Ronaldu: «Yalnız fərdi mükafatları düşünərək yaşaya bilmərəm» - MÜSAHİBƏ
«Təbii ki, qalib gəlmək istəyirəm, ikiüzlülük edib yalan danışmayacağam. Bu, mənim həvəslə istədiyim bir şeydir. Ancaq birinciliyə nail olmayacağım təqdirdə bunun son olduğunu düşünə bilmərəm» - deyə Kriştianu Ronaldu «Qızıl top»a öz münasibətini açıqlayıb.
İdman.com.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının saytına müsahibəsində Madrid «Real»ının oyunçusu «Qızıl top» uğrunda mübarizədə qələbənin vacibliyini inkar edib:

- Növbəti dəfə siz «Qızıl top»a namizəd finalçılar sırasındasınız. Necə düşünürsünüz, La Liqada «Real»la çempionluğa yüksəldikdən və Avropa çempionatında Portuqaliya yığmasıyla yarımfinala çıxdıqdan sonra 2008-ci ildən bəri ikinci mükafatınızı alacaqsınızmı?
- Yalnız fərdi mükafatları düşünərək yaşaya bilmərəm. Bu, ədalətli olmazdı. Karyera fərdi mükafatlardan daha çox komanda mükafatları ilə müəyyən olunur. Qərar məlum olduğu halda mən, yəqin ki, şad olacağam, ya da məyus olacağam. Lakin bu, həyatın qanunudu. Əgər qalib gəlsəm, bu əla olar. Qalib gəlməsəm də buna sakit yanaşmaq lazımdı. Axı, həyat davam edir və mən də olduğum insan olaraq da qalacağam.
Təbii ki, qalib gəlmək istəyirəm, ikiüzlülük edib yalan danışmayacağam. Bu, mənim həvəslə istədiyim bir şeydi. Ancaq birinciliyə nail olmayacağım təqdirdə bunun son olduğunu düşünə bilmərəm. Ədalətli olsa da, olmasa da, nə olmalıdısa, o da olacaq. Buna görə də, sakit yaşayaraq xoşbəxt olmaqda davam etmək lazımdır.

- Milli komandada və «Real»da oynayarkən eyni hislərimi yaşayırsınız?
- Bunlar fərqli hisslərdir. Qələbə ehtirası bənzər olsa da, bunu ölkən üçün edəndə hisslər daha qabarıq önə çıxır.

- Yığmada artıq 100 oyun keçirmisiniz. Bu göstəriciyə yalnız Luiş Fiqu və Fernando Koutu çata bilib.
- Yığmada olmaq mənim üçün uğurdu və təsadüfi deyil ki, bu yaxınlarda həmin həddə çata bilmişəm. 27 yaşımda ikən buna çatmağım mənim üçün unikal bir haldı. Hazırda mən kapitanlardan biriyəm və bu mənə həm sevinc gətirir, həm də qürur. Yığmada daha çox oyun keçirmək və bir oyunçu kimi səy göstərərək, Portuqaliyanı maksimum yüksək nəticəyə çatdırmağa çalışmaq istəyirəm.

- Millinin tarixində ən yaxşı bombardir olmaq istəyinizi nəzərdə tutursunuz?
- Hər şey təbii olur. Mənim üçün ən vacibi ölkəm üçün nəsə qazanmaqdır. Çünki fərdi rekordlar nisbi bir şeydi. Bu bizim son illər uğrunda çalışdığımız bir andır. Bizə yalnız mükafat qazanmaq qalır.

- Portuqaliyanın dünya və ya Avropa çempionu olmasını mümkün hesab edirsiniz?
- Bilirəm ki, bu, çətindi və mürəkkəb bir vəzifədi. Lakin biz artıq 2-3 dəfə vacib nəyəsə çatmağa yaxın olmuşun. Son Avropa çempionatında biz qələbəni İspaniya ilə oyunda sadəcə penaltilərdə əldən verdik. Titula çatmaq üçün həmişə bir qədər bəxt də lazımdır – yığmada da, klubda da. Son illərdə bizə məhz bu çatmayıb.

- Portuqaliya yığmasında debütünüzü necə xatırlayırsınız? Bu, 2003-cü il avrqustun 20-də Skolari ilə birgə Qazaxıstan yığmasına qarşı oyun idi.
- Çox əsəbilik keçirirdim. «16» nömrəli köynək geyinmişdim. Ehtiyatda oturub düşünürdüm ki, debüt edə biləcəyəm. Belə də oldu. Bu mənim yığmada ən gözəl xatirələrimdir.

- İndi Portuqaliya dünya çempionatı seçmələrində qrup üçüncüsüdür. Lider Rusiyadan 5 xal geri qalır.
- Bilirik ki, hər dəfə səhvə haqqımız azalır. Biz artıq xal itirə bilmərik. Düşünürəm ki, komanda heç də yaxşı olmayan bu dövrü adlaya biləcək. Ötən illərdə komanda artıq seçmələrin çətinliklərini adlaya bilmişdi. Bu cür hal son 10 ildə baş verir. Düşünürəm ki, bundan sonra da bu, baş verəcək. Ancaq ümid edirəm ki, növbəti il uğurlu olacaq.

- Bu yolu asan etməyin yolu hansıdır?
- Ən əsası birlik, oyunçular, məşqçi və prezident arasında komanda ruhudur. Həmişə belə olub, belə də olacaq. Avropa çempionatından dönəndən sonra biz diqqətimizi dünya çempionatına yönəltməliyik.


Xəbər 955 dəfə oxundu.