Del Boske təqaüdə hazırlaşır
İspaniya yığmasının baş məşqçisi Visente del Boske bildirib ki, ölkə millisi onun karyerasında son iş yeri olacaq. İdman.com.az saytının məlumatına görə, srağagün 62 yaşını qeyd edən mütəxəssis futbol tarixində dünya çempionatı, Avropa çempionatı və Çempionlar Liqasını qazanmış yeganə məşqçidir.

Del Boske «Real»a hələ 18 yaşında ikən klubun ovaxtkı prezidenti Santyaqo Bernabeunun dəvəti ilə düşüb. Ancaq klub başçısının dəvəti hələ əsas heyətdə yer almaq demək deyil. Visente məşhur klubun formasını geyinmək üçün özünü 6 il müddətində sübut etməli olub. Bü müddət ərzində o, hücumçu mövqeyindən orta xəttə keçib.

Komandada del Boske böyük nüfuza sahib idi. Fanatların isə sevimlisi idi. Özünün ən yaxşı oyununu 1077-1978-ci illər mövsümündə «Barselona»da keçirib. Əsas heyətdə oynaya-oynaya del Boske hələ 27 yaşında ikən məşqçilik lisenziyası alıb. Oyunçu karyerasını başa vurduqdan sonra klubun yeniyetmələr və gənclər komandalarını çalışdırıb.

«Real»ın rəhbərliyi yüksək maaşlı əcnəbi məşqçiləri sıralamaqdan yorulduqdan sonra əsas komandanı del Boskeyə tapşırdılar. Yüksək səviyyədə peşəkr futbolda ilk iki ilində o, iki İspaniya çempionluğu və iki Çempionlar Liqası zəfəri qazandı. Ancaq sonrakı «Beşiktaş»la işi ona şöhrət gətirmədi. Del Boske İstanbul klubundan ona düşən pulları məhkəmə yolu ilə almalı olub.

İspaniya yığmasının 2008-ci il qitə zəfərindən sonra del Boske ölkəsinin millisinin sükanında Luis Araqonesi əvəzləyib. Sonrakı 4 ildə o, yığma ilə hər iki böyük turniri – həm 2010-cu il dünya çempionatını, həm də builki qitə çempionatını qazanıb. Belə uğurlu məşqçini təbii ki, yığmadan uzaqlaşdırmaq istəyələr. Ancaq məşqçi özü 2014-cü il dünya çempionatından sonra istirahətə getmək istəyir. «Marca» məşqçinin öz sözlərini oxucularına çatdırır: «İspaniya yığması mənim məşqçilik karyeramda sonuncu iş olacaq».

Ancaq nəzərə almaq lazımdır ki, ona Doxadan, Mexikodan və Mahaçqaladan maliyyə cəhətdən çox cəlbedici təkliflər var. Dahi məşqçilər isə tez-tez öz qərarlarını dəyişərək yeni çağırışlara gedirlər.


Xəbər 983 dəfə oxundu.