«İdman ili»nə «Buta»da yekun vuruldu
Bu il Azərbaycan idmanı üçün düşərli oldu. Mötəbər beynəlxalq arenalarda qazanılan uğurlara London zəfəri xüsusi rəng qatdı. İlk dəfə olaraq olimpiyaçılarımız «dördillik»də 10 medal qazandılar. Müstəqilliyimizin ilk oyunları – Atlanta-1996-da 1 mükafatla təməli qoyulan uğur zolağının zirvə məqamı Dumanlı Albionda baş verdi. Britaniya paytaxtında qələbə tək medalların say hesabı ilə bitmirdi. Əyar da ilk dəfə ən yüksəkdə idi: 2 qızıl, 2 gümüş və 6 bürünc medal! Məncə, bu, həm də ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci ildə elan olunmuş «İdman ili»nə gözəl bir hədiyyə oldu.

Qazanılan uğurlar hər ilin sonunda Gənclər və İdman Nazirliyinin təşkil etdiyi mükafatlandırmada öz əksini tapdı. Dünən “Buta Palas”da keçirilmiş mərasimdə əksər idman ictimaiyyəti nümayəndələri bir araya gəldi. Dövlət himni səsləndirildikdən sonra tədbir açıq elan olundu. İştirakçılar 20 dəqiqəlik video-çarxda ölkəmizin keçdiyi uğurlu yolu bir daha nəzərdən keçirdilər. Daha sonra nazir Azad Rəhimov 2012-ci ildə Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda qazandıqları uğurlardan, gənclər siyasəti sahəsində nailiyyətlərdən və London Olimpiadasında milli komandamızın əldə etdiyi müvəffəqiyyətdən danışdı. Nazir dedi ki, şübhəsiz, bu müvəffəqiyyətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, onun layiqli davamçısı - ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

- Bu il Azərbaycan idmanı üçün əlamətdar oldu. London Yay və Paralimpiya Oyunlarında yüksək nəticələr qazandıq. Bu qələbələrdə şahmatçıların xüsusi payı var. Bakının «SOCAR» klubu ilk dəfə Avropa kubokuna yiyələndi. FİDE-nin konqresində 2015-ci ildə şahmatçıların dünya kuboku, bir il sonra keçiriləcək şahmat olimpiadası paytaxtımıza həvalə olundu. Avropa Olimpiya Komitəsinin çıxardığı qərar da bizi sevindirdi. 2015-ci ildə ilk dəfə təşkil ediləcək Avropa Olimpiadası Azərbaycana etimad edildi. Bu il idmançılarımızın qazandıqları medalların sayı yenə yeddi yüzü ötdü. Əldə olunan uğurlar onu göstərir ki, biz düz yoldayıq.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında, gələn il də uğurların yüksək olacağına inandığını bildirdi. Qeyd etdi ki, ilbəil yeni itikilən idman kompleksləri atletlərimizin yüksək şəraitdə məşq keçmələrinə şərait yaradır. Bu da beynəlxalq yarışlarda özünü göstərir – nəticələrimiz yüksək olur.
Çıxışlar bitdikdən sonra gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev və baş katibi Ağacan Abiyev 2012-ci ildə fərqlənən idmançılara, idman xadimlərinə, federasiyalara, jurnalistlərə mükafatlar təqdim etdilər.

Xəbər 2025 dəfə oxundu.