keçirməklə idmanın bu növünə olan marağın artırırlmasına çalışır. Məlum olduğu kimi, 2012-ci ilin may ayında ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə ilk beynəlxalq velosiped turu keçirilib. Bu turda 17 ölkədən 20 komanda iştirak edib. Heydər Əliyev turundan sonra ölkənin bütün regionlarında da respublika əhəmiyyətli velosiped yarışları təşkil olunub. Cari ilin sentyabr ayında Azərbaycan velosipedçilərindən ibarət milli komanda ilk dəfə olaraq Niderlandda təşkil olunan 48-ci Avropa Velosiped Turunda və Avropa çempionatında çıxış ediblər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq velosipedçimiz Elçin Əsədov və Toğrul İsgəndərov velosiped idmanı üzrə dünya çempionatına vəsiqə qazanaraq bu mötəbər turnirdə iştirak ediblər.

Bütün bunların nəticəsidir ki, Azərbaycan Velosiped İdmanı Federasiyası Milli Olimpiya Komitəsinin orqanı - “Olimpiya dünyası” qəzetinin nəşri olan “Olimpə doğru” jurnalı tərəfindən 2012-ci ildə "İlin ən fəal federasiyası" nominasiyasında 1-ci yeri tutub.

Xəbər 1111 dəfə oxundu.