“Lokomotiv” qış fasiləsində
“Lokomotiv” qış fasiləsində heyətini gücləndirməkdə davam edir. Çempionlar Liqasında debüt ilində pley-offa qrup qalibi kimi yüksələn “dəmiryolçular” birdən-birə 2 voleybolçunu heyətinə qatıb. Bunlar hollandiyalı Maret Qrotues və rusiyalı Yuliya Tsvetkovadır (Andruşka). Onların hər ikisi ilə mövsümün sonuna kimi razılıq əldə olunub.
24 yaşlı Maret 4-cü zona oyunçusudur. 180 sm boya malik hücumçu solaxaydır və “Lokomotiv”ə mövsümün əvvəlində keçdiyi İtaliya “Giaveno”sundan gəlib. Bundan öncə o, “Krikkers” (1996-1997, 2003-2004), “Polluks” (2004-2006), “Lonqa” (2006-2008), “Martinus Amstelveen” (2008-2009), TVC Amstelveen (hamısı Hollandiya, 2009-2011) və “Parma” (2011-2012, İtaliya) klublarının şərəfini qoruyub.

Qrotuesin titulları əsasən ölkəsi ilə bağlıdır. Yeni transferimiz 2 dəfə Hollandiya çempionu (2009, 2010), ölkə kuboku (2009, 2010) və Superkubokunu (2008, 2009) qazanıb. 2008-ci ildən millisində 95 oyuna çıxaraq, 2009-cu ildə Avropa çempionatının gümüş medalını qazanıb və 1 il sonra dünya çempionatında topu oyuna ən yaxşı daxil edən seçilib.
Ondan fərqli, Tsvetkova elə də güclü voleybolçu hesab olunmur. Maretlə eyni mövqedə oynayan rusiyalı Saratov “Proton”undan transfer edilib. 27 yaşlı, 198 sm boya malik voleybolçu Sankt-Peterburq “Leninqradka”sında da çıxış edib.
Qeyd edək ki, “Lokomotiv” Çempionlar Liqasının I pley-off mərhələsində “Azərreyl”lə qüvvəsini sınayacaq.

Xəbər 1288 dəfə oxundu.